Milli təhsil strategiyası, ideolojisi olmayınca...
27-01-2022, 08:12
Az sonra deyəcəklərimə qulp qoyanlar mütləq tapılacaq. Məsələn, belə deyəcəklər, Qarabağı da indi bəyənmədiyin uşaqlar aldı. Birmənalı şəkildə qatılmıram. Niyə?
Qarabağla bağlı ölkədə, Azərbaycan Prezidentindən başlayaraq, sıravi vətəndaşacan, kimsə güzəşti qəbul etmədi, güzəştə getmədi. Hətta, Qarabağla bağlı hər hansı güzəşt elementli fikiri, ailədə ata oğuluna, ana qızına da güzəştə getmədi. Niyə belə idi? Problemin, işğalın, informativ tərəfi, piar işi, beynəlxalq statusulu oıması, eyni zamanda ölkə içində unudulmaması üçün bəlli bir ideoloji xətti, ciddi iş var idi. Qarabağ işğalda idi, amma həm də Qarabağ Azərbaycanın şərəf, namus, qeyrət, milli kimlik məsələsi kimi beyinlərə yazılmışdı. Qarabağla bağlı təbliğat mexanizmi dayanmadan düz iyirmi doqquz il işlədi.
Düzgün qurulan ideoloji milli xətt, strategiya erməni işğalı məsələsində dövlətə siyasi, hərbi, mənəvi qələbə qazandırdı. Və orada fədakarlıq göstərən hər kəs, məhz bu ideolojinin məhsulu idi. Yəni, bu doğru istiqamətlənməyə görə heç zaman Qarabağ görməyən minlərlə gənc, hərbiçi, sıravi vətəndaş Prezidentin dəmir yumruğuna dəstək əlini uzatdı. Azərbaycanın dövlət və XALQ olduğu isbatlandı.
Amma və lakin, digər məsələlərdə, axsamaları, qüsurları dana bilmərik. Çünki danıldıqca, naxoş nəticələr ortaya çıxır. Bu nəticələrsə, düşmən əlində para xərcləmədən qazanılan, qara piar xammalı olur.
Odur ki, indi kökdən hücum başladılıb. Azərbaycanda təhsili hədəf edilib. Təxminən bu cür qurulub qara piar planı, müəllimlər yaramır, ölkədə şagirdlər və ailələr onlardan da betərdir. Yayılan informasiyalara diqqət etsək, müəllim, ailə və şagirdlərə münasibətdə hər hansı istisna da qoyulmur. Belə mənzərə yaranır ki, ölkədə ümumiyyətlə, hamı və hər şey bərbaddır.
İki gündür, məktəbdə çəkilib yarımbaşlığı ilə, çox eybəcər, qeyri-əxlaqi videoyazı tirajlanır. Bu çox tanış mənzərədir. O mənada tanış ki, qırx dörd günlük müharibədən əvvəl də ölkə təhsili ətrafında belə "çəmbər daraldılırdı".
Onda xətt, kurs, ideoloqlar belə bəlli idi. Səbəblər də ortaya çıxırdı mərhələ ilə. Hətta bu vəziyyətlə bağlı bütöv bir tədris ili, təhsildə islahat ili elan edildi. Milli ideoloji təbliğat işi başladıldı. Ancaq pandemiya və müharibə prosesə fəsilə vermək zərurətini ortaya çıxardı.
İndi görünən o ki, köhnə ideoloqlar yenə iş başındadır. Yenə vəziyyəti öz xeyirlərinə dəyişmək istəyirlər.
Müəllim vətəndaş, insan formalaşdıran kadrdır. Onun adı ləkələnərsə, şəxsiyyəti qırılarsa özü də natamam olur. Və bu onun həmkarlarına da mənfi təsir edə biləcək amildir. Bu halda hörmətdən salınmış müəllimin yetişdirəcəyi uşaq kim olur sualının cavabı, yəqin ki, çox yaxşı aydındır hər kəsə.
Bu cavab həm də gələcəyə yönəlik ciddi problemlərdən xəbər verir. Daha da dəqiqləşdirsək, dövlətin gələcəyi üçün milli kadr bazasının vəziyyətini qənaətbəxş saymaq olmur bu gündən baxanda.
