Bir ananın 3 oğlu: Müharibədən 8 medalla dönən igidlərin hekayəti Suqovuşandan Murova və Şuşaya qədər...

28-01-2022, 08:49           
Bir ananın 3 oğlu: Müharibədən 8 medalla dönən igidlərin hekayəti
Qəhrəmanlıq salnamələri ilə dolu olan 44 günlük Vətən müharibəsi Azərbaycanın ictimai həyatı üçün xüsusi önəm daşıyan mühüm bir məqamı da üzə çıxardı. Məlum oldu ki, Azərbaycan xalqı, xüsusilə gənclər lazım olan anda bir yumruq kimi birləşə və məğlubedilməz gücə çevrilə bilir. Məhz bu birlik və həmrəylik havadarlarının dəstəyi ilə Azərbaycanı 30 il müddətində faktiki olaraq məğlub durumda saxlayan Ermənistana layiqli cavab oldu.

“Dəmir yumruq əməliyyatı” kimi tarixə düşən 44 günlük müharibədə əldə olunmuş qələbədə hər kəsin payı var. Əlinə silah alıb döyüşə gedənlər arasında Birinci Qarabağ müharibəsində şəhid vermiş, qazi olmuş, əsir və ya girov götürülmüş, itkin düşmüş, erməni vandalizminin ağırı-acısını həyatında yaşamış ailələrdə böyüyən gənclər də az deyildi. Doxsanıncı illərin əvvəlində öz isti yuvasını ana qucağında tərk edən, Birinci Qarabağ müharibəsindən sonra doğulan körpələr böyüyüb, 28 ildən sonra torpaqlarımızı düşməndən azad edən qəhrəman oğullara çevrildilər. Vətən müharibəsində xalqımıza qürur və sevinc bəxş edən, bir qədər də kövrək hisslər yaradan məqamlardan biri məhz bu idi.

Son 200 illik tarixdə ilk dəfə olaraq, işğalda qalan torpaqlarımızın bir hissəsini azad edərək, canı və qanı bahasına Azərbaycan xalqına zəfər qazandıran Vətən oğullarının çoxunu hələ tanımırıq, onların cəbhənin dərinliklərində göstərdiyi şücaətdən, igidlikdən, qorxmazlıqdan, düşməni vəlvələyə salan döyüş nümunələrindən xəbərsizik. Zaman keçdikcə, bəzi həqiqətlər hərbi sirr statusundan çıxdıqca bir-birindən fərqli qəhrəmanlıq dastanları, mərdlik və qorxmazlıq nümunələri örnəyə, ibrətamiz həyat hekayətlərinə çevriləcək…

Haqqında söz açacağımız üç qardaşın qəhrəmanlıq hekayəti kimi. Böyüyü Murovdan Suqovuşana qədər, ortancılı Murovdağ yüksəkliyi-Suqovşan-Talış-Ağdam cəbhəsində, kiçiyi isə Füzuli-Xocavənd-Daşaltı-Şuşa istiqamətində uzun bir döyüş yolu keçmişdi.

Bir ananın üç övladı…

Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün Qiymət Şamil qızı Şahbəndəyeva hər üç oğlunu – 24 yaşlı Hüseyni, 22 yaşlı Ayazı və 19 yaşlı Məhəbbəti Zəfər müharibəsinin ilk günlərindən cəbhəyə göndərmişdi. Onların da ailəsi erməni zülmünün qurbanlarından idi, ermənilər Kəlbəcəri işğal edərkən Qiymət xanımın iki qardaşını – İmdad və Osman Şahbəndəyevləri girov götürmüşdülər. Erməni girovluğunda yaşadıqları məşəqqətli günlərin ağrı-acısı Şahbəndəyev qardaşları üçün bir ömür qədər idi. Elə onları girovluqdan azad etmək üçün çarpışan ailə üzvləri üçün də.

Onda nə Hüseyn, nə Ayaz, nə də Məhəbbət doğulmamışdı. Heç Qiymət xanım da ailə həyatı qurmamışdı…

Bərdə rayonunun Əyricə kəndində məcburi köçkün ailəsində dünyaya göz açan qardaşlar böyüdükcə yurd həsrəti ilə yaşayan doğmalarının iztirablarını daha yaxşı dərk edirdilər. Ata Laçından, ana Kəlbəcərdən məcburi köçkün idilər. Hər iki ailə Birinci Qarabağ müharibəsinin dəhşətlərini görmüş, məcburi köçkünlüyün əzab-əziyyətini yaşamışdı. Ata – Əvəz Hüseynov özü də Laçın və Ağdərə istiqamətində döyüşlərdə iştirak etmişdi, Birinci Qarabağ müharibəsi veteranıdır. Onun qardaşı, mayor Əhməd Hüseynov isə artilleriya komandiri idi, 1993-cü ilin mayında Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Qiymət ananın isə iki qardaşı erməni girovluğunun dəhşətlərini yaşamışdı, səsi-sorağı BMT tribunlarına qədər gedib çıxan Başlıbel faciəsinin qurbanları arasında yaxın qohumları, uşaqlıq və yeniyetmə çağlarını birlikdə keçirdiyi iki rəfiqəsi də vardı. Bütün bunlar müharibənin vurduğu yaralar idi. Üstəlik, yurd həsrəti, doğma Kəlbəcərə qayıtmaq yanğısı…

