DEPUTATIN MALİYYƏ FIRILDAĞI: ŞƏMSƏDDİN HACIYEV EYNİ ƏRAZİNİ UNİVERSİTETƏ ÜÇ DƏFƏ NECƏ "SIRIYIB"
5-02-2016, 23:17
Şəmsəddin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olarkən ailə üzvlərinin - həyat yoldaşının, qardaşı oğlunun, baldızı qızının birgə idarəçiliyində olan "Turan-2009" MMC, ”İqtisadçı" MTK vədigər şirkətlər vasitəsilə rəhbəri olduğu universitet üzərində milyonlarla manatlıq maliyyə əməliyyatı aparıb.
Əldə edilən məlumata görə, Ədalət Muradov Dövlət İqtisad Universitetinə rektor təyin ediləndən sonra, araşdırma zamanı Şəmsəddin Hacıyevin rəhbərliyi dövründə bu təhsil ocağında milyonlarla manat mənimsəməyə və digər qanunsuzluqlara yol verildiyi aşkara çıxarılıb.
Burada digər əsas məqam Ş.Hacıyevin universitetin Dərbənd fililalı vasitəsiylə də böyük qanunsuzluqlara əl atması və Azərbaycanı rüsvayçı vəziyyətlə üzləşdirməsidir. teref.az yazır ki, reytinq-az-ın məlumatına görə, Azərbaycan ictimaiyyətindən sistemli şəkildə gizlədilən fakt ondan ibarətdir ki, sabiq rektor universitetin Dərbənddəki filialının yeni korpusunun tikintisi zamanı qalmaqallı maliyyə əməliyyatı həyata keçirib. Bu əməliyyat isə Dağıstan prokurorluğunun diqqətindən qaçmayıb və faktla bağlı cinayət işi açılıb. Araşdırma zamanı aydın olub ki, 2006-cı ildə Ş.Hacıyev Dağıstan Atıcılıq Diviziyası küçəsi35-də rəhbərlik etdiyi ali məktəbin sahəsini genişləndirmək məqsədilə universitetin vəsaiti hesabına yarım hektar (0.5 ha) torpaq sahəsi alıb. Sən demə, elə ən böyük fırıldaq da bu zaman həyata keçirilib.
Belə ki, Ş.Hacıyev bu sahəni öz adına rəsmiləşdirdikdən sonra həmin ərazinin bir hissəsini İqtisad Universitetinin Dərbənd filialına bina inşaası üçün böyük məbləğə satıb. Bir hissəsini isə 3 il saxladıqdan sonra YAP gənclər təşkilatının sədri olan kürəkəni Seymur Orucovun adına keçirib.
Rəsmi sənədlərə görə, 2009-cu ilin sonunda Dağıstan Respublikası Federal Qeydiyyat İdarəsi Xidməti qayınata ilə kürəkən (Şəmsəddin Hacıyev ilə Seymur Orucov-red.) arasında alqı-satqı haqda yeni müqaviləni qeydə alıb. Elə Ş.Hacıyevin növbəti oyunu da bu zaman başlayıb. S.Orucova guya qayınatası tərəfindən satılan torpaq sahəsinin bir hissəsi də yenidən İqtisad Universitetinə satılıb.
Düşünməyin ki, bununla sabiq rektorun Dərbənddəki torpaqsatma oyunu bitib. Əksinə, Ş.Hacıyev özlərində saxladığı qalan torpaq sahəsini də 3-cü dəfə universitetə "sırıyıb”. Bu dəfə isə sövdələşəmə guya professor-müəllim heyəti arasında aparılıb. Guya bu sahədə də müəllimlərin sosial təminatını həll etmək üçün yaşayış binası tikiləcək.
İddia edilir ki, Hacıyevin ən böyük maliyyə oyunun başında 3 dəfəyə "hərraca çıxarılan” torpaq sahəsinin bazar qiymətindən dəfələrlə şişirdilmiş şəkildə satılmasıdır. Yəni, həmin sahə Dövlət İqtisad Universitetinə ilkin qiymətindən ən azı 10 dəfə baha satılıb.
Məlumata görə, torpaqla əlaqədar möhtəkirlik və ali təhsil müəssisəsi filialının təşkili ilə bağlı məsələ ilk olaraq Rusiyanın hüquq-mühafizə orqanlarının diqqətini çəkib və Dağıstan prokurorluğu Bakı filialının qeyri-qanuni fəaliyyət göstərməsi ilə bağlı cinayət işi açıb.
Məlumatlı şəxsin sözlərinə görə, məhz Dağıstan prokurorluğunun bu cinayətlə bağlı qəti tədbirlərindən sonra Dərbənd filialının da gələcəyi sual altına düşüb: "Həmin vaxt Şəmsəddin Hacıyev Dağıstanın bəzi rəsmi şəxslərinə "yol” tapıb, bu faktın qapadılmasına cəhdlər göstərib. Ancaq o, böyük məbləğin müqabilində də, bu rüsvayçılığı tam qapada bilməyib. Hətta iş o yerə çatıb ki, Dağıstan rəsmiləri universitetin Dərbənd filialının saxta yolla Bakı fililalını hansı məqsədlə yaratması ilə bağlı Azərbaycanın Təhsil Nazirliyini məsələyə cəlb eləyib”.
Ancaq o zaman hər saxta qəbuldan Təhsil Nazirliyindəki hansısa korrupsioner məmura10-20 min manat rüşvət verdiyi iddia edilən Hacıyev bu qalmaqallı məsələni elə nazirliyin özündəcə qapada bilib.
İddialara görə, Ş.Hacıyevin "fəaliyyəti” bununla da bitməyib. Məsələn, Şəmsəddin Hacıyev öz əməkdaşlarına universitetin nəzdində mənzil-tikinti kooperativi yaradıb, onları mənzillə təmin etmək məqsədiylə Mir Cəlal küçəsində - şəhərin mərkəzində ev tikdirmək vədi verib. Beləliklə, təsisçisi Hacıpaşa Muradov olan "İqtisadçı-H” kooperativi yaradılıb. Ancaq bir müddətdən sonra rektor mənzillərin pulunun böyük hissəsini ödəyən universitet əməkdaşlarını "oyundankənar” vəziyyətə salmaq üçün 2005-ci ilin may ayında "İqtisadçı-H” MMC-ni kənarda qoyaraq, tikintini öz qohumlarının adına təsis elədiyi "İqtisadçı-2005" kooperativi vasitəsiylə həyata keçirib.
Beləliklə, dosent və professorlara "ataraq” mənzilləri müxtəlif dost və qohumlarına, o cümlədən Baş nazirin iki müavinin övladına, qızının həyat yoldaşı Seymur Orucova, deputat Eldar Quliyevin qohumu Yelena İsmayılovaya, keçmiş deputat İbrahim İsayevin arvadı Faciə Zeynalovaya vədigər yaxın ətrafına peşkəş edib.
Sabiq rektor oxşar əməliyyatlardan birini də Quba rayonunun füsunkar Nüvədi-2 kəndində, universitetin müəllim və tələbələri üçün sağlamlıq mərkəzi tikdirmək adı ilə həyata keçirib. Həmin mərkəzin tikintisi üçün 4 milyon 300 min manata nəzərdə tutulan ilkin smeta bir müddətdən sonra fantastik rəqəmə - 7 milyon 200 minə çatdırılıb.
Məlumatlı şəxsin sözlərinə görə, hazırda bu vəya digər məqamlarla bağlı universitetin bəzi müəllim və professorları Baş prokuror Zakir Qaralova da müraciət ediblər. Ancaq prokurorluq bu açıq faktları araşdırmaq əvəzinə, Mikayıl Cabbarovun rəhbəri olduğu Təhsil Nazirliyinə "araşdırıb, şikayətçilərə məlumat verin”,- qrifi ilə məktub göndərir. Görəsən, cənab Cabbarov bir vaxtlar tələbəsi olduğu Hacıyevlə bağlı ədalətli araşdırma aparılmasına göstəriş verəcəkmi? \Reyting.az\