Göz və qulaqlarda qanaxmaya səbəb olan virus Fransada göründü
10-05-2024, 00:12
Nigeriya tarixinin ən pis epidemiyalarından biri ilə mübarizə aparmağa çalışarkən, Fransanın paytaxtı Parisdə bir xəstəyə "Lassa qızdırması" diaqnozu qoyulub.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransanı narahat edən hal bu yaxınlarda xaricdən qayıdan bir əsgərdə də təsdiqlənib. Adı açıqlanmayan xəstə Sen-Mandedəki Begin hərbi xəstəxanasında müalicə olunarkən, yerli hakimiyyət orqanları xəstə ilə təmasda olan şəxslərin müəyyən edilməsi üçün dərin epidemioloji araşdırma aparır.
"Lassa qızdırması" gözlərdə, qulaqlarda və ağızda qanaxmaya səbəb olan kəskin viral hemorragik xəstəlikdir. İnsanlara gəmiricilərdən ötürülür, lakin insanlar bir-birinə də yoluxa bilər. Xəstəlik "Ebola" qədər ölümcül olmasa da, hazırda Benin, Qana, Qvineya, Liberiya, Mali, Sierra Leone və Toqo da daxil olmaqla bir çox Qərbi Afrika ölkələrində endemikdir.
Britaniya mətbuatında yer alan xəbərlərə görə, son illərdə Afrikadan Avropaya və ya ABŞ-a qayıdan insanlarda "Lassa qızdırması" müşahidə olunsa da, xəstəlik yayılmayıb. Xəstəlik 2022-ci ildə Qərbi Afrikadan Bedfordşirə qayıdan bir ailədə 3 nəfərdə görülüb və yeni doğulmuş körpə virusa görə öldü.
Hazırda virus Ümumdünya Səhiyyə Təşkilatının epidemiya və ya pandemiya potensialı olan bədnam patogenlər siyahısındadır. "Lassa" virusu baş ağrısı, zəiflik, öskürək, qusma, ishal, əzələ ağrıları və boğaz ağrılarına səbəb ola bilər. Xəstəliyin ağır keçdiyi hallarda tənəffüs problemləri, üzdə şişkinlik, döş qəfəsində ağrılar, daxili qanaxma da ola bilər.
"Mirror" qəzetindəki məlumata görə, virusa hər il 200 mindən çox insan yoluxur. Müalicə adətən virus əleyhinə preparatlarla aparılır və müalicəyə xəstəliyin başlanğıcında başlansa, nəticələr daha uğurlu olur.
Nigeriya hökuməti 2023-cü ilin fevralında "Lassa qızdırması"nın yayılması ilə əlaqədar "fövqəladə vəziyyət" elan edib. Ötən mart ayında Nigeriyada ilk dəfə 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində başlayan bu xəstəlik səbəbindən 20 nəfər həyatını itirmişdi. Ötən il ölkədə 1170 nəfərdə "Lassa qızdırması" aşkarlanıb, onlardan 219-u ölüb.