Sadəcə bir şeyə təəssüflənir və qəlbən ağrıyıram ki...

22-01-2021, 06:55           
Sadəcə bir şeyə təəssüflənir və qəlbən ağrıyıram ki...
KƏRAMƏT BÖYÜKÇÖL
Səhər-səhər evdən çıxdım ki, Şəhidlər Xiyabanına gedim. Amma yolun yarısından qayıtdım. Bilmirəm niyə... Bəlkə ona görə ki, şəhid mənim üçün təkcə qəbri ilə deyil, yaratdığı fikirlə, düşüncə ilə mövcuddur.
Yol boyu qərənfillər satırdılar.
Qiymətini soruşdum.
50 qəpik idi.
- Birini 40 qəpiyə verərsənmi?
Vermədi.
- Elə özüm 40 qəpiyə almışam - dedi.
Bir az irəlidə isə solmuş, sanki hansısa məzarın üstündən götürülmüş qərənfillər satırdılar.
Biri 40 qəpik idi.
- 30 qəpiyə verərsən?
- 30 qəpik mayasıdır - dedi.
Vermədi.
Təbii, məqsədim qiyməti aşağı salmaq deyildi və mən heç kasıb, yoxsul, cahil, ömrü bir tikə çörəyin arxasınca əsir-yesir eləmiş o gülsatanları qınamadım.
Əminəm, heç bilmirlər ki, 20 Yanvar neçənci ildə olub və bəlkə də şəhidlərə ona görə çox sağ ol deyirlər ki, bu gün xeyli qərənfil satıblar, alverləri yaxşı gedib.
Sadəcə, bir şeyə təəssüflənir və qəlbən ağrıyıram ki, Azərbaycanda şəhidlərlə, onların adı ilə həmişə alver olunub.
Siyasətdə də, sənətdə də, məişətdə də...
Ölkədə nə qədər adamlar var, şəhidlər ölməz, vətən bölünməz deyə-deyə deputat olur, özünə ev-eşik, gün-güzəran qurur.
Şəhidlər Xiyabanına bahalı qızılgüllər alıb aparanlar da var idi.
Qurandan bir ayə yadıma düşdü.
Allah deyir, təəssüf, mənim yaratdığım bəndələr şükür etməyi bilmədilər və sonrakı ayədə deyir, doğru yolda ol ki, şükür etməyi biləsən.
Nə deməkdir bu?
Tutalım, sən kiminsə evinə oğurluğa gedirsən.
Nəzərdə tutmusan ki, oradan 100 min pul götürəcəksən.
Ancaq gedib görürsən ki, əlinə yüzcə manat keçdi.
Başını göyə qaldırıb şükür edirsən.
Bu şükürdürmü?
Yox!
Çünki doğru yolda deyilsən.
O pulu halal yolla əldə etməmisən.
Şəhidlərin də məzarı üzərinə nə qədər bahalı güllər qoyursan qoy, əgər vətənin azadlığı, müstəqilliyi uğrundan canından keçən insanların məzarı üstünə haram yollarla əldə etdiyim pulla bahalı güllər alıb qoyursansa, əmin ol, bu onların ruhunu şad etmir.
Əksinə, incidir.
Bir də ona görə geri qayıtdım ki, 20 Yanvar qırğınının müəllifi olan rus qoşunları ölkəmizdədir və mənə elə gəlir ki, şəhidlərimizin ruhu builki qədər narahat olmayıb.
Narahat ruhlara təsəlli vermək üçün axşam üstü təzədən Şəhidlər Xiyabanına getdim.
Axşambazarı idi və həm də sabah bazar olmayacaq deyə qərənfillər xeyli ucuzlaşmışdı.
Biri 10 qəpik idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.