Bir neçə gündür məktəb adı ətrafında baş verən bu hadisələrsə deməyə əsas verir ki, ölkədə milli ideoloji xətt olmadan, böyük bir nəsil yetişməkdədir. Onlar, bir ovuc savadlı məktəbli və ya gəncdən say etibarı ilə dəfələrlə çoxdur. Həmin nəsil, özünü dünya vətəndaşı hesab edir. Milli ənənə və adətlər, dövlət, dövlət maraqları onlar üçün arxa plandadır. Bu nəslin, uşaqlıq, yeniyetməlik, hətta artıq bir qisminin gənclik dövründə asudə vaxtı düzgün təşkil olunmayıb. Bazada sovet ideolojidən nə qalıbsa yola onunla davam edilib. Sonra məlum olub ki, o xəttdə də milli ruh olmadığı üçün yaramır. Yəni azərbaycanlılar ondan da imtina etməlidir. Edək, amma alternativ yoxdur. Və ya alternativ olaraq dövlət vətəndaşına nə təklif edir?! Heç nə! Beləcə yaranan boşluqlara düşmən ideolojisi asanlıqla dolur, özünə sərfəli hücumları təşkil edir. Öz məqsədi üçün gələcək qürur Azərbaycanda. Müəllim adı və statusu buna görə hörmətdən salınır indi məmləkətdə.
Asudə vaxt demiş, indi yeniyetmənin, gəncin dövlət hesabına asudə vaxt zənbilində, demək olar heç nə mövcud deyil. Mövcud olan şeylərin sayı isə son dərəcə məhduddur və piarı demək olar aparılmadığından, insanlar məlumatsızdır. Bu durum ailələri də açıqsözlü olsaq tənbəlləşdirib. Gen olaraq o yerlərə pul qoyuruq ki, mütləq pul götürək. Mənəvi və milli dəyərlərimizin qorunması isə sadəcə kapital tələb edir, gəliri mənəvi olaraq qazandırır. Para formasında deyil.
Bunu anlayışının o qədər çox deyil. Və təbii olaraq, indi olkədə elə bir durum yaranıb ki, bahalı maşın sürən, kasmetoloji prosedura para tapan ailələr, simvolik qiymətə olan teatr biletinə və ya muzey ekskursiyasına pul vermir.
Bəlli bir kəsim üçünsə bu vəsait doğurdan da yoxdur.
Orta statistik azərbaycanlı ailəsi bu durumda, ölkədə özü və övladı üçün prespektiv görmür. Odur ki, susur və üz tutur yaxın-uzaq dövlətlərdə övladının təhsilini, hətta gələcəyini qurmağa.
Övladı xaricdə təhsilə hazırlaşan bir ailə yaxınımızın bu günlərdə söylədiyi statistika isə ümumiyyətlə, günlərdir şəxsən mənə rahatlıq vermir. Sən demə Avropa, Qərb, Rusiya və Türkiyə universitetlərində təhsil almaq üçün müraciət edən azərbaycanlı gənclərin sayı milyonu ötür. Bəli, onların bir qismi dövlət xətti ilə göndərilir və geri dönəcəklər. Bəs qalanlar? Hələ adını bilmədiyiniz onlarla gələcək peşələr üçün kadr gərəkəndə, durumu nə olacaq ölkənin?
Düzü iyirmi il sonranı düşünəndə, insan sadəcə qorxu yaşayır və yaxşı vədlər vermir müşahidələr. Bu ciddi şəkildə ağıl, beyin axını və gələcək milli kadrların yoxalmasına aparır.
Üstəlik bu o demək deyil ki, xaricdə təhsil hüququnu kimsə məhdudlaşdıran insanları. Bu daha acınacaqlı vəziyyət yaradar.
Odur ki, bu gün milli təhsil strategiyasına dövlət dəstəyinin verilməsi ciddi şəkildə hər kəsi narahat etməli və maraqlandırmalıdır. Bu gün Azərbaycan təhsili, məktəbi və məktəblisi ətrafında bu qara piar ona görə məqsədli və hədəflidir deyirəm ki, təkcə insanlar, ictimai hurrey nəzarəti yox, həm də yaxşı müəllimlər, pedaqoqlar, ailələri bilərəkdən ölkədə bezdirilir. Və vəziyyət bütün sahələrdə eynidir. Məsələn, bu halı məmləkətin milli mediası da yaşamaqdadır. Mediadan sonra, o güclərin təhsil sisteminə də sızmasına izn vermək olmaz. Yeganə yol, milli təhsil strategiyası maşınını işə salınmasıdır.
Onda hər kəs aydın görəcək ki, məktəbin, müəllimin, şagirdin, müvafiq nazirliklərin, qurumların da işi rahatlıqla öz relsinə oturacaq.
Yoxsa bu rus dilli məktəbdir, o fars dilli mədrəsədir, deməklə, iş getməz. Və düzü mənim baxış bucağıma görə bu bir qurumun, Təhsil Nazirliyinin təkbaşına görəcəyi iş də deyil.
Bu iş kompleks yanaşma, ciddi dövlət dəstəyi tələb edir və dövlətin islahat işinin əsasını təşkil etməlidir.
Çünki hamını müəllim yetişdirir. Və təhsili olmazsa, hamı heç kimdir...
Jalə Mütəllimova
Teref.az