190 manat sentyabrda da veriləcəkmi? - AÇIQLAMA
20-08-2020, 15:14

Azərbaycanda 13 rayon və şəhərdə sərt karantin rejimi tətbiq edilir. Bu ərazilərdə yaşayan şəxslərə avqust ayında 190 manat birdəfəlik müavinətin verilməsi barəsində qərar qəbul edilib. Son günlərdə ölkə ərazisində koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur. Sentyabr ayında da sərt karantin rejimi davam edərsə, 190 manat birdəfəlik müavinət veriləcəkmi?
KONKRET.az-ın bu sualını şərh edən deputat İlham Məmmədov sentyabr ayında 190 manatın verilib-verilməyəcəyi haqda məlumatsız olduğunu dedi:
“Ancaq bilirəm ki, sentyabrın 15-dən sonra məktəblərin açılıb-açılmaması məsələsi müzakirə olunur, çünki Operativ Qərargah tərəfindən epidemoloji vəziyyət və yoluxanların artım-azalma dinamikası analiz edilir. Əgər məktəb açılarsa, hərəkətlilik çox olarsa, yoluxma halı da arta bilər. Bunu nəzərə alaraq Operativ Qərargah hansı qərarı verəcəksə, təbii ki, ona da əməl olunması vacibdir. Məktəblərin açılamasına görə sentyabr ayında da 190 manat verilməsi məsələsi hələlik gündəmdə deyil. Ona görə ki, məktəblərdə kitablar pulsuz verilir və qəbullar müasir qaydada aparılır”.
İlham Məmmədov sentyabr ayı üçün proqnoz verməyin hələ tez olduğunu bildirdi:
“Hər həftə Operativ Qərargahın müəyyən etdiyi qaydalar olur. Biz bu barədə Operativ Qərargahın sentyabr ayı üçün verəcəyi qərardan sonra danışa bilərik. Hazırda Operativ Qərargah rayonlara gediş-gəlişi, iri ticarət mərkəzinin açılması məsələsini müzakirə edir”.