Hizbullah HƏMAS liderinin ölümündən sonra müharibəni eskalasiya etməyi vəd edir
19-10-2024, 17:34
İsrail Müdafiə Qüvvələrinin Qəzza müharibəsinə səbəb olan 7 oktyabr hücumunun memarı HƏMAS lideri Yəhya Sinvarı öldürdüyünü bildirməsindən bir gün sonra Hizbullah cümə günü İsraillə müharibəni eskalasiya etməyi vəd edib.
İsrail Müdafiə Qüvvələri cümə axşamı bildirib ki, onun qüvvələri – belə görünür, təsadüfən və ya Sinvarın yerini bilmədən – Qəzzanın cənubunda bir binada ona və başqa iki miltanta rast gəlib və atəş açıb.
İsrail, demək olar ki, dərhal 61 yaşlı Simvarı öldürdüyündən şübhələnib, amma bunu DNT-ni yoxlamaq da daxil olmaqla bir neçə saat sürən istintaqdan sonra təsdiqləyib.
Qəzzada HƏMAS-ın başçısı Xəlil Həyya cümə günü televiziyada yayımlanan bəyanatında Sinvarın ölümünü təsdiqləyib və bildirib ki, HƏMAS “həlak olan şəhid Yəhya Sinvarın xatirəsini” ehtiramla yad edir. Onu “dəyanətli, cəsur və cəsarətli” kimi xarakterizə edən Həyya, Sinvarın “qurtuluşumuz uğrunda canını fəda etdiyini” söyləyib.
O əlavə edib ki, işğalçı hakimiyyət Qəzzaya hücumlarını dayandırmayana və qüvvələrini mühasirə altında olan anklavdan çıxarmayana qədər Qəzzada saxlanılan girovlar azad edilməyəcək.
Hizbullah isə bəyanat yayaraq, Sinvar və ya onun ölümündən bəhs etmədən, “İsrail düşməni ilə qarşıdurmada yeni və eskalasiya mərhələsinə keçid” elan edib və bildirib ki, bu, “qarşıdan gələn günlərdə baş verən hadisələrdə və gəlişmələrdə öz əksini tapacaq.”
Cümə günü Berlində çıxış edən ABŞ Prezidenti Co Bayden Sinvarın ölümünü “ədalət anı” adlandırıb və bildirib ki, “Onun əlində amerikalılar və israillilərin, fələstinlilər və almanların və çox sayda başqalarının qanı var idi.”
Ancaq o bildirib ki, o, İsrail Baş naziri Benyamin Netanyahunu “bu anı sülhə, Qəzzada HƏMAS-sız daha yaxşı gələcəyə aparan yol axtarmaq üçün fürsətə çevirməyə” çağırıb.
Cümə günü Brüsseldə çıxış edən ABŞ müdafiə naziri Lloyd Austin HƏMAS ideri Yəhya Sinvarın ölümündən sonra Qəzzaya istinadən deyib ki, “Əlbəttə ki, indi fürsət var.”
“Biz ümid edirik ki, bu fürsətdən istifadə etmək üçün birlikdə çalışacağıq,” o deyib.
İsrail Müdafiə qüvvələri cümə günü İsrailin şimalı üçün ehtiyyatda olan əlavə briqadanı xidmətə çağırdığını elan edib. “Onun səfərbər olması Hizbullah terror təşkilatına qarşı mübarizənin davam etdirilməsinə və müharibənin məqsədlərinə nail olunmasına, o cümlədən şimal sakinlərinin sağ-salamat öz evlərinə qayıtmasına imkan verəcək.”
İsrail Müdafiə Qüvvələri həmçinin cümə günü bildirib ki, 188-ci briqada Livanın cənubunda quru əməliyyatlarını davam etdirir. O bildirib ki, qoşunlar sursatlarla dolu onlarla anbarı, bir neçə tunel girişini və düşmənin infrastrukturunu dağıdıb.
Onlar həmçinin bildirib ki, hava hücumu nəticəsində “son aylarda şimal yaşayış məntəqələrinə çox sayda atəşin açıldığı" Hizbullahın regional qərargahı məhv edilib.
HƏMAS militantları İsrailə 7 oktyabr terror hücumunda 1200 nəfəri öldürüb, təxminən 250 nəfəri girov götürüb. İsrail HƏMAS-ın 101 nəfəri hələ də girov saxladığına, onlardan 35-nin öldürüldüyünə inandığını bildirir.
Qəzzanın səhiyyə nazirliyinin məlumatına görə, İsrailin Qəzzada apardığı əks-hücum nəticəsində, 42 500-dən çox fələstinli öldürülüb.
HƏMAS və Hizbullah Birləşmiş Ştatlar və başqa Qərb ölkələri tərəfindən terror təşkilatı kimi tanınır.
BMT-nin məlumatına görə, Qəzzanın 2.3 milyonluq əhalisinin təxminən dörddə üçü didərgin düşüb, demək olar ki, bütöv əhali aclıq riski ilə üz-üzədir.