Daha bir oliqarx həbs təhlükəsində! - Qərib Məmmədov və ətrafı gizli yoxlanılır

20-04-2015, 15:56           
Daha bir oliqarx həbs təhlükəsində! - Qərib Məmmədov və ətrafı gizli yoxlanılır
İki ay əvvəl ləğv edilən və bununla da toxunulmazlıq hüququnu itirən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov çox təhlükəli vəziyyətlə üzləşib.

Mia.az xəbər verir ki, komitənin ləğvindən sonra yaradılan Mərkəzi Ləğvetmə Komisssiyası aprelin 5-dək təftiş aparıb, təhvil-təslim aparmalı olsa da, bu, prezident fərmanında göstərilən müddətdə yekunlaşmayıb:

«Bildiyiniz kimi, Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında iki ay ərzində bölünməli idi. Ancaq aprel ayının 5-də aydın olub ki, ləğv edilən komitənin səlahiyyət bölgüsü ilə bağlı işləri yekunlaşdırmaq mümkün olmayıb. Məhz buna görə də komitə üzrə yaradılan Mərkəzi Ləğvetmə Komissiyası Prezident Administrasiyasına müraciət edərək, əlavə bir ay da vaxt istəyib. Razılıq verildikdən sonra isə komissiya üzvləri bu müddətin bir ay uzadılması haqqında ümumi razılığa gəliblər. Beləliklə, təhvil-təslim işlərinin prezident fərmanında göstərilənlərin əksinə olaraq, may ayının 5-də başa çatdırılması haqda rəsmi qərar verilib».

Bu təftişin uzadılmasının həqiqətən də işləri çatdırılmaması, yoxsa başqa məqamlarla bağlı olduğu haqda dolaşan şaiyələrə gəlincə, müsahibimiz bu yöndəki xəbərlərdə də həqiqət yükünün olduğunu istisna etməyib:

«Bəli, təftişin uzadılmasının təkcə təhvil-təslimin başa çatdırılmasının mümkün olmaması ilə əlqələndrilməsi inandırıcı deyil. Məncə, burada cəmiyyətə açıqlanmayan çox gizli məqsədlər də var. Düşünürəm ki, Prezident İlham Əliyevin müşavirədə ayrı-ayrı adamların adına sənədləşdirilən hektarlarla torpaq sahələri ilə bağlı açıq şəkildə səsləndirdiyi xəbərdarlığının da burada rolu var. Belə ki, Qərib Məmmədov komitə sədri olduğu dövrdə özü və yaxın ətrafı başda olmaqla, xeyli adama yüz hektarlarla torpaq sahəsi peşkəş edilib. Həmin torpaq sahələri hasara alınsa da, bu günədək təyinatı üzrə istifadə olunmayıb. Prezident də bu torpaq sahələrinin müəyyənləşdirilərək gərəkən addımların atılması tapşırığını verib. Diqqət edirsinizsə, son aylar torpaq sahələri ilə bağlı bir-birini əvəzləyən fərman və sərəncamlar verilir. Bütün bunlar prezidentin xəbərdarlığı ilə bağlı plana uyğun edilir. Yəni prezidentin müşavirədə səsləndirdiyi irad və xəbərdarlıqlar belə qalmayacaq. Onların icra olunması istiqamətində ən sərt tədbirlərə belə, əl atılacaq. Təbii ki, bunu nəzərə aldıqda, ləğv edilən komitənin təhvil-təslim işlərinin uzadılmasını anlamaq çətin deyil. Böyük ehtimalla bu proses hazırda AMEA-ya sığınan akademik Qərib Məmmədov və yaxın çevrəsinin indiki qeyri-müəyyən statuslarını kəskin dəyişəcək».

Mənbə deyir ki, hazırda Əmlak Məsələləri Dövlət Komitəsi bu istiqamətdə çox gərgin çalışmalar həyata keçirir: «Əmlak Məsələləri Dövlət Komitəsi tətkcə fərmandan irəli gələn təhvil-təslim işlərinə deyil, həm də prezidentin istifadəsiz torpaq sahələr ilə bağlı xəbərdarlığı istiqamətində gərgin fəaliyyət göstərir. Bu isə ləğv edilən rayon torpaq şöbələrinin hazırda işsiz qalan müdirlərini də bərk qoruya salıb. Çünki bu prosesin sonu onların çoxunun barəsində cinayət işi açılaraq həbs olunmasına səbəb ola bilər».

Məlumatlı şəxs deyir ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də üzərinə düşən öhdəliyi problemiz yerinə yetirməyə çalışır: «Bu proses elədir ki, diqqətdən yayındırılan hər bir məsələ komitə sədri Kərəm Həsənovla nazir Hüseynqulu Bağırovun özünü də çətin fakt qarşısında qoya bilər. Ona görə də hər iki məmur təhvil-təslim və yoxlama işlərini ciddi nəzarətlə bitirib, Nazirlər Kabinetinə təqdim etməyə çalışırlar».

Xatırladaq ki, Prezident İlham Əliyevin fevral ayının 5-də imzaladığı fərmana əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvindən sonra dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışları və Prezident Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.
Ləğv edilmiş komitənin torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək sahəsindəki funksiyaları isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub.

Ləğv edilən komitənin Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Sərhəd Xidməti ilə birlikdə həyata keçirəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.