Vətən, yurd sevgisi ilə böyütdüyü övladları orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, gələcək karyeralarını da hərb sahəsinə bağlamışdılar. Hələ müharibə başlamazdan əvvəl Hüseynlə Ayaz Müdafiə Nazirliyinin nəzdində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursunu bitirmişdi. Sonbeşiyi Məhəbbət isə Naxçıvandakı xüsusi təyinatlı qüvvələrdə xidmət edirdi.

Hər üç qardaş eyni vaxtda qanlı döyüşlərə atılmışdı. Bu, əsl fədakarlıq idi. İşğal altındakı torpaqlarımızı yağı düşməndən azad etmək üçün hər üç övladını düşmənlə savaşa göndərən Qiymət ana üçün isə bu, ikiqat fədakarlıqdır. Həyat yoldaşı ilə nikahı pozulan ANA min bir əziyyətlə, halallıqla boya-başa çatdırdığı oğlanlarını cəbhəyə göndərərkən özünün məcburi köçkün komasında tənha qaldığının fərqində idi. Amma qorxmadı, çəkinmədi, oğlanlarının seçimi qarşısında sipər olmadı, “Öz seçimləridir, onların istəyinə qarşı çıxmayacağam” deyib hər üç övladını gülə-gülə cəbhəyə yola salmışdı.

Təki torpaqlarımız yağı düşməndən azad edilsin, Vətən oğullarının canı və qanı bahasında əldə olunan qələbədə onun övladlarının da əməyi və payı olsun. Oldu da!

Hüseynin gerçək olan arzusu

Qardaşların böyüyü olan Hüseyn 1996-cı ilin mayında Bərdə rayonunun Əyricə kəndində anadan olub. 2016-cı ilin yanvarında həqiqi hərbi xidməti başa vurduqdan sonra “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” (MAHHXHQ) kursuna daxil olub və həmin ilin noyabrında N saylı hərbi hissədə tağım komandirinin müavini vəzifəsində çalışıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən cəbhənin ən qaynar nöqtələrində – Kəlbəcər, Laçın istiqamətində, habelə Talış və Suqovuşan kəndlərinin işğalçılardan təmizlənməsi uğrunda döyüşlərdə iştirak edib.



Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olmasına görə” medalları ilə təltif olunub. Müharibə başa çatandan sonra bir müddət evə dönsə də, sonradan cəbhəyə qayıdaraq, torpaqlarımızın keşiyini çəkməkdə davam edir.

İyirmi dörd yaşlı bölük komandiri Hüseyn Hüseynov Vətən müharibəsinin ilk gününü xatırlayarkən deyir: “Ali Baş Komandanın əmri ilə sentyabrın 27-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində düşmənin əks-həmləsinin qarşısını aldıq. Bundan sonra Talış kəndi istiqamətində döyüş tapşırığı verildi və yenə hücuma keçdik. Düşmənin bəlli nöqtələrdəki bölmələrini darmadağın etdikdən sonra sentyabrın 28-də Talış kəndinin başı üzərindəki yüksəkliyi və ətraf meşələri tam olaraq işğaldan azad etdik. Müəyyən istiqamətlərdə döyüş tapşırıqlarını yerinə yetirərək, bir neçə yüksəkliyi əldə etməli idik. Bunun da öhdəsindən gələndən sonra oktyabrın 3-də Suqovuşanı düşməndən azad etdik. Bir qədər sonra düşmən əks-hücuma keçdi, onları da dəf edərək geri oturtduq. Həmin döyüşlərdə mənim komandiri olduğum bölmədə 5 şəhid, 7 yaralı vardı. Amma bölməmizin düşmənə yaşatdığı itkilərin sayı qat-qat çox oldu. Şəxsi heyətin döyüş ruhu o qədər yüksək idi ki, üzərimizdə olan təchizata baxmayaraq, düşmənin üzərinə yüyürərək hərəkət edirdik”.

