Mikroblar mazuta qarşı: Ekoloji fəlakətin qeyri-adi həll üsulu
30-12-2024, 17:38
Dekabrın 15-də Kerç boğazında iki tankerin qəzaya uğraması nəticəsində baş verən ekoloji fəlakətdən sonra mazutla çirklənən Temryuk rayonu və Anapada Qara dəniz sahilinin 50 kilometrdən çox hissəsinin təmizlənməsi üçün xüsusi bakteriyalardan istifadə ediləcək.
Oxu.Az-ın qazeta.ru-ya istinadla verdiyi məlumata görə, təklif "Sirius" Universitetinin Ekologiya və İqlim Dəyişikliyi üzrə Beynəlxalq Elmi Mərkəzinin alimləri tərəfindən verilib.
Bildirilir ki, çirklənmiş torpaq və suyun ilk nümunələri artıq bakterial təmizləmə texnologiyasının öyrənilməsi və işlənməsi üçün "Sirius"un laboratoriya kompleksinə çatdırılıb. Bu üsul təkcə mikroorqanizmlər vasitəsilə çirklənməni səmərəli şəkildə aradan qaldırmır, həm də ekoloji tarazlığın bərpası prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.
"Yoxlama təxminən bir ay çəkəcək, bundan sonra bakteriyalar Anapa sahilində torpaq və suyun genişmiqyaslı təmizlənməsi üçün istifadə edilə bilər", - deyə universitetdən bildirilib.
Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında təxminən 8 min ton neft məhsulu daşıyan "Volqaneft-212" və "Volqaneft-239" tankerləri batıb. Hadisə ilə bağlı cinayət işi açılıb, tanker kapitanlarına dəniz nəqliyyatının təhlükəsizlik qaydalarının pozulması ittihamı irəli sürülüb. "Volqaneft-212"nin kapitanı istintaq təcridxanasına göndərilib, "Volqaneft-239"un kapitanı isə ev dustağı edilib.
Məlumata görə, tankerlərdən yanacağın 40%-i axıb, ekspertlər bunu "ekoloji fəlakət" kimi qiymətləndirirlər.
Sızıntıdan sonra mazut dalğalarla Anapa çimərliklərinə atılıb. Bir neçə gün sonra Krımda - Kerç yarımadasında İlan burnu və Yeni Qala rayonunda da sızıntı baş verib. İki gün ərzində Kuban sahillərindən təxminən 80 ton neft məhsulu yığılıb. Krasnodar vilayətinin yaşayış məntəqələrində ekoloji təhlükə səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Qeyd edək ki, Kerç boğazında iki tankerin qəzaya uğramasından sonra dənizə tökülən mazutun təmizlənməsi iki həftədir davam edir.