Balqabaq min dərdə dərman imiş
18-02-2024, 12:08
Faydalı maddələr baxımından balqabaq digər tərəvəz növlərini xeyli dərəcədə qabaqlayır. Mütəxəssislər deyir ki, balqabağın tərkibində su, sellüloza, azotlu maddə, yağ, vitaminlər, zülal və s. var. O, ən yaxşı pəhriz yeməyi hesab olunur. Bağırsaq və mədə xəstəliyindən əziyyət çəkənlər üçün suda qaynadılmış balqabaq ən yaxşı qidadır. Qəbizliyi aradan qaldırır, zəngin tərkibi ilə fayda verir. Uşaqlar üçün balqabaq püresi əvəzolunmaz yeməkdir.Balqabaq xüsusilə, şəkər diabetli və ürək xəstələri üçün faydalıdır. Balqabaqda mövcud olan çoxsaylı pektin maddələri orqanizmdən toksik maddələrin və çoxsaylı xolesterinin xaric edilməsinə kömək edir. Təbabətdə balqabaq yumşaldıcı xassəyə malikdir. Susuzluğu aradan qaldırır. Bişmiş balqabaq qızdırma və öskürəkdə effektli təsirə malikdir. Balqabaq mürəbbəsi beyin fəaliyyətini qüvvətləndirir.Balqabağın ən önəmli xüsusiyyəti çox yüksək miqdarda beta-karoteinlə zəngin olmasındadır. Karotein dəri toxumalarını yeniləyən vitamindir. İmmunitet sisteminin güclənməsi üçün beta-karotein əsasdır. İmmunitet sistemi bizi xərçəng və bir sıra xəstəliklərdən qoruyan ən önəmli müdafiə sistemidir. Balqabaqda dəmir, kalium, sodium, fosfor, kalsium və maqnezium var. Tərkibindəki dəmirə görə qanazlığının qarşısını alır. Balqabaq qandakı yağ nisbətini aşağı salır, ən güclü antioksidantların bir çoxu balqabağın tərkibindədir. Özündən əlavə onun yağı və tumu da çox faydalıdır. Ondan müxtəlif desertlər, yeməklər hazırlanır.Səhərlər çiy balqabaq şirəsi içmək mədə-bağırsaq sistemini gücləndirir.