Zəncanda tibb bacılarının 17 aylıq maaş borcu yığılıb

30-12-2024, 17:34           
Zəncanda tibb bacılarının 17 aylıq maaş borcu yığılıb
Zəncan Tibb Elmləri Universitetinin tibb bacıları 17 aydır maaş ala bilməyib.

Universitetin tibb bacıları idarəsinin müdiri Fəridun İskəndəri İRNA xəbər agentliyinə açıqlamasında bu borcu təsdiqləyib. Onun sözlərinə görə, Zəncan, tibb bacılarının maaş borcu baxımından ölkədə ən çox borcu olan universitetlərdən biridir.

İskəndəri bildirib ki, tibb bacılarının maaş borcu 17 aydan 10 aya endiriləcək və bu borcların bir hissəsi yaxın günlərdə ödəniləcək.

Tibb bacılarının bu qədər uzun müddət maaş ala bilməməsi İranın xəstəxana və tibb mərkəzlərində maliyyə idarəçiliyində ciddi problemlərin olduğuna işarə edir.

Ümumilikdə İranda tibb bacıları az maaş və ağır iş şəraitindən narazıdır. Onlar bu şərtlərə etiraz olaraq tez-tez aksiyalar və tətil keçirirlər.
Mövcud vəziyyət bir çox tibb bacısının ölkəni tərk etməsinə səbəb olur. İran mediasının məlumatına görə, hər il təxminən 2000 tibb bacısı xaricə köçmək üçün müraciət edir.

Tibb bacıları sistemi üzrə təşkilatın rəhbəri Əhməd Necatian bu ilin oktyabr ayında açıqlayıb ki, təşkilat hər il xaricdə işləmək istəyən tibb bacılarına 2000 “Good Standing” (peşəkar fəaliyyət üçün uyğunluq) sertifikatı təqdim edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.