Rəsulzadə Türkiyədən niyə getdi?
2-02-2022, 12:52
Rəsulzadənin Türkiyədən Avropaya köçməsi məsələsinə həm bizim, həm Türkiyə tarixçilərinin sanballı əsərlərində toxunulub. Memuarlarda da bu məsələ öz əksini tapır.
Ona görə də mən indi yalnız mövcud ədəbiyyatların verdiyi məlumatları ümumiləşdirərək, bəzi mülahizələrimlə birgə sizinlə bölüşməyə çalışacağam.
Bununla belə, düşünürəm ki, problemin Türkiyə və Rusiya arxiv materialları əsasında ayrıca araşdırılması da pis olmazdı.
Rəsulzadə Türkiyəni nə vaxt tərk edib?
Beləliklə, ədəbiyyatda Rəsulzadənin Türkiyədən getməsinin 1928-1931 illər arasında baş verməsi haqqında fərqli məlumatlar var. Amma çoxluq 1931-ci il tarixinə üstünlük verir.
Hərçənd özü məktublarında 1930-cu ildən Polşada yaşadığını, Türkiyəyə daxil olmaq üçün izn verilmədiyini yazır.
İkincisi, özünün getməsi, yaxud ölkədən çıxarılması barədə də fikirlər haçalanır. Lakin burada da görünən odur ki, çoxluq çıxarılması versiyasına üstünlük verir.
Nəhayət getməsinin, yaxud çıxarılmasının səbəbləri barədə danışarkən ədəbiyyat daha çox Rusiyanın təzyiqini başlıca səbəb kimi göstərir. Amma müəlliflər Türkiyənin daxili və xarici siyasətindəki digər prosesləri də təsiredici səbəblər sırasında sadalayırlar.
Mənim üçün maraqlı olan isə ağırlıq çəkisinin məhz son qərar anında hansı səbəblərin üstünə düşməsidir.
Rusiya basqısı
ŞƏKLİN MƏNBƏYİ,HULTON ARCHIVE/ GETTY
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan tarixçiləri başlıca səbəb kimi SSRİ hökumətinin Türkiyəyə etdiyi təzyiqləri vurğulayırlar.
Bu zaman 1921-ci ildə Atatürk hərəkatı ilə Sovet Rusiyası arasındakı Moskva anlaşmasının 8-ci, yenə həmin ildə birincinin Cənubi Qafqazın sovet respublikaları ilə imzladığı Qars müqaviləsinin 10-cu maddələrindəki tərəflərin öz nəzarəti altında olan ərazilərdə digər ölkənin müxalif qruplarına fəaliyyət imkanı verməmək haqqında öhdəliklərinə, nəhayət Türkiyə Cümhuriyyəti ilə SSRİ arasındakı mütəmadi yenilənməsi nəzərdə tutulan 1925-ci il razılaşmasına istinad edirlər.
Amma bu müqavilələrdən sonrakı bir neçə il ərzində Rəsulzadə Türkiyədə fəaliyyətini məhdudlaşdırmayıb. Həm təşkilatı, həm də nəşr işləri ilə kəskin ideoloji anti-sovet fəaliyyətini davam etdirib.
Başqa sözlə, bolşeviklərin Türkiyə hökumətindən tələbləri və təzyiqləri var idi, amma sonuncu heç də fəaliyyətini bu təzyiqlər əsasında deyil, sırf öz siyasi motivləri əsasında qururdu.
Ədəbiyyat, həmçinin sovet basqısının 1931-ci ildə Türkiyə və SSRİ xarici işlər idarələri rəhbərlərinin təmaslarında kulminasiya nöqtəsinə çatdığını, həmin il 1925-ci il müqaviləsini növbəti dəfə yeniləyən protokol imzalanarkən, ora əlavə məxfi hissənin əlavə olunduğunu və məhz onun əsasında mühacirətə təzyiqlərin həyata keçirildiyini, Rəsulzadənın də nəticədə ölkədən deportasiya olunduğunu qeyd edirlər.
Bu bir az şübhəli gəlir. Birincisi, ona görə ki, Azərbaycan nəşrