“Özümüzünküləri zəhərləmək olar, turistləri yox”

21-07-2015, 17:26           
“Özümüzünküləri zəhərləmək olar, turistləri yox”
2000-ci ildə Hollivudda çəkilən, baş rolda Culiya Robertsin oynadığı “Erin Brokoviç” filmi böyük korporasiyaların qarşıdurması zəminində ətraf mühitin çirklənməsindən bəhs edirdi. Bu qarşıdurmanın qurbanları olan yüzlərlə ailə zəhərlənmə nəticəsində xərçəng xəstəsi olur. Təəssüf ki, su hövzələrinin zəhərlənməsi təkcə ABŞ-da deyil, Azərbaycanda da aktualdır. Mingəçevir şəhəri, Heydər Əliyev 3 ünvanda yaşayan, məcburi köçkün Əntiqə Zeynalova Qafqaz Xəbər Agentliyinə müraciət edib: “ Bir həftə müddətində bizim qəsəbənin onlarla sakini qarın ağırısı ilə Təcili yardıma müraciət edib. Bu zəhərlənməyə oxşayırdı. Biz bu barədə Səhiyyə Nazirliyinin yerli bölməsinə müraciət etdik. Nazirlik məsələni Mingəçevir Mərkəzi xəstəxanasına tapşırdı. Yoxlamadan sonra həkimlər bildirdi ki, şəhərdəki içməli su hövzəsi texniki su ilə doldurulub”. Məsələ ilə bağlı Təcili yardımın həkimi Yusifov ( adını demədi ) Qafqaz Xəbər Agentliyinə bildirib ki, şəhərdə sudan zəhərlənən məcburi köçkünlər yoxdur: “ Təcili yardıma müraciət edənlərin mədəsində və bağırsaqlarında problem olub”. Əntiqə Zeynalova həkimin dediklərini inkar etdi: “ Necə zəhərlənmə olmayıb? Eyni vaxtda 10 nəfərin mədəsi və bağırsağı soyuqladı..? Mərkəzi xəstəxanada bizə dedilər ki, istifadə etdiyimiz suda təhlükəli mikrob tapılıb. Yeri gəlmişkən, bu yaxınlarda bizimlə qonşuluqda məcburi köçkünlər üçün şəhərcik istifadəyə verilib. Orada əvvəl turistlər yerləşdirilmişdi. Onlara zəhərlənməmək üçün su hövzələrindən istifadə qadağan olunmuşdu. Ancaq bizə heç bir xəbərdarlıq edilməyib. Deməli, özümüzünküləri zəhərləmək olar, ancaq turisləri olmaz..”. Biz məsələyə aydınlıq gətirmək üçün Mingəçevir mərkəzi xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın əməkdaşı bizə bildirdi ki, suala ancaq baş həkim Yusif Quliyev cavab verə bilər. Məsələyə aydınlıq gətirmək üçün “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı ilə də əlaqə saxlamağa cəhd etsək də bu mümkün olmadı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.