Laçın rayonu işğalçılardan təmizlənərkən üçrəngli Azərbaycan bayrağını yüksək nöqtədə dalğalandırmaq da Hüseynə qismət olub. O, 44 gün ərzində özü ilə gəzdirdiyi 100×50 sm ölçülü bayrağı döyüş vaxtı başı üzərinə qaldıraraq, əsgərləri ruhlandırırdı. Arzusu həmin bayrağı Kəlbəcərdə və ya Laçında sancmaq idi, bunu komandiri də bilirdi:



“Dekabrın 1-də Laçına daxil olarkən Qarıqışlaq kəndində Həkəri çayının qırağında düşmənə aid otelin damına qalxaraq, üçrəngli bayrağımızı oradan asdım. Bu, mənim üçün şərəfli bir an idi, məcburi köçkün ailəsində böyüyən gənc kimi arzuma çatdığıma və Azərbaycan əsgəri olaraq qarşıya qoyulan məqsədə nail olduğumuza görə özümü xoşbəxt sayıram”.

Ayazın qəhrəmanlığı

Ortancıl qardaş, 1998-ci il təvəllüdlü Ayaz da həqiqi hərbi xidməti başa vurduqdan sonra böyük qardaşının yolu ilə gedib. O, 2020-ci ilin mayında MAHHXHQ kursuna qəbul olub. Kursu bitirdikdən sonra N saylı hərbi hissədə “BTR 82-A” hərbi texnikasında tuşlayıcı kimi xidmətə başlayıb. Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyi, Suqovuşan və Talış kəndləri, habelə Ağdam istiqamətində döyüş tapşırıqlarını yerinə yetirib.

Müharibə başa çatdıqdan sonra Ali Baş Komandanın müvafiq sərəncamları əsasında “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. Hazırda xidmətini davam etdirir.



Müharibə yeni başlayan günlərdə Ayaz Murovdağda, daha dəqiqi, Gülüstan istiqamətində döyüş tapşırıqlarını yerinə yetirib. O, sərəncamında olan BTR-82 döyüş maşını ilə düşmənin çoxlu sayda postunu, hərbi texnikasını və canlı qüvvəsini məhv edib, bölmələrimizin hücum və həmlələrinə şərait yaradıb.

Məhəbbətin Şuşa sevgisi

2001-ci il təvəllüdlü Məhəbbət isə ailənin sonbeşiyidir. 2018-20-ci illərdə həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsi başlananda Məhəbbət Naxçıvandakı xüsusi təyinatlı qüvvələrdə əsgəri xidmətdə idi. Müharibənin ilk günlərindən cəbhənin ən qaynar nöqtələrində düşmənlə savaşan bu gəncin şərəfli döyüş yolu Füzulidən, Xocavənddən, Daşaltıdan və nəhayət, Qarabağın baş tacı Şuşadan keçib.



Məhəbbət Füzulidən başlayaraq Şuşaya qədər döyüş tapşırıqlarının, demək olar ki, hamısında öndə gedib edib. Laçın dəhlizində erməni hərbi birləşmələrinin hərəkətini izləmək, düşmənin dərinliklərdə bölmələrinə silah və döyüş sursatları daşımasını minimuma endirmək onun da aid olduğu xüsusi təyinatlı bölməyə tapşırılmışdı.

“Mənim üçün 44 günlük müharibədə ən yadda qalan döyüşlər Şuşa və Laçın dəhlizində oldu. Mən o yerlərin heç birini görməmişdim, təsəvvürlərim çox az idi. Laçın ata yurdumdur, amma Şuşanı daha çox sevdim. Şuşa döyüşləri də şəhərin özü kimi bir əfsanə oldu. Laçın dəhlizi isə düşməni boğmaq üçün əla fürsət idi. Biz Ermənistandan Qarabağa gələn yollara nəzarət edirdik ki, düşmən dərinliklərə silah daşıya bilməsin. Laçın dəhlizində bizim əsas vəzifəmiz təminat yollarını bağlamaq, düşmənin təchizatını minimuma endirmək idi. Bu döyüş tapşırıqlarının demək olar ki, hamısını yüksək səviyyədə yerinə yetirməklə düşməni diz çökməyə məcbur etdik” – deyə, qardaşların ən kiçiyi əlavə edir.



Müharibə başa çatdıqdan sonra Məhəbbət Hüseynov qalib ordunun döyüşçüsü kimi 3 medalla evə dönüb. O, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları əsasında “Hərbi xidmətdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ötən ildən Məhəbbət də qardaşlarının yolunu davam etdirərək, gələcək karyerasına hərbi sahəyə bağlayıb. Hazırda o, hərbi xidmətini davam etdirməklə yanaşı, həm də müvafiq təhsil alır.

Hüseynov qardaşları müharibədən 8 medalla dönüb. Hüseynlə Məhəbbət hər biri 3, Ayaz isə 2 medala layiq görülüb. Müharibə başa çatdıqdan sonra Ayaz da qardaşları kimi “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursuna qəbul olunub. Naxçıvandakı xüsusi təyinatlı qüvvələrdə xidmət etdiyi dövrdə, sonradan isə Vətən müharibəsində qazandığı bilik və təcrübə, əldə etdiyi nailiyyətlər onun hərbi təhsil almaq arzusunun reallaşmasına yol açdı…

Elxan SALAHOV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.