Kərəm Həsənov kimə meydan oxudu? - “Ortaq düşmən”lərə qarşı birgə mübarizə
1-02-2016, 21:30
Prezident kimlərə mesaj verdi: Külli miqdarda dövlət əmlakını əldə etmək istəyənlər...
Hələ bir müddət bundan əvvəl "Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Baş Prokurorluqda dindirilməsi barədə məlumatlar yayılmışdı. Lakin yayılan xəbərin mürəkkəbi qurumamış dərhal adı gedən qurumdan təkzib gəldi.
Guya ki, məlumatlar böhtan xarakteri daşıyır və bilərəkdən yayılır: "Belə məlumatlar bir sıra qərəzli və külli miqdarda dövlət əmlakını əldə etmək istəyən, lakin buna Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən imkan verilməyən şəxslər tərəfindən qəsdən saytlara ötürülür. Bu cür şayiələr yaymaq Əmlak Məsələləri Dövlət Komitəsinin qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinə və nüfuzuna xələl gətirmək məqsədi və sabotaj xarakteri daşıyır”, - deyə rəsmi təkzibdə qeyd olunurdu.
Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsinin sözçüsünün ittiham xarakterli təkzibi ünvanlıdır. Yəni Kərəm Həsənov mətbuata onun barəsində məlumatların kim tərəfindən ötürüldüyünü bildiyini elan edir. Söhbət kimdən və ya kimlərdən gedir, dəqiqliklə deyə bilmərik, lakin istənilən halda K.Həsənovun adının MTN ətrafında baş verən hadisələrdə hallanması təbiidir.
Məsələ ondadır ki, keçmiş MTN başçısı Eldar Mahmudovla Kərəm Həsənovun münasibətləri çox yaxşı olub və hətta onların biznes şərikliyi haqda da iddialar var.
teref.az yazır ki, Miq.az-a daxil olan məlumata görə, Eldar Mahmudovla Kərəm Həsənovun "ortaq düşmən”lərinə qarşı birgə mübarizə apardığı barədə ciddi iddialar var.
Belə ki, K.Həsənov keçmiş MTN rəhbəri ilə münasibətlərindən xüsusi məmnunluq duyduğunu heç vaxt gizlətməyib. Təsadüfi deyil ki, Kərəm Həsənovun qızının 2 il əvvəlki toyunda Eldar Mahmudov əvvəldən axıradək iştirak edərək, bir növ komitə sədri ilə xüsusi münasibətlərini qəsdən "ortaq düşmənlərə” də nümayiş etdirib.
Bu iki iri məmur-oliqarxı başqa "işgüzar” münasibətlərin də bir araya gətirdiyi barədə isə mətbuat bugünlərdə yazmağa başlayıb. Söhbət daşınmaz əmlaklar, onların sahiblərilə bağlı MTN-çiləri maraqlandıran məlumatların Kərəm Həsənov tərəfindən onlara təqdim olunmasından gedir.
Kərəm Həsənovla Eldar Mahmudovun daha bir ortaqlığı isə ötən il "AzPolitika.info” saytında Əmlak Məsələləri Dövlət Komitəsinin və şəxsən Kərəm Həsənovun fəaliyyətinə dair dərc olunan silsilə yazılara görə komitənin keçmiş işçisinin həbsi və bu həbs üzərində rəqiblərin sıradan çıxarılmasına hesablanmış uğursuz əməliyyatın keçirilməsi olmuşdu. MTN polkovnikinin intiharı ilə bitən bu uğursuz əməliyyatın da şokedici detalları Eldar Mahmudovun işdən azad olunmasından sonra üzə çıxıb.
Mənbənin sözlərinə görə, Eldar Mahmudovun zərərsizləşdirilməsindən və ən etibarlı adamlarının həbsindən sui-istifadə edən qüvvələr Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla "ildırımsürətli” haqq-hesab çəkmək istəyiblər. Və buna nə dərəcədə nail olub-olmayacaqlarını isə zaman göstərəcək.
Kərəm Həsənov MTN işindən təşvişə düşüb...
Ötən dəfəki yazımızda Kərəm Həsənovla bağlı bəzi nüanslara toxunmuşduq. Qərib Məmmədovun «vurulmasında» komitə sədrinə kimlərin yardım etməyindən tutmuş "8-ci km” bazarının özəlləşdirilməsinə kimi... Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun "MTN işi”ndən ciddi şəkildə narahat olduğu və bundan əndişələnməsi ilə bağlı bir sıra internet portallarında da dolğun informasiyalar getmişdi.
Bu barədə mediaya məlumat verən mənbə qeyd edib ki, Kərəm Həsənovun Eldar Mahmudovla ciddi şəkildə işbirliyi olub. Iddialara görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin əhəmiyyətli hissəsinin Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsində də Eldar Mahmudovla onun yaxın qohumu, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun müstəsna xidməti olub.
Mənbənin sözlərinə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun da Mahmudovla münasibətləri yaxşı olmayıb. Ona görə də Mahmudov- Əsədov cütlüyü ilk fürsətdə Qərib Məmmədovu sıradan çıxarıb onun səlahiyyətlərinin məhz ASAN Xidmətə deyil, Kərəm Həsənova ötürülməsinə nail olublar.
Onu da qeyd edək ki, Eldar Mahmudovla Əli Əsədovun yaxın münasibətdə olması ilə bağlı xeyli informasiyalar yayılıb. Kərəm Həsənov da Eldar Mahmudovun çətiri altına keçdikdən sonra məhz onun özü ilə hesablaşırmış. Vəziyyətin gözlənilımədən dəyişməsi Həsənovu çılxılmaz vəziyyətə salıb. İndi də Kərəm Həsənov narahatdır ki, "MTN işi”nə görə onu da "vura” bilərlər. Beləliklə, Həsənov suyu qurumaqda olan gölə bənzəyir. Necə deyərlər, bu xəmir hələ çox su aparacaq.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az