Seçicilərini işdən atan, beş ildə “təzə”liyi pozulmayan deputat nəyin azarkeşidir? - ARAŞDIRMA
5-10-2015, 13:26
43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Muxtar Babayev 1967-ci ildə anadan olub
ARDNŞ-ın “Azərkimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədridir.
“Azərikimya” İB-nin strukturuna “Etilen-Polietilen” zavodu, “Səthi Aktiv Maddələr” zavodu, “Üzvi Sintez” zavodu, “Mexaniki Təmir” zavodu, “Kimyalayihə” institutu, Təmir-Tikinti idarəsi, Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxildir. “Azərkimiya” İstehsalat Birliyinin müəssisələrində 20-dən çox neft-kimya məhsulları, o cümlədən etilen, polietilen, texniki və saf izopropil spirti, ağır piroliz və epoksid qətranları, xlor, kaustik soda və başqa məhsullar istehsal olunur. Milli Məclisin Təbii ehtiyatlar, energetika, ekologiya komitəsinin üzvüdür.
Milli Məclisin 5 ildə “təzə”liyi pozulmayan deputat
Amma buna baxmayaraq o da bir çox deputat kimi sanki ağzına su alıb, danışmır. Belə ki, onun da Milli Məclisdə hər hansı bir məsələyə münasibət bildirdiyini, hansısa təkliflərlə çıxış etdiyini bu 5 il ərzində görə bilmədik. Son 2 il ərzində Muxtar Babayev MM-nin iclaslarında yalnız 1 dəfə, “Dəniz limanları haqqında Qanun”un müzakirəsi zamanı danışıb. Onun özü isə vaxtilə Modern.az saytına açıqlamasında “nə üçün parlamentdə çıxış etmirsiniz” sualına cavabında bunu yeni seçilməsilə əlaqələndirmişdi. Yəni bəhanəsi yeni seçilməsidir: “Yeni seçilmiş deputatam. Milli Məclisin iclaslarında artıq təcrubə toplamış deputatlarla yanaşı, çıxış etməyə hələlik çətinlik çəkirəm. Digər tərəfdən də daha çox öyrənirəm”.
Seçicilərini işsiz qoyan deputat
Seçkilərdə seçicilərin maraqları uğrunda çalışacağını bəyan edən deputat bu posta yiyələndikdən sonra isə onların hüquqlarını müdafiə etmək bir yana, özü belə pozmağa başlayıb. Belə ki, bu ilin əvvəlində isə deputat rəhbəri olduğu “Azərkimya” Istehsalat Birliyində kütləvi ixtisarlara start verib. Hansı ki, bu da orada çalışanların narazılığı ilə qarşılanmışdı. Bu barədə cari ilin fevral tarixli yazısında azadlıq.info məlumat verib. Məlumata görə, Muxtar Babayev işçiləri yığaraq ixtisarların olacağını bildirib.
Muxtar Babayev ixtisarları “Azərkimya”nın özəlləşdiriləcəyi ilə izah edib. “Bildirdi ki, guya ”Azərikimya” özəlləşdiriləcək və xeyli idarə ləğv olunacaq. Ona görə də ixtisar aparmaq qərarına gəlinib”. Lakin işçilər ixtisarların böhranla əlaqədar olduğunu deyir. Məlumata görə, artıq 2000-ə yaxın işçiyə bildiriş verilib.
“Gündəlik Bakı” qəzeti 15 avqust 2015 tarixli yazısında “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində işçilərin əmək və sosial hüquqlarının pozulduğundan bəhs etmişdi. Bildirilirdi ki, burada ilk növbədə texniki təhlükəsizlik qaydalarına məhəl qoyulmur. İşçilərin müvafiq kaska və xüsusi forma ilə təminatında boşluqlar var. İş başında olan fəhlələrin movcud qaydalara müvafiq şəkildə məlumatlandırılması, təlim kurslarına cəlb edilməsi isə demək olar ki, tam formal xarakter daşıyır. Qurumun strukturuna daxil olan bəzi zavodların fəhlə və qulluqçularını əmək müqavilələrində əksini tapmış istirahət günlərində də iş başında görmək mümkündür. Baxmayaraq ki, İstehsalat Birliyinin rəhbərliyi tərəfindən buna görə əslində işçiyə əlavə ödəniş hesablanmalıdır.
İşçi hüquqlarını tapdalayan deputat
Məlumatda həmçinin, zavodda çalışan işçilərin heç də hamısı ilə əmək müqaviləsinin bağlanmadığı bildirilir. Deməli, deputatın özü qəbul edilən qanunlara hörmətsizlik edərək onu pozmaqla məşğuldur. Birliyin zavodlarında əməkhaqqı sistematik şəkildə gecikdirilir. Bununla bağlı edilən şikayətlər isə əksər hallarda ixtisarlarla nəticələnə bilər.13-cü əməkhaqqını isə fəhlə və mühəndislər yalnız arzu edə bilərlər. Bəzi məlumatlara görə, bir çox fəhlələr yerinə yetirdikləri işin xüsusiyyətindən irəli gələn əmək öhdəliklərini yerinə yetirmək üçün yayın qızmar istisində uzun müddət açıq havada işləməli olurlar. Bu zaman ortaya çıxan günvurma, ilan və əqrəb sancmaları kimi təhlükələrlə üz-üzə qalararq həyatını risk altında qoyurlar. Amma bunların deputata heç bir dəxli olmur. O yenə də öz ampulasındadır.
Jurnalistlərin və “Google”nin varlığından xəbərsiz olduğu Milli Məclis üzvü
Modern.az saytı 26 oktyabr 2013-cü il tarixində parlament jurnalistləri arasında sorğu apararaq Muxtar Babayevi millət vəkili kimi necə xarakterizə etdiklərini öyrənib.
“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə qeyd edib ki, Muxtar Babayev deputat olmaqla yanaşı, məmurdur: “Məmur-deputatla indiyədək heç bir ünsiyyətim olmasa da, kənardan mədəni insan təəssüratı yaradır. Amma deputat kimi fəal deyil. Seçiciləri ilə necə işləməsi haqda məlumatsızam”.
“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan isə bu adda deputat tanımadığını bildirib: “Deputat parlamentdə, mətbuatda öz çıxışları ilə, fəaliyyəti ilə tanınar. Mən parlament jurnalisti kimi bu adda deputat tanımıramsa, deməli, bu şəxs kimdirsə, passiv deputatdır. Ola bilər ki, Milli Məclisin saytında deputatlar sırasında onun da adı olsun. Amma şəxsən mən onun nə adını eşitmişəm, nə də üzdən tanıyıram”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşsoy bu adın ona heç nə demədiyini bildirib.
“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı Muxtar Babayevi tanımadığını və buna görə də fəaliyyəti haqqında heç nə deyə bilməyəcəyini qeyd edib.
“Novosti-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov deputatı özünü realizə edən bilməyən şıxs kimi dəyərləndirdi: “Muxtar Babayev kimya sənayesinin inkişafında öz potensialını ortaya qoymadığı kimi, bir deputat olaraq da özünü realizə edə bilmədi. O sadəcə bir deputat mandatını zəbt edərək, yerində əyləşib. Parlamentdə ən passiv, eyni zamanda mətbuata da o qədər açıq olmayan məmur və deputatadır. Parlament jurnalistlərindən onu sifətdən tanıyan çox az jurnalist olar”.
“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu bildirib ki, Muxtar Babayev plenar iclaslarda çıxış edən deputatlardan deyil. “Onun hər hansı bir məsələ ilə bağlı çıxışını eşitməmişəm. Seçildiyi dairədə seçici ilə necə işlədiyindən xəbərim yoxdur”.
“Həftə içi” qəzetinin əməkdaşı Murad Əhməd də Muxtar Babayevi tanımadığını qeyd edib. “Onun kim olduğunu tanımaq üçün axtarış etdim. Google-da son 1 ayda onun haqda heç nə yazılmayıb. Fəaliyyətinə Google qiymət verdi”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı isə bir cümlə ilə kifayətlənib. “Adını eşitməmişəm, üzdən tanımıram”.
Modern.az saytının əməkdaşı Elşad Eyvazlı deyib ki, Muxtar Babayevin “Azərkimya”nın sədri olnmağından xəbərdar olsa da, deputat kimi fəaliyyətindən məlumatsızdır.
