"ONLAR MƏNİM QƏTLİMİ SİFARİŞ EDİBLƏR...” - Kadırov iki deputata və bir senatora “qan davası” elan etdi

11-10-2024, 11:04           
"ONLAR MƏNİM QƏTLİMİ SİFARİŞ EDİBLƏR...” -
Çeçenistan rəhbəri Ramzan Kadırov Dövlət Dumasının deputatları Bexan Baraxoyev, Rizvan Kurbanov, həmçinin Rusiya Federasiya Şurasının üzvü, senator Süleyman Kərimova qarşı qan davası elan edib.

“AzPolitika” xəbər verir ki, Kadırov bunu Çeçenistanın güc strukturları ilə keçirdiyi iclasda deyib.

Kadırov iddia edib ki, sözügedən şəxslər hətta onun qətlini sifariş ediblər. Onun dediyinə görə, bu, Rusiyanın ən tanınmış şirkətlərindən olan “Wildberries” ətrafında yaranan münaqişəyə görədir: "Onların öz biznesləri var və onlar nəinki bu qadının (“Wildberries”-n sahibi Tatyana Kim-red.) biznesini əlindən alıblar, hətta mənim qətlimi sifariş ediblər”.

Çeçenistan rəhbəri deyib ki, senator və milyarder Süleyman Kərimov onun aradan götürülməsi üçün 100 milyon təklif edib (valyutanı dəqiqləşdirməyib).

Kadırov əlavə edib ki, o, bu şəxslərə qarşı qan davası elan edir, lakin günahsız olduqlarını sübut etsələr və ittihamları təkzib etsələr, bunu dayandırmağa hazırdır.

Xatırladaq ki, “Wildberries” şirkətilə bağlı qalmaqal yay aylarında başlayıb. Çeçenistan lideri şirkətin sahibi olan Tatyana Kimlə onun əri arasında yaranan qarşıdurmada ikinciyə “krışalıq” etməyə başlayıb. “Wildberries” iyunun ortalarında reklam operatoru olan “Russ” ilə birləşdiyini elan edib. Lakin Kimin əri bunun əleyhinə çıxıb. Həmin ərəfədə Kim boşanma ərizəsi verib. Onun ərinin şirkətdəki payı isə cəmi 1 faiz olub.

Tezliklə Kadırov elan edib ki, Tatyana Kimin əri Vladislav Bakalçuk ailəsində və biznesində yaranan "ciddi problemlər" səbəbindən ondan kömək istəyib. Çeçenistan rəhbərinin sözlərinə görə, söhbət şirkətin “həyasızcasına ələ keçirilməsindən” gedir.

Ərindən boşandığını açıqlayan Kİm Vladislav Bakalçukun “Wildberries”in idarə olunmasında iştirak etmədiyini bəyan edib. Birləşmə nəticəsində Tatyana Kimin sərvəti demək olar ki, iki dəfə azalaraq, 7,9 milyard dollardan 4,1 milyard dollara düşüb.

“Forbes” nəşrinin məlumatına görə, Tatyana Kim 2024-cü ilin yanvarında “Wildberries”-in anbarında baş verən yanğından sonra hakimiyyətlə problemlərdən qorxaraq “Russ”la birləşməyə razılaşıb. İddialara görə, “Russ” şirkətinin nümayəndələri biznesdəki pay müqabilində bu problemi “ən yüksək səviyyədə” həll etməyə kömək ediblər. Digər məlumata görə, bu qərara onun “Russ”un rəhbəri Robert Mirzoyanla romantik münasibəti təsir edib.

“Wildberries” ətrafında qalmaqal sentyabr ayında Vladislav Bakalçukun başçılıq etdiyi 20-30 nəfərdən ibarət qrupun Kremlin yaxınlığındakı “Romanov Dvor” biznes mərkəzində şirkətin ofisinə basqın etməsilə daha da böyüdü. Basqın zamanı atışma nəticəsində iki nəfər - mühafizəçi və mərkəzin əməkdaşı həlak oldu, 10 nəfər, o cümlədən üç Çeçenistandan olan MMA döyüşçüsü yaralandı.

Həmin vaxt Bakalçuk saxlanıldı və ona bir neçə maddə, o cümlədən qətl və adam öldürməyə cəhd kimi ittihamlar irəli sürüldü. Onu ömürlük həbs cəzası gözləyirdi, lakin vəkilləri tezliklə cinayətin sübutu olmadığı üçün(?) məhkəmənin onu həbs etməkdən imtina etdiyini bildirdilər.

“Wildberries” ofisindəki insidentdən iki gün əvvəl Bakalçuk müsahibə verib və Ramzan Kadırovun yaxın adamları ilə dostluğundan danışıb. O, Çeçenistan rəhbərinin əvvəllər ona həbsdən yayınmağa kömək etdiyini qeyd edib.

Rusiyalı jurnalisti Yuliya Taratuta isə Kremlə yaxın mənbələrinə istinadla yazıb ki, “Wildberries”-in “Russ”la birləşməsini senator Süleyman Kərimov təşkil edib. Mənbələrin bildirdiyinə görə, “Russ Outdoor”-un benefisiarı olan Kərimov Tatyana Kimin uğurlu biznesi ilə maraqlanıb və onu özü ilə “əməkdaşlığa” cəlb edə bilib. O, qadını Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno ilə tanış edib, sonra isə hətta onun Vladimir Putinlə görüşünü təşkil edib.

Nəticədə Putin şirkətlərin birləşməsinə “xeyir-dua verib”. Lakin göründüyü kimi, Kadırov hadisələrin bu cür gedişi ilə razılaşmayıb və “yağlı tikə”dən pay istədiyi üçün böyük bir qarşıdurma yaranıb…

C.Məmmədov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.