Azərbaycandan 1 milyard dollar oğurluğu
9-08-2017, 00:32
Məsələ prezident İlham Əliyevin şəxsi nəzarəti altında araşdırılır
Azərbaycan tütün əkinləri ilə bağlı mövcud potensialından istifadə etmədiyinə görə ildə 1 milyard dollara yaxın vəsait itirir.
İstiPress-in məlumatına görə, bu fikri prezident İlham Əliyevin avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı səsləndirdiyi bir sıra rəqəmlər əsasında irəli sürmək olar.
Ölkə başçısı müşavirədə yekun çıxışı zamanı bildirib ki, Azərbaycan 2300 hektarda tütün əkib və tarixi təcrübə bu rəqəmi 8 dəfəyə qədər artırmağa imkan verir.
“Tütünçülüklə bağlı pik dövr 1978-ci ildə olmuşdur. 1970-ci ildə cəmi 14 min hektarda tütün əkilirdisə, Heydər Əliyevin fəaliyyəti nəticəsində 1978-ci ildə bu, 18 min hektara çatmışdır. 1990-cı ildə isə 14 minə düşmüşdür. Ondan sonra da düşmə əmsalı daha sürətlə getmişdir. 2014-cü ildə cəmi 1000 hektarda tütün əkilmişdi”,- deyə ölkə başçısı müşavirədə bildirmişdi.
“Tütünçülüklə bağlı pik dövr 1978-ci ildə olmuşdur. 1970-ci ildə cəmi 14 min hektarda tütün əkilirdisə, 1978-ci ildə bu, 18 min hektara çatmışdır".
Azərbaycanda hər hektardan 3 tona yaxın quru tütün yarpağı əldə etməyin mümkün olduğu nəzərə alınarsa, Azərbaycanın köhnə potensialı bərpa etməklə 54 min ton quru tütün əldə edə bilər. Azərbaycan tütünü hazırda Gürcüstan və Belarus şirkətləri tərəfindən alınır, Rusiyaya da ixrac üçün geniş imkanlar var. Bu bazarlarda quru tütünün kiloqramı 10 dollardan satılır, yəni Azərbaycan bu qədər tütün məhsulu ixrac edə bilərsə, ildə 540 milyon dollar əldə edə bilər. Yəni Azərbaycan hazırda tütün ixracından bundan qat-qat aşağı məbləğ əldə edir.
Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi başqa bir rəqəm isə ölkənin tütünçülükdən imtinadan əslində çox vəsait itirdiyini anlamaq olar: “Mənə verilən məlumata görə, Azərbaycanda 10 milyard siqaret istehlak olunur. Onlardan isə cəmi 1 milyard 600 milyonu Azərbaycanda istehsal edilir. Yəni, 9 milyard siqaret Azərbaycana idxal edilir”.
Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi - Qax, 4 avqust 2017-ci il
Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu məqsədlə ildə 150-400 milyon dollar vəsait xərclənir. Amma bu rəsmi statistikadır, reallıqda isə qaçaq yollarla daha çox siqaretin ölkəyə daxil olduğunu müəyyən etmək mümkündür. 9 milyard siqaret 450 milyon qutu deməkdir. Bazarda satılan siqaretlərin orta qiyməti 2 manat olsa da, ən aşağı idxal qiymətini 1 dollardan götürmək olar. Yəni idxal edilən siqaretlərin hesabına ölkə real olaraq ildə 450 milyon dollar itirir.
Ümumilikdə isə Azərbaycanın tütündən imtinadan itirdikləri 1 milyard dolları keçir. Bu, neft satışından hazırda Azərbaycanın əldə etdiyi illik gəlirlərin 20%-inə bərabərdir. Göründüyü kimi, hökumət tütünçülüyü dirçəltməklə manata təzyiqləri xeyli aşağı sala bilər. Həm də regionlarda əhalinin rifahını xeyli yüksəldə bilər.
Tütün əkinini bərpa eləməklə Azərbaycan kənd yerlərində 10 minlərlə yeni iş yeri aça bilər. 54 min ton quru tütün ən azı 100 min ailənin işlə təmin edilməsi deməkdir. Bu, kənd ailələrinin 10 faizi deməkdir. Hazırda tütünün kiloqramını tədarükçülər 7 manatdan alırlar, bu, ailənin mövsüm ərzində elə də ciddi əziyyətə qatlaşmadan 20-25 sot ərazidən 3,5 min manat qazanması deməkdir. Hektardan gəlirlər isə 10 min manata yaxın təşkil edir. Dünya bazarında quru tütünün kiloqramı 10 dollardır, bu, nəzərə alındıqda tədarük qiymətlərini 10 manata kimi qaldırmaq olar və təbii ki, kənd ailələrinin gəlirləri daha çox artar.
İndi Azərbaycan müstəqillik illərində unutduğu bu peşəni yenidən diriltmək istəyir. Aqrar islahatlar üzrə mütəxəssis Vahid Məhərrəmov İstiPress-ə müsahibəsində buna nail olmağın çətin olacağını bildirir:
“Tütünçülük elmi yanaşma tələb edən sahədir. Geniş inkişaf etmiş toxumçuluq sahəsi olmadan tütünçülükdə inkişafa anil olmaq mümkün deyil. Əks halda, toxumlar cırlaşacaq. Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyində xüsusi qrup yaradılmlıdır və o, ölkənin bütün rayonlarını araşdırmalı, tütün əkilməsi üçün uyğun gələn rayonları müəyyən etməlidir”.
