Yenidən qabaran sovet nostaljisi - keçmişi idealizə edənlər

1-12-2021, 09:45           
Yenidən qabaran sovet nostaljisi - keçmişi idealizə edənlər
Dövlət müstəqilliyimizi bərpa etdikdən bəri elə bir il olmayıb ki, sovet dövrünə nostalji bəslənməsinə, “şanlı keçmiş”dən bəhs edilməsinə dair yazılar yazmayaq. Buna zərurət ona görə yaranır ki, bəzi adamlar bilərəkdən, ya da bilməyərəkdən (ikisi də var), sovet dövrünü idealizə edir, indiki dövrlə müqayisə apararaq, üstünlüyü keçmişə verirlər. Bu, olduqca yanlışdır. Qızıl həqiqətdir ki, keçmiş nə qədər ideal, şanlı olsa da, daima ona boylanan xalqlar xoşbəxt olmurlar, yalnız gələcəyi düşünənlər sosial rifaha yetmək və haqq-ədalətin bərqərar olunduğu cəmiyyət qurmaq məsələsində nailiyyət əldə edirlər.

Keçmiş də bir keçmiş ola... Hər şey qələmə verildiyi kimi olsaydı, nə vardı ki...

Tez-tez olur, adamlar sosial şəbəkələrdə “o vaxt eləydi, indi belədir” silsiləsindən kollaj edilmiş şəkillər paylaşır və həmin şəkillərdə müqayisəli göstəricilər verilir. “Sovet vaxtı ”Andropovski" arağı 3 rubl 25 qəpiyə alırdıq"; “Sovet vaxtı qaz üçün ayda 20 qəpik verirdik”; “Sovet vaxtı kartof 7-8 qəpiyə idi”; “Sovet vaxtı Moskvaya təyyarə bileti 30-40 manat idi” və s. və i.a.

İlk baxışdan gözə, qulağa xoş gəlir. Gənc insanlar bu müqayisəli təqdimata uyub görmədikləri sovet dövrünün xiffətini çəkirlər. Çox keçmir, görürsən ki, 1990-cı ildən sonra doğulmuş gənclər də elə paylaşımları tirajlayırlar, sanki özləri o dövrü yaşayıblar.

Əslində isə real vəziyyət başqaydı. Bunu o dövrdə yaşamış hamı bilir. Sadəcə, sosialist əmlakının dağıdılması prosesində iştirak edərək, özünə varidat toplayan, zəhmətsiz gəlilər əldə edən, səhərdən axşamadan işləyən zəhmətkeşlərdən - fəhlə və kəndlilərdən qat-qat yaxşı yaşayan sovet “burjuy”larının məsələyə yanaşması başqa cürdür, kasıb proletariat olaraq qalan adamlarınkı isə fərqlidir. (Əslində SSRİ-nin iflasına məhz o kompartiya burjuaziyasını korafəhmliyi və tamahkarlığı səbəb oldu).

Paytaxt şəhərlərində yaşayanlar o qədər də qıtlıq görmürdülər, tramvayları, trolleybusları, metroları vaxtlı-vaxtında işləyirdi, iş-gücləri vardı, bazar-dükanlarında pis-yaxşı ərzaq tapılırdı. Bəli, gerçəkdən də Moskvada, Leninqradda kartofun kilosu 10-12 qəpiyə olub. Amma bir nəfər desin ki, 1980-90-cı illər arasında Gəncədə 1 manatdan ucuz kartof ala bilib. Deyə bilməz. Çünki yox idi.

Lənkəran, Astara, Xaçmaz kimi bölgələrimizdə yetişdirilən faraş tərəvəzin ilk nübarını moskvalılar, leninqradlılar edir, ucuz-ucuz alıb yeyirdilər, o məhsulu yetişdirənlər öz mallarını ya oğurlamaqla, ya da 3-4 qat bahasına bazar qiymətinə əldə edirdilər.

1000 manata dəri plaş, ondan baha qiymətə xəz palto, 70-80 manata ayaqqabı, 300-500 manata kapitalist ölkələrində istehsal olunmuş kostyum, 250 manata adi cins şalvar alanlar, deyəsən, o günlərini unudublar.

