“Boeing”lə daha bir insident: Dakarda təyyarə zolaqdan çıxdı, 10-dan çox yaralı var - FOTO/VİDEO
10-05-2024, 16:04
“Boeing”lə daha bir insident: Dakarda təyyarə zolaqdan çıxdı, 10-dan çox yaralı var - FOTO/VİDEO
10 May, 2024
03:42
584
329
Seneqalın paytaxtı Dakarda “Air Senegal” şirkətinə məxsus təyyarə uçuş-enmə zolağından çıxıb. Hadisə nəticəsində 10-dan çox insan yaralanıb.
Bu barədə yerli mediada xəbər verilib.
Bildirilib ki, qəza “Boeing 737-300” təyyarəsinin havaya qalxması zamanı baş verib. Hava gəmisində 78 sərnişin olub, 11 nəfər xəsarət alıb. Yaralılardan dördünün vəziyyəti ağır qiymətləndirilib.
Xəsarət alanlardan biri pilotdur.
Qəzaya nəyin səbəb olduğu araşdırılır. Ancaq sosial şəbəkələrdə yayılan kadrlarda təyyarənin mühərriklərindən birinin xarab olduğu görünür. Hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Yeri gəlmişkən, qeyd edək ki, bu, “Boeing”lə bağlı ilk belə hadisə deyil. Belə ki, Türkiyədə son iki gündə eniş zamanı təyyarələrin təkərlərində problem yaranıb və onlar gövdələri üzərinə enmək məcburiyyətində qalıblar. Martın ortalarında ABŞ-nin “United Airlines” aviaşirkətinin “Boeing” sərnişin təyyarəsi havada olarkən örtük panelinin bir hissəsi qopub. San-Fransiskoda isə eyni aviaşirkətə məxsus təyyarə havaya qalxarkən təkəri qoparaq düşüb və park edilmiş bir neçə avtomobilə zərər vurub.
Xatırladaq ki, martın əvvəlində, “Boeing” istehsalında keyfiyyət standartlarını tənqid edən və məhkəmədə ifşaedici ifadə verən amerikalı mütəxəssis Con Barnettin meyiti tapılıb.
Mənbə: Dakaraktu