Aqrar ekspertin sözlərinə görə, həm də sahəyə sərmayələrin cəlbi üçün şərait yaradılmalıdır: “Azərbaycanda siqaret istehsalında daha çox müəssisəsinin işləməsi üçün şərait yaradılmalıdır. Hazırda bazarda yalnız bir şirkət fəaliyyət göstərir. O da keyfiyyətli məhsul istehsal edə bilmədiyindən, bazarda əsasən idxal mallarına maraq var. Siqaret istehsalı müasir texnologiyalara əsaslanmasa, bazar daimi idxal şirkətlərin nəzarəti altında olacaq”,- deyə Vahid Məhərrəmov vurğulayır.
Bakıya planlaşdırılan yeni erməni hücumu
Əslində, əvvəllər Azərbaycanda yerli tütündən istehsal edilən siqaretlər də istehlak edilirdi. 2000-ci ildə bazara girən indiki tək siqaret istehsalçısı qeyri-leqal üsullarla qalan istehsalçıların bazardan çıxarılmasına nail oldu. Bunun üçün hansısa qeyri-profil adamlardan ekspert qismində istifadə edildi, həmin "ekspertlər" iddia etdilər ki, yerli tütündən istehsal edilən siqaretlər impotensiya yaradır. Nəticədə, yerli tütündən siqaret istehsal edən 7 müəssisə bağlandı. Düşünülürdü ki, yeni yaranmış müəssisə keyfiyyətli məhsul istehsalı ilə ən azından bazarın 40 faizinə xidmət göstərəcək. Lakin sonrakı illər göstərdi ki, zavodun mallarına maraq azdır və o, istehsal gücündən 3 dəfəyə qədər az məhsul istehsal edir.
Bu zavodun ən böyük problemi yerli onun istehsalda istifadə etdiyi tütün məhsulu ilə bağlıdır. Zavod işə başladığı ilk gündən Azərbaycan tütünündən imtina etdi və nədənsə Şimali İraq kürd muxtar bölgəsindən gətirilən tütündən istifadə etməyə başladı. Yananda yoncaya bənzər iyi verən həmin tütün alıcılar tərəfindən bəyənilmədi, amma buna baxmayaraq zavod rəhbərliyi yerli tütündən imtina siyasətindən əl çəkmədi. Nəticədə, Azərbaycanda yerli tütün istehsalı 5 dəfədən çox azaldı. 2000-ci ildə ölkədə 8 min hektardan çox tütün əkildiyi halda, 2002-ci ildə bu göstərici 1,5 min hektara düşdü. Həmin zavodun işə düşməsindən ötən 15 il ərzində Azərbaycan 10 milyard dollara yaxın valyuta tütün və tütün məhsulları idxalı üçün Azərbaycandan kənara çıxarıldı.
Mənbə: Dövlət Statistika Komitəsi
Avqustun 4-də Qaxda keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindən belə görünür ki, hökumət bu problemi həll etmək niyyətindədir. Yəni siqaret istehlakı üçün xərclənən 400 milyon dollardan çox vəsait ölkə istehsalçılarına yönəldiləcək. Həmçinin yeni imkanlar hesabına tütün ixracı da genişlənəcək.
Bundan başqa, müşavirdə vurğulanıb ki, Azərbaycanda barama istehsalı da dirçəldiləcək. 1970-ci ildə Azərbaycanda barama istehsalı 3700 ton səviyyəsində idi. Heydər Əliyevin rəhbərliyi altında bu rəqəm 1980-ci ildə 5 min tona çatıb. Amma 1991-ci ildən sonra barama istehsalı kəskin şəkildə aşağı düşüb və 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilib. Lakin operativ tədbirlər nəticəsində 2 il ərzində bu rəqəm 244 tona çatdırılıb. Bu, “Şəki-İpək” kombinatında işi bərpa etməyə imkan yaradıb, hazırda orada 600 nəfər işləyir. Hazırda 30 rayonda 3 min kümçü ailəsi baramaçılıqla məşğuldur və gələn il barama tədarükü 500 tona çatdırvla bilər. 2019-cu ildə bu, 1000 ton, 2025-ci ildə 6 min ton olacaq. Barama istehsalı məhz yerli ipəkçiliyin bərpasına xidmət edəcək. Bu, xaricdən on milyonlarla dollar vəsaitin xərclənərək gətirilən idxal parçaların daha keyfiyyətli yerli parçalarla əvəzlənməsinə imkan verəcək, həmçinin regionlarda minlərlə yeni iş yeri açılacaq.
Amma baramaçılıqdan fərqli olaraq fındıq istehsalının genişləndirilməsi ölkənin valyuta gəlirlərinin artımına xidmət edəcək. Hazırda 55 min hektarda fındıq bağları salınıb. Amma onların sahəsinin 80 min hektara çatdırmaq qarşıya məqsəd kimi qoyulub. Keçən il fındıq satışından ölkəyə 105 milyon dollar valyuta gəlib və məqsəd bu vəsaitləri bir neçə dəfə artırmaqdır. Həmçinin, hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur, yeni bağlar salınandan sonra təqribən 20 min nəfərə çatacaq.