”Burada vəzifəli adam yaşasaydı, belə vəziyyətdə olmazdı” VİDEO
9-08-2016, 10:20
Lökbatan qəsəbəsinin Bilal Niftəliyev küçəsində yaşayanlar 2 ildən çoxdur asfalt yola həsrətdirlər. Bina sakinləri deyir ki, 2014-cü ilin mart aylarında Qaradağ rayon İcra Hakimiyyəti məhəlləni abadlaşdırmaq adı ilə dağıdıb. “Abadlaşdırma əməliyyatı” nəticəsində yamyaşıl ağaclardan əsər qalmayıb.
“Prezidentimiz demişdi ki, hər kəs bir ağac əksə, Azərbaycan cənnətə dönər. Bax budur,bizim vəziyyətimiz. O tut ağacını 30 ildir böyüdən, sulayan adam var idi.Baxın, tut quruyub. Bu bağda da hərdən bir otururduq, o qədər gözəl idi ki. Elə bil erməni-müsəlman davasıdır, ağacları vəhşicəsinə traktorun qabağına verdilər. Sökməyin də bir qaydası var da.”-deyə Rəfiqə Bağırova bildirir.
Daşlıq, toz-torpaq, bu məhəllənin uşaqlarının oyuncağına çevrilib. Bu kol-kəsəyə topları da tab gətirmir. Ona görə artıq top da almadıqlarını deyirlər:
“2-3 ildir buranı təmir etmək istəyirlər, amma hələ təmir olunmayıb. Bizim bağımızı da söküblər, ağaclarımızı dağıdıblar. Əvvəllər burada futbol oynayırdıq.İndi isə oynaya bilmirik. Ya topumuz partlayır, ya da başqa əşyalarımız qırılır. Qış ayında həddindən artıq palçıq, gölməçələr olur.”
Sakinlər deyir ki, yay ayları məhlənin ən yaxşı günləri hesab olunur. Çünki qışda ayaqları palçıqdan çıxmır. Əzizə Qurbanovanın sözlərinə görə, onlar övladlarını məktəbə aparmaqda da çətinlik çəkirlər:
“Axşamlar it eşələnir burada, gündüzlər bizim uşaqlarımız. Xəstəlikdir də bunlar hamısı. 3 ildir ki, bu həyət-baca bu gündədri. Bizim uşaqlarımız da palçığın, toz-torpağın içindədir. Nə vaxtacan belə olacaq? Bizim vəziyyətimiz çox ağırdır.”
Rəfiqə Bağırova deyir ki, qonşuluqda yaşayan yaşlı qadın bu kələ-kötürlü yollardan keçəndə yıxılıb, belini sındırıb. Ölümündən əvvəl son arzusu da bu məhəllə ilə bağlı olub:
“Ona dəyməyə getmişdim, təsəvvür elə, dərdi bu idi. Deyirdi ki, mən ölürəm, amma bilmirəm övladlarım harada mənə yas tutacaq. O söz hələ də mənim ürəyimdən getməyib. Ancaq onu deyirdi ki, kiçik otaqda necə yasımı tutacaqlar”.
Ərazidəkilərin dərdi yol ilə də bitmir. Zibillə dolu, üfunət iylənən zirzəmiləri də həyatları üçün təhlükəyə çevrilib. Elşən Məmmədov deyir ki, 3 icra hakimi dəyişsə də, vəziyyət eynidir:
“Çünki burada vəzifəli adamlar yaşamır. Vəzifəli adamlar yaşasaydı, bura belə vəziyyətdə olmazdı. Uşaqların oynamağa yeri yoxdur. Bu binanın əgər 15 il ömrü qalmışdısa, zirzəmi su olduğuna görə, 8-10 il ömrü qalıb.Bir də görəcəyik ki, bina uçdu, camaat da qaldı bayırda.”
Qaradağ rayon İcra Hakimiyyətindən Meydan TV-nin suallarına cavab almaq mümkün olmayıb.
Rayonun adı 2014-2016-cı illərdə həyata keçirilməli olan “Sosial-iqtisadi İnkişaf Proqramı”nda var. 2016-cı ilin bitməsinə isə 5 aydan az vaxt qalıb.
Proqrama inansaq, ilin sonuna kimi məhəllədaxili yollar əsaslı təmir olunmalı, abadlaşdırılmalıdır.