Vəkil ziyanın ödənilməsi ilə bağlı vaxt istədi - 332 minlik mənimsəmə cinayəti
13-05-2024, 11:30
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə "Pantamimo" teatrının mühasibi vəzifəsini icra edən Aytən Kərimovanın növbəti məhkəmə prosesi keçirilib.
"DogruXeber.az"ın məlumatına görə, təqsirləndirilənin vəkili ziyanın ödənilməsi ilə bağlı məhkəmə heyətindən vaxt istəyib. Belə ki, müvəkkilinin qohumlarına məxsus müəyyən əmlaklar satışda olduğu üçün onlara vaxt lazımdır. Həmçinin bildirib ki, ibtidai istintaq orqanı mühasibə ödənilməyən maaşını mənimsəmə kimi qeydə alıb.
Xatırladaq ki, dəymiş ziyandan 30 min manat ödənilib.
Hakim müşavirə edərək vəkilin vəsatətini qəbul edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılıb. Məlum olub ki, Aytən Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib. Bununla da Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması və maliyyə vəsaitlərindən qənaətlə, fəaliyyətə uyğun istifadəsinə və nazirliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.
Məhkəmə prosesi iyun ayının 3-nə kimi təxirə salınıb.