Azərbaycan XİN: Suriyadan 6, İraqdan 2 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib

Bu gün, 12:14           
Azərbaycan XİN: Suriyadan 6, İraqdan 2 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib
Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriyadan 6, İraqdan 2 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, repatriasiya sentyabrın 18-də baş tutub.

Məlumata görə, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

Qeyd edilib ki, Suriya və İraqdan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə və İraq Respublikalarına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

"Azərbaycan Respublikası hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək”, məlumatda vurğulanıb.

2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Bununla yanaşı yerli mediada dərc edilən məlumatların təhlili göstərir ki, İraq və Suriyada həbsxanalarda hələ çoxsaylı Azərbaycan vətəndaşları saxlanılır. 2023-cü ilin martında Bağdad həbsxasında 121 nəfər Azərbaycan əsilli qadının aclığa başlaması barədə onların audio müraciətləri yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.