Azad Suriya…və İranın itkiləri
30-12-2024, 10:18
Devrilmiş Əsəd rejimi “Müqavimət oxu”nda “əsas rol” oynadı və onun oxun komponentləri (dövlətlər və güclər) ilə əlaqəsi təkcə hərbi ittifaqla məhdudlaşmırdı, daha çox ideoloji, siyasi və iqtisadi ölçüləri var idi bu rejimin.
“Müqavimət oxu”nun əsas inkubatoru olan və İranı ideoloji paytaxt paytaxtı hesab edən Əsəd rejimi İranın regional siyasətinin itaətkar icraçısı olub və buna görə də Əsədin qaçması Suriyanın “müqavimət oxundan” çıxması ilə nəticələnib.
“Müqavimət oxu” təsbeh dənələri kimi dağılması, xüsusən də İranın milli təhlükəsizliyinə ekzistensial təhlükə təşkil edir, bu təhlükə onun hərbi və təhlükəsizlik rolunun zəifləməsi ilə başlayır və iqtisadi itkilərə yol açır. Bu eyni zamanda regionda baş verəcək ciddi geosiyasi dəyişikliklərin olacağını söyləməyə əsas verir.
Daha konkret müstəvidə, Suriya strateji mövqeyinə görə İran raketlərini və Amerika dollarlarını İrandan Livan Hizbullahına keçirmək üçün hava və quru körpüsü yaratdığından, bu kommunikasiya körpüsünü dağıtmaqla Hizbullah hərbi təchizat marşrutunu itirdi. İranın bəslədiyi Hizbullah bu gün məhz buna görə də əvvəl ki, maliyyə dəstəyi ala bilmir. Eyni zamanda Livanda dövlət içində at oynadan Hizbullahın dili demək olar ki, qısalır.
Digər tərəfdən, təbiidir ki, İsrail Suriyadakı bu dəyişikliklərdən istifadə edəcək.
İsrailin “məhv edilməsi” şüarı həmişə İranın Suriyada və bölgədə ekspansionizminin gizləndiyi maska olub, lakin bu şüarın əsl məğzi regionda məzhəbçilik nifaqı salmaq olub ki, İran bunu gözəl şəkildə bacarıb.
İran ərəb ölkələrində düşmənçilik toxumlarını ilk baxışdan “Dini ocaq” olan “Hüseyniyyələr” altında başladı. Əsasən sünni olan ərəblərlə “ünsiyyətin” ilkin formasında islami şüarlar və qardaşlıq bağları tərənnüm edilsə də daha sonra bütün müxalif məzhəb sahibləri gizli şəkildə təkfir olundular. Daha sonra isə, ümumilikdə sünni ərəb dünyası bütünlükdə “vəhhabilikdə” ittiham olundu. Regionda müharibələrin olması və ölənlər də İranın “maraq dairəsində” idi. Belə ki, uzun illər əza vəclislərində edilən təziyələrdə yalnız İran şiəliyi tərənnüm olundu ( mərsiyələr və sairə) Daha sonra isə müəyyən darirələrdə gec toplayan irançı qüvvələr ərəb sünni dünyasının müqəddəs hesab etdiyi şəxsləri ( Əbu Bəkr, Ömər,Osman, Aişə və sairə) açıq şəkildə təhqir etməkdən belə çəkindmədilər. Bu forma İranın maraq dairəsinə daxil olan bütün dövlətlərdə eynidir.
Qayıdaq Suriya məsələsinə…
Hazırda Suriya müxalifəti Suriya üçün fərqli siyasi xəritə çəkməyə hazırlaşır və aydındır ki, onun atacağı ilk siyasi addım Suriyanı İranın müstəmləkəsinə çevirən köhnə ittifaqların mirasından qurtulmaq olacaq.
Siyasi münasibətlərdə belə görünür ki, qonşu Türkiyə hərbi missiyasını uğurla başa vurduqdan sonra yeni hakimiyyətin qurulmasında, müqavilələrin bağlanmasında və ittifaqların bağlanmasında söz sahibi olacaq. Səudiyyə isə İran ideologiyasının qarşısının alınmasında önəmli addım atacaq.
Digər tərəfdən, Əsəd rejiminin süqutunun İran üçün ağır iqtisadi nəticələri olacaq. Suriya böhranı zamanı İran Əsədi hakimiyyətdə saxlamaq üçün, bölgədəki rolunu gücləndirmək və strateji dərinliyini qorumaq məqsədi ilə böyük pullar xərclədi. Bu pullar
sıravi şiə müsəlmanlarının Allah yolunda verdiklər xüms və zəkatla yanaşı, dövlət büdcəsi də idi.
Bu uğursuzluq İrana ikiqat təsir göstərəcək.. İran artıq Suriyada “ xüms və zəkat” pulu ilə qurulan, telekommunikasiya şirkətləri, mətbəələr,qaçaqmalçılıq ticarəti və Captagon istehsalı sahəsindəki bazarları və saysız-hesabsız sərmayələrini itirir. Maraqlısı isə odur ki, İran bütün bunlarla yanaşı, Suriyada gündəmi yönəldə biləcək saxta hüquqşünaslar, QHT-lər, kursların da açılmasına yetərincə pul sərf etmişdi. Bu ilk baxışda inanadırıcı gəlməyə bilər, lakin hədəf əhalinin bütün təbəqələrinə hətta “fahişəlik sənayesi”-nə də sirayət edərək, nəzarəti əldə saxlamaq idi.
Bütün bunlar İranda molla rejiminin legitimliyinə meydan oxuya bilər.
arab.az