Azərbaycanda xəstəxana direktoruna cinayət işi açıldı: Saxta tabel yazıb, maliyyə vəsaitini...

28-08-2020, 14:09           
Azərbaycanda xəstəxana direktoruna cinayət işi açıldı:
Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək, qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.
Baxar.az xəbər verir ki, bununla bağlı Saatlı Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, həmin tədbirlərdən biri kimi, “Saatlı rayon Mərkəzi Xəstəxanası” publik şəxsin direktoru Səidə Şahpələngovanın qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Səidə Şahpələngovanın direktoru olduğu xəstəxanada bəzi işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitini təyinatı üzrə istifadə etməyərək, əsassız olaraq xərcləməsinə, bəzi həkim və tibb bacılarının işə gəlmədiyi halda saxta tabel yazılmaqla onlara əməkhaqqı ödənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru