Polisin açdığı atəş nəticəsində onurğasından ağır yaralanan Arzu Bədrinin ailəsinə təzyiqlərin davam etdiyi deyilir

30-12-2024, 15:24           
Polisin açdığı atəş nəticəsində onurğasından ağır yaralanan Arzu Bədrinin ailəsinə təzyiqlərin davam etdiyi deyilir
İranın Mazəndəran vilayətinin Nur şəhərində iyul ayında polis qüvvələrinin açdığı atəş nəticəsində ağır yaralanan azərbaycanlı qadın Arzu Bədri hələ də yerimə qabiliyyətini bərpa etməyib. Həkimlər onun yenidən yerimə ehtimalının olduqca aşağı olduğunu bildirirlər.

Qadın hüquqları müdafiəçisi Məsih Əlinejad X platformasında paylaşım edərək, Arzu Bədrinin ailəsinə susmaq üçün təzyiq göstərildiyini bildirib. “Arzu xəstəxanada yalnız vəziyyətinin ağırlığı ilə deyil, rejimin ailəsini susdurmaq üçün apardığı amansız səylərlə də mübarizə aparır,” -deyə Əlinejad qeyd edib.

Arzu Bədri əslən azərbaycanlıdır və hadisə zamanı sərnişin qismində Nur şəhərindən Babülsər istiqamətində hərəkət edən avtomobildə olub. Onun avtomobilinə hicab qaydalarını pozduğu iddiası ilə atəş açılıb və nəticədə Arzu Bədri onurğasından ağır xəsarət alıb.

Tasnim xəbər agentliyi hadisədən sonra, avqustun 19-da, Arzu Bədri və atasının xəstəxanada olduğu 35 saniyəlik bir video yayımlayıb. Videoda atası rəsmilərə və polis qüvvələrinə təşəkkür edir və qızının səhhətinin yaxşılaşmaqda olduğunu deyir. Müxalif fəallar bu videonu İran İslam Respublikasında dissidentlərə geniş şəkildə tətbiq edilən məcburi etiraf müsahibələrindən biri kimi dəyərləndirərək, Arzu Bədri və ailəsinin təzyiq altında olduğunu irəli sürüblər.

Arzu Bədri hadisədən sonra ilkin olaraq Nur xəstəxanasına aparılıb, daha sonra isə Sari şəhərindəki İmam Xomeyni xəstəxanasına köçürülüb. Hazırda o, Tehranın Vəliəsr xəstəxanasında müalicə alır.

Arzu Bədrinin ilk xəstəxanaya aparıldığı zaman oraya çox sayda təhlükəsizlik əməkdaşı yerləşdirilib və hadisənin ictimailəşməsinin qarşısını almaq üçün ciddi tədbirlər görülüb.

İran polisi Arzu Bədrinin hicab qaydalarını pozduğu üçün deyil, bacısının, yəni sürücü şəxsin polisin "dur" əmrinə tabe olmayaraq avtomobillə qaçmağa cəhd etdiyi üçün atəş açıldığını iddia edir. Bildirilir ki, polis avtomobilin təkərlərinə atəş açaraq onu dayandırıb. İran polisinin açıqlamasına görə, hadisə zamanı sərnişinlərdən biri yaralanıb və xəstəxanaya aparılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.