Avtomobilə sonradan quraşdırılan səs izolyasiyası: Gizli təhlükələr və çətinliklər

30-12-2024, 12:28           
Avtomobilə sonradan quraşdırılan səs izolyasiyası: Gizli təhlükələr və çətinliklər
Bir çox avtomobil sahibləri öz maşınlarını daha rahat və səssiz etmək üçün sonradan quraşdırılan xarici səs izolyasiyası xidmətlərindən istifadə edirlər. Lakin bu cür təkmilləşdirmənin əhəmiyyətli çatışmazlıqları var.

Gazeta.ru-nun verdiyi məlumata görə, bu barədə avtomobil mütəxəssisi Vadim Strelbitski xəbərdarlıq edib.

Onun sözlərinə görə, əsas mənfi cəhətlərdən biri avtomobilin çəkisinin əhəmiyyətli dərəcədə artmasıdır.

"Bu öz növbəsində asqıya əlavə yüklənmənin və yanacaq sərfiyyatının artmasına səbəb olur. Bu, xüsusilə kuzovun asma hissələrinə mənfi təsir göstərir. Məsələn, həddindən artıq çəki səbəbindən qapılar rəzələrdə tez sallanır", - deyə təcrübəli mexanik xəbərdarlıq edib.

Strelbitski vurğulayıb ki, sonradan qoyulan səs izolyasiya materialları kuzovun içərisindəki boşluqları izolyasiya edir, bu isə nəmlik toplanmasına və nəticədə kuzovun korroziyasına şərait yaradır.

Mütəxəssis, həmçinin xüsusi bacarıqlar tələb edən səs izolyasiyasının quraşdırılmasının mürəkkəbliyinə diqqət çəkib.

"Bəzi qovşaq və aqreqatlara xidmət üçün giriş çətinləşir, kuzov örtüyünün sökülməsindən sonra isə çətin aradan qaldırılan cırıltılar əmələ gəlir", - deyə o əlavə edib.

Ekspert onu da vurğulayıb ki, keyfiyyətli səs izolyasiya olduqca bahalıdır. Bu səbəbdən o, avtomobil sahiblərinə sonradan quraşdırılan xarici səs izolyasiyasına qərar verməzdən əvvəl bütün müsbət və mənfi cəhətləri diqqətlə ölçüb-biçməyi tövsiyə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.