Putinin qardaşı oğlu Fransada yaxta alıb
29-05-2024, 12:54
Rusiya prezidenti Vladimir Putinin qardaşı oğlu Mixail Şelomovla əlaqəli şirkət Fransada Immortal Dreamer yelkənli yaxtasını alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə The Insider yazır.
Nəşrin məlumatına görə, yelkənli qayığı Merkuri MMC alıb. Nəşrin jurnalistləri şirkətin rəsmi sahibləri, menecerləri və işçilərinin siyahısını araşdırıb və məlum olub ki, onların bir çoxu Şelomova məxsus “Accept” MMC-də də işləyirlər. O, Putinin əmisi oğludur. Bildirilir ki, Şelomovun 1 milyard dollardan çox sərvətləri var.
Yaxtanın qiyməti 700 milyon rubldan çoxdur. Gəmi ötən ilin əvvəlində suya salınıb, avqustda isə Türkiyə ərazisindən tranzitlə Rusiyaya gətirilib.
Yaxta 18 sərnişin üçün dörd kabinəyə malikdir və Fransanın Construction Navale Bordeaux gəmiqayırma zavodu tərəfindən inşa edilib.
“Lagoon Seventy 7” modeli üzərində baş dizayner və konstruktor Patrik le Queman işləyib.
Bildirilir ki, Şelomovun özü və ailə üzvləri sanksiyalar altında deyil, lakin Rusiyaya lüks yaxtaların idxalı qadağandır.
CNBC-nin aprelin ortalarında verdiyi məlumata görə, 2023-cü ildə yeni superyaxtaların (uzunluğu 30 metrdən çox olan gəmilərin) satışları 17% azalıb.
Səbəb kimi qiymət artımı, uzun gözləmə siyahıları və Ukraynadakı müharibəyə görə rusiyalı milyarderlərə qarşı tətbiq edilən sanksiyalar göstərilib.
Ümumilikdə 203 superyaxta satılıb ki, bu da ötən illə müqayisədə 42 ədəd azdır. 313 belə gəminin satıldığı 2021-ci illə müqayisədə isə 35% azalma olub.
Qeyd edək ki, keçən il bütün superyaxta satışlarının demək olar ki, dörddə biri ABŞ vətəndaşlarına məxsusdur.
Tipik olaraq, amerikalılar Yaxın Şərq və Rusiya alıcıları ilə müqayisədə daha kiçik gəmilərə üstünlük verirlər.