Ələsgər Məmmədli vəkili ilə görüşüb
4-05-2024, 12:58
Toplum TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədli Pentensiar Xidmətin Müalicə Müəssisəsində müayinə edilib.
Bu barədə vəkili Aqil Layıc məlumat yayıb.
"Ələsgər Məmmədlini qəflətən Penitensiar Xidmətin müalicə müəssisənə köçürüblər. Orda müəyyən yoxmalardan keçib, ancaq onun özünün dediyinə görə, çox köhnə texnologiyar ilə yoxlanışa məruz qalıb. Ona deyiblər ki, daha burda qalacaqsan. O, artıq özünün yerini səhmana saldıqdan, təxminən, 8 saat sonra dərhal onu geri - təcridxanaya etap ediblər"- vəkil qeyd edib.
Layıcın sözlərinə görə, bu məsələnin səbəbləri hələ də ona məlum deyil.
Ələsgər Məmmədli vəkilinə bildirib ki, müalicə müəssisəsində vəziyyət ürəkaçan deyil, anti-sanitayira hökm sürür.
Vəkil həmçinin, qeyd edib ki, Ələsgər Məmmədlinin son müayinə nəticələri, müraciətlərinə baxmayaraq, hələ də ona təqdim edilməyib.
Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb. Amma bundan əvvəl Amerikanın Səsinin sorğusuna cavab verən Penitensiar Xidmət tibbi təminatı ilə bağlı aiddiyəti üzrə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət etməyi tövsiyə edib.
Öz növbəsində, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindəm isə məlumat telefonları vasitəsi ilə hər hansı məlumat almaq mümkün olmayıb.
Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunub. Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlırın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Toplum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.