"Microsoft" geymerlərlə məhkəmədə razılığa gəldi

Bu gün, 17:54           
"Microsoft" geymerlərlə məhkəmədə razılığa gəldi
"Microsoft" 2022-ci ildə şirkətin "Activision Blizzard" ilə birləşməsi səbəbindən antiinhisar araşdırması başladan bir qrup geymer ilə razılığa gəlib.

Bu barədə "The Hollywood Reporter" (THR) nəşri məlumat verib.

Hər iki tərəf məhkəməyə işin təkrar iddia vermək imkanı olmadan dayandırıldığını bildirib, lakin razılaşmanın şərtləri məlum deyil. Həmçinin tərəflərin hüquqi xərcləri müstəqil ödəyəcəyi qərara alınıb.

Geymerlər qrupu iki böyük şirkətin birləşməsinin "Microsoft"un sənayedə dominantlığına, məhsul çeşidinin və istehlakçı seçiminin məhdudlaşmasına, qiymətlərin artmasına və bəzi oyunların "PlayStation" platformasında olmamasına səbəb ola biləcəyindən narahat idi.

Qeyd edək ki, 2023-cü ilin mart ayında San-Fransiskodakı hakim iddia ərizəsini rədd etdi, lakin geymerlər apreldə yeni iddia ərizəsi təqdim etdilər. "Microsoft" həmin ilin oktyabrında "Activision Blizzard" ilə sövdələşməni uğurla başa çatdırdı.

"Microsoft" 18 yanvar 2022-ci ildə "Activision Blizzard"ı 68.7 milyard dollar məbləğində almaq niyyətini açıqlamışdı. Lakin sövdələşmənin bağlanması zamanı onun nominal dəyəri 75.4 milyard dollara qədər artdı. Razılaşmanın şərtlərinə əsasən, "Microsoft" "Activision Blizzard"ı "Xbox Game Studios" və "ZeniMax Media"nın qohum bölməsi kimi "Microsoft Gaming" bölməsinə daxil etdi. Bunun sayəsində "Microsoft Call of Duty", "Warcraft", "StarCraft", "Diablo", "Overwatch" və digər "Activision", "Blizzard Entertainment" və "King" franşizalarına sahib oldu. Bu alış video oyun sənayesi tarixində ən böyük alışdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.