Zərdabda "Heydər parkı" satışa çıxarıldı - ŞOK SƏNƏDLƏR - FOTOLAR
3-02-2016, 16:36
Bu cür açıqlamaların verilməsi məhz ona hesablanır ki, adı olan, özü isə inşa olunmayan “Sahil Parkı”nın tikintisi ilə bağlı büdcədən 60 min manat vəsait ayrılır və çox keçmədən də mənimsənilir “Gündəm Xəbər” qəzeti olaraq, daim sosial problemlərin əmələ gəlmə səbəblərinə, məmur özbaşınalığına, süründürməçilik amillərinin tüğyan etməsinə və.s diqqətlə yanaşıb, onların ictimailəşməsinə də çalışırıq. Çünki, bu cür problemlərin gündəmə gətirilməsi, əksər hallarda problemlərin həlli ilə də nəticələnir. Son anda qazanan xalqımız və dövlətimiz olur ki, bu da gələcək həyatımızın təminatına və inkişafına göstərilən dəstək olur. Son aylar isə, redaksiyamıza daxil olan məlumatlar sırasında bölgələrdə yaşanan sosial problemlərin varlığı, vəzifə sahiblərinin vəzifələrindən ikiəlli yapışmaları, onların şəxsi maraqlarının təminatı naminə müəyyən addımlarını atmaları və.s kimi problemlər, daha çoxluq təşkil etməkdədir.
Məsələn, qəzetmizin ötən sayında Zərdab rayonunda yaşanan bir neçə xoşagəlməz olaydan bəhs etmişdik ki, bu gün də yaşanan problemlər müzakirə olunmaqdadır. Yəni, yazıb o məqama toxunmuşduq ki, icra başçısı cənab Lütfəli Babayev, adicə Əlvənd kənd orta məktəbinin təmir-tikintisi ilə bağlı büdcədən 93 min manat vəsaitin ayrılması ilə bağlı sərəncam imzalasa da, həmin vəsaitin cəmi 20 min manatı xərclənir. “Gündəm Xəbər”ə məlumatı verən mənbə bildirir ki, ayrılan vəsaitin həcmi yuxarıda qeyd etdiyimiz kimi, ümumilikdə 93 min manat olsa da, onun 73 min manatı mənimsənilir. Bu yöndə müəyyən araşdırmalar aparılarsa, o halda yəqin ki, əsl həqiqət də aşkara çıxar.
Çünki, məlumatı verən mənbə bildirir ki, məktəbin tikintisi və təmiri zamanı olduqca ucuz və keyfiyyətsiz materiallardan istifadə olunur və onun ümumi görnüşünə diqqət yetirərkən, açıqlamasını söylədiyimiz faktlar öz təsdiqini tapar. Digər tərəfdən onu da açıqlamışdıq ki, ölkə rəhbərinin iştirakı ilə 08 oktyabr 2012-ci il tarixdə açlışı olmuş Heydər Parkının 120kvm-lik ərazisini Lütfəli Babayev, 31 oktyabr 2012-ci il tarixdə imzaladığı 113 nömrəli sərəncam ilə, Məlikov Böyükkişi Elbrus oğluna 50 min manata satıb. Ərazini ələ keçirən şəxsin isə, vəhabi dini təriqəti ilə bağlı olmasını da vurğulamışdıq.
Diqqəti cəlb edən hal odur ki, Lütfəli Babayev neçə illər icra başçısı olub və bu gün də icra başçısı vəzifəsini daşımaqdadır. Yəqin ki, onun yaşayışını, müəyyən təminatlarını və.s ödəmək üçün, kifayət qədər var-dövləti də var. Bu belə olduğu halda, görəsən onu nə vadar edib ki, ulu öndərin adını daşıyan parka qənim kəsilir. Yəqin ki, o belə bir addımı ilə həm gündəmi zəbt edir, həm də bu dövləti quran, siyasi sabitliyi təmin edən və bu gün də əmin-amanlıq şəraitində yaşamağımıza səbəbkar olan bir şəxsə qarşı, bu cür yanaşmasını ortaya qoyur. Məlumatlı mənbə onu da vurğulayır ki, “icra hakimiyyətindən verilən açıqlamalarda o da bildirilir ki, guya Kür çayının sahilində yeni “Sahil Parkı” salıblar. Amma reallıq odur ki, yaxın dövr ərzində adı çəkilən ərazidə heç bir park salınmayıb. Bu gün nümayiş etdirilən park isə, hələ sovet dönəmində inşa olunan parkın görnüşüdür. Bu cür açıqlamaların verilməsi məhz ona hesablanır ki, adı olan, özü isə inşa olunmayan “Sahil Parkı”nın tikintisi ilə bağlı büdcədən 60 min manat vəsait ayrılır və çox keçmədən də mənimsənilir.
Hələ, bu azmış kimi ulu öndər Heydər Əliyevin adını daşıyan parkda da, guya təmir işləri aparılıb adı ilə, bu günədək külli miqdarda vəsaitlər də mənimsənilib. Bütün bunlar, Zərdab rayonunda yaşanan çoxsaylı problemlərdən yalnız bir neçəsidir. Bəli, belə bir problemləri qabartmaq, onları daha geniş ictimaiyyətin diqqətinə çatdırmaq, “Gündəm Xəbər” qəzetinin əməkdaşı olaraq peşə borcumuz olduğundan, bu gün belə bir araşdırmalarla çıxış edirik. Qəzetimizin ötən sayında dərc olunan açıqlamadan sonra, yaşanan problemlərlə bağlı müəyyən addımların da atıldığı iddia olunur. Problemlərin varlığını diqqətdə saxlayacağıq.