Bəs maaşlar necəydi? Kənd zəhmətkeşlərinin aylıq qazancı 100 manatı ötmürdü. Şişirtmə rəqəmlərlə dövlətə 3 milyon ton üzüm, 1 milyon ton pambıq təhvil verildiyi illərdə bəzi rayonlarda qazanc yaxşıydı. Sonra onun da zibili çıxdı, minlərlə adamı türməyə saldılar, istintaqa çəkib incitdilər.

Ölkədə ən yüksək fəhlə maaşı BAM-da ödənilirdi. Amma sərt iqlimdə yaşamaq, işləməyin zülmünə hər kəs tablaşmırdı. Üstəlik, 250 milyon əhalisi olan dövlətdə BAM və o kimi nəhəng layihələrdə cəmi 1 milyon adam pul qazana bilirdi.

Kommunist liderlərin kristal təmizliyi barədə əfsanələrə inananlar çoxdur. Bu da havayı söhbətdir. Düzdür, indiki məmurlarla müqayisədə kommunist məmurların sərvəti qat-qat az idi, amma hər ikisinin tamahı eyni kəskinlikdə olar. Sadəcə, o vaxt mənimsəmək, talamaq imkanları məhdud idi.

Hamı Kremldə çalışan, sovet dövlətinin ikinci adamı hesab olunan Mixail Suslovun təmizliyindən, zahidanə həyat tərzindən danışır. Onun öz oğluna və qızına Moskvanın mərkəzində lüks mənzillər düzəltməsi, övladlarını yaxşı, prestijli və yüksək maaşlı vəzifələrə yerləşdirilməsi məsələsi də var axı.

Sovet dövrünün böyük naqislikləri vardı: gizli-gizli aparılan rusifikasiya siyasəti nəticəsində müttəfiq respublikalardan milyonlarla gənci Sibirin ucsuz-bucaqsız çöllərinin məskunlaşdırılmasında istifadə etdilər, onlardan milli-etnik baxımından metis, düşüncə baxımından rus olan övladlar aldılar.

Məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluq, mənimsəmə, talama, işsizlik, kasıbçılıq, qıtlıq, hüquqsuzluq - sovet dövründə hamısı vardı. Hər gün Moskvaya tonlarla şikayət məktubu gedirdi. Zatən, indiki korrupsionerlər, karyeristlər ilk dərslərini məhz sovet dövründə alanlardır. Fərq yalnız miqyasda, miqdardadır.

Bəs sovet dövrünün təriflənəsi cəhəti yoxdurmu? Əlbəttə, var. O dövrdə təhsilə ciddi önəm verilirdi, ancaq 1980-ci ildən sonra ali məktəbə qəbulda elə bir korrupsiya kök saldı ki, bütövlükdə sistemi darmadağın etdi. Səhiyyə də pis deyildi, yüngül xərc-xəsarətlə tibbi əməliyyatlar keçirmək olurdu, həkim qəssablığı indiki kimi deyildi.

Sovet dövlətinin dinlərə münasibəti yaxşı idi, dini konfessiyalar arasında təfriqə yaratmaq istəyənlərin əl-qolu bağlı idi. Altdan-altdan yeridilən rus şovinizmi istisna olmaqla, heç bir xalqın millətçilik xüsusunda boy getməsinə imkan verilmirdi.

Ancaq bu, o demək deyil ki, o dövrü idealizə etmək, ən ümdəsi onun bərpasına çalışmaq olar.

Ən yaxşısı o olar ki, insanlar, xüsusilə də gənclər o dövrün acı reallıqlarını əks etdirən materiallar oxusunlar, filmlərə baxsınlar və əbəs yerə “dünyanın düz vaxtı” nağıllarına uymasınlar. O nağıllar milyonlarla insanın həyatını puç edib, barı yeni nəsillər parlaq gələcək qurmağın yollarını arasınlar. Yaxın keçmişimizdə örnək olası çox az şey var.

Xalid KAZIMLI












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.