Yerüstü piyada keçidi niyə italyana həvalə olunub? – Azərbaycanlı memar etiraz etdi
10-09-2020, 18:16
Yerüstü piyada keçidi niyə italyana həvalə olunub? Dünən Bakıda Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidinin açılışı olub.
Cebhe.info-nun xəbərinə görə, memar Aytəkin İmranova bu layihənin xarici memara verilməsi ilə bağlı rəyini bildirib:
“Nə qədər strateji obyektdir, deyə bilmərəm. Amma məndə etiraz doğurdu ki, hətta belə məişət səviyyəli quruluşun layihələnməsi belə italyan memara həvalə olunub. Güya opera binası tikilir. Bizim memarlıq fakultəmiz var, təcrübəli memarlar İranda, Türkiyədə, Rusiyada çalışırlar. Mən abidələrin bərpası ilə bağlı elmi- bərpa institutunda 12 il işləmişəm. Orada işləyənlərin çoxu xaricdə iş təcrubəsinə malik idilər. Piyada keçidi nə məsələdir ki, xaricdən mütəxəssis gətirirlər, bizimkilərə ayıb olmurmu?”.
Aytəkin İmranova bildirir ki, adətən bütün dünyada şəhərlərin tərtibatı ilə bağlı olaraq, estetik xarakter daşıyan və insanların davamlı olaraq gözü qabağında olan obyektlər üçün müsabiqələr keçirilir:
“Açıq formada, müzakirələr və ictimai iştirak olmaqla. Bizdə isə “torbada pişik var”. Şəhərin memarlığı bir yekdillik daşımalı, bir-biri ilə əlaqəli olmalı, bina, körpü və park, bu yeknəsəllik olmalıdır”.