Qazax Maliyyə İdarəsində saxta diplomlu məmur – “Bacanaq əməliyyatı”
5-10-2015, 12:48
Tez-tez dövrü mətbuatda hüquq-mühafizə orqanları tərəfindən “saxta diplom alverçiliəri”nin saxlanılması, cinayət işinin açılması barədə xəbərlər dərc olunur
Sözün düzü, bu cinayət işlərinin sonradan necə yekunlaşması barədə cəmiyyətə məlumat verilmir və “saxta diplom” problemi hələ də aktual olaraq qalır. Hətta bu gün Azərbaycanda kifayət qədər saxta diplomla işləyən vəzifə sahibləri var.
Məlumat üçün onu da bildirək ki, bir müddət əvvəl TQDK-nın sədri Məleykə Abbaszadə öz açıqlamasında bildirmişdi ki, ölkədə 20 mindən artıq saxta diplom var. Ancaq çox təəssüf ki, bu günədək saxta diplom sahiblərinin adı cəmiyyətə açıqlanmır. Guya dövlət sirridir. Axı, hər bir saxta diplomun arxasında cinayət əməli, dövlətdən mənimsənilmiş xeyli miqdarda vəsait və digər məsələlər dayanır. Ona görə də saxta diplom məsələsinə barmaqarası yanaşmaq olmaz. Sözün qısası, nə sirrdirsə, “saxta diplom”ların sahibləri vəzifələrə irəli çəkilir, hətta seçkili orqanlarda təmsil olunurlar.
“Saxta diplom” sahiblərindən biri, Qazax rayonunda məmur postunda əyləşən şəxs haqda cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub.Bəlkə də rayon ictimaiyyəti, o cümlədən aidiyyəti dövlət orqanları bu barədə məlumatsızdırlar. Onlar belə bir vaxtda, yəni saxta diplomlu “mütəxəssislərə” qarşı aparılan mübarizə çərçivəsində bilsələr ki, Qazax Rayonu Üzrə Maliyyə İdarəsinin Xəzinədarlığında aparıcı-mütəxəssis olan Azər Aşurovun diplomu saxtadır, yəqin ki, ona qarşı təcili tədbir görərlər. Onu da bildiririk ki, Azər Aşurov uzun müddətdir ki, bu sahədə işləyir. O, ilk dəfə Qazax Maliyyə İdarəsində Rusiyadan aldığı diplomla fəaliyyətə başlayıb. Hansı ki, Azər Aşurov nəinki rusca, azərbaycan dilini də danışanda çətinlik çəkir. Həmin diplom saxta olduğuna görə ləğv edildikdən sonra o, Qazax Maliyyə İdarəsində işləyə-işləyə, 1 gün də işindən ayrılmadığı halda, həmkəndlisi, deputat Əhməd Vəliyevin rəhbərlik etdiyi Odlar Yurdu Universitetinin müvafiq fakültəsini əyani “oxumaqla” diplom alaraq maliyyə idarəsində stoldan qalxmadan işini davam etdirə bilmişdir. Bu gün də Azər Aşurov həmin saxta diplomla qazanc əldə etməkdədir.
Azər Aşurova himayədarlıq edən, məhz onun diplomunun saxtakarlığını ört-basdır edən məmur da elə Qazax Rayonu Üzrə Maliyyə İdarəsinin rəisi Novruz Abdullayevdir. Azər Aşurovla Novruz Abdullayev bacanaq düşürlər. Bacanaq –bacanağı sevməsə də, “heç vaxt sümüyünü kənara atmaz”. O cümlədən, saxta diplomlu Azər Aşurov da Novruz Abdullayevin himayədarlığı ilə işləyir.
Qarşı tərəfin də fikrini öyrənməyə hazırıq.(cumhuriyyəy)