“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlunun fikrincə, Muxtar Babayev parlamentdə ən az fəallıq göstərən deputatlardandır. “Onun axırıncı dəfə nə vaxt çıxış etdiyi belə, yadımda qalmayıb. Jurnalistlərlə də münasibətləri sıfır dərəcəsindədir. Seçiciləri ilə münasibətlərinin nə yerdə olması barədə isə ümumiyyətlə, xəbərsizəm”.
“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu da Muxtar Babayevi tanımır. “Düzü, mən adını çəkdiyiniz deputatı tanımıram. Bu, bəlkə də mənim səhvimdir. Amma hansısa çıxışının, müsahibəsinin şahidi olmamışam. Qısacası tanımıram. Ona görə də fəaliyyətindən məlumatsızam”.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev də Muxtar Babayevin heç bir fəaliyyətini müşahidə etmədiyini deyib.
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Mən belə bir deputatın varlığından xəbərsizəm. Haradan seçilib, hansı komitənin üzvüdür, bu barədə də bilgisizəm. Ümumiyyətlə onun elə bir çıxışına rast gəlməmişəm ki, heç olmasa üz cizgiləri yadımda qalsın”.
Dövlət torpağını özəl müəssisəyə qanunsuz icarəyə verən deputat-direktor
Xalqxeber.Tv portalı 14 yanvar tarixli yazısında Muxtar Babayev dövlətin balansındakı torpaq sahəsini qanunsuz olaraq özəl şirkətə icarəyə verdiyini qeyd edib. Mətbu orqanın “Azərikimya”dakı mənbələrə istinadən verdiyi məlumata görə Muxtar Babayev istehsalat birliyinin ərazisini qanunsuz şəkildə “Baku Steel Company” MMC-yə icarəyə verib: “Qurumda baş verən struktur dəyişikliyindən sonra bəzi zavodlar fəaliyyətini dayandırdı. Həmin zavodların yerləşdiyi ərazilər isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansına verildi. Bundan başqa, “Azərikimya”nın balansında qalan bəzi torpaq sahələrində isə özbaşına işlər görülür. Belə ki, Muxtar müəllim həm deputat səlahiyyətlərindən, həm də qurumdakı rəhbər vəzifəsinin verdiyi arxayınlıqdan istifadə edərək dövlət qurumunun ərazisini MMC-yə icarəyə verib. Dövlət Neft Şirkətinin rəsmiləri bu faktı araşdırsalar, deyilənlərin yalan olmadığını görərlər. Dövlət müəssisəsinin balansındakı torpaq sahəsinin özəl şirkətə icarəyə verilməsi qanunlara ziddir. Çünki qeyd olunan ərazi qurumda struktur dəyişikliyi baş verəndən sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansına verilməli idi. Amma millət vəkili Muxtar Babayev hansısa yollara baş vurandan sonra bu prosesin qarşısını aldı”.
Mənbənin məlumatında o da bildirilir ki, ümumiyyətlə, birliyin direktorunun “Azərikimya”ya rəhbərliyi ürəkaçan səviyyədə deyil: “İstehsalat Birliyində köhnə problemlərin yetərli hissəsi hələ də həll olunmamış qalır. Təəssüf ki, Muxtar müəllim köhnə rəhbərliyin yol verdiyi nöqsanları aradan qaldıra bilmir, ya da qaldırmaq istəmir. Bu adam iş fəaliyyətindən daha çox biznes layihələri ilə gündəmə gəlir. Deyilənə görə, onun Sumqayıt və Bakıda saysız-hesabsız ticarət obyektləri, mənzilləri, villaları, habelə turizm rayonlarında istirahət mərkəzləri var.
P.S. Qeyd edək ki, Muxtar Babayevi seçiciləri Sumqayıtda tapa bilməsələr də, Tofiq Bəhramov adına stadionda tez-tez görə bilərlər. Belə ki, futbol azarkeşi olan M.Babayev xalqın arasında deyil, “ağ adamlar” üçün nəzərdə tutulan “Skybox”da oyunları seyr etməyi sevir.