Qəbələdə fermerlərin üzü gülmür... - Suvarma Sistemləri İdarəsindən şikayət
3-08-2016, 14:38
Qəzetimizin 22.07.2016-cı il tarixli sayında “Qəbələ Suvarma Sistemləri İdarəsində mənimsəmələr” sərlövhəli tənqidi material dərc olunmuşdu. Yerli mənbələr tərəfindən təqdim olunmuş məlumatlar əsasında hazırlanmış yazıda, biz idarənin rəisi Qüdrət Həmidovun fəaliyyətindən doğan narazılıqlardanbəhs etmişdik. Qeyd edək ki, hazırda Qəbələ rayonunda 16 min hektar əkin sahəsi mövcuddur ki, məhz bu ərazilərin də suvarılması Qəbələ Suvarma Sistemləri İdarəsinin əsas funksiyalarına aiddir. Bundan başqa əsas su kanalları və arxların lil və çöküntülərdən təmizlənməsi, yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi üçün tədbirlərin görülməsi də həmin idarə tərəfindən həyata keçirilir. Lakin aldığımız açıqlamalarda yerli fermerlər bu fəaliyyətdə çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi Qüdrət Həmidov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bildirilir ki, mütəmadi olaraq melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə, keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Həmçinin bəzi mənbələr iddia edirlər ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da geniş yer verilir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Daha sonra məlumatlarda iddia olunur ki, Qüdrət Həmidov idarənin balansında olan texnikanın fərdi sifarişlər əsasında icarəyə verilməsi işini də yüksək səviyyədə təşkil edib. Təbii ki, bu zaman əldə olunan gəlirlər də idarənin hesabına deyil, müəssisə rəhbərinin cibinə daxil olur. Qeyd olunduğu kimi Qəbələ rayonunda iqtisadiyyatın aparıcı sahələrindən biri də məhz kənd təsərrüfatıdır. Belə ki, hazırda rayonda tütün, buğda və arpa yetişdirilir, barama saxlanılır. Bu səbəbdən də, rayon iqtisadiyyatının inkişafı üçün Qəbələ Suvarma Sistemləri İdarəsinin fəaliyyəti də böyük əhəmiyyət kəsb edir. Lakin bu idarəyə rəhbərlik edən Qüdrət Həmidovun səriştəsizliyi və məsuliyyətsizliyi səbəbindən müəssisənin fəaliyyətində mütəmadi olaraq müxtəlif problemlər yaranır.
Qeyd etmək istərdik ki, materialın dərcindən sonra biz Qüdrət Həmidovun məsələyə münasibətini öyrənmək üçün onunla telefon əlaqəsi də saxlamışıq. Qüdrət müəllimin münasibəti isə belə olmuşdur ki, onun rəhbərlik etdiyi idarənin fəaliyyəti barədə yazılanların heç biri həqiqətə uyğun deyil. Əslində biz də bunun məhz belə olmasını istərdik. Amma təəssüflər olsun ki, Qəbələdən daxil olan məlumatlarda Suvarma Sistemləri İdarəsinin işi ilə bağlı real vəziyyətin heç də ürəkaçan olmadığı israrla bildirilir...
Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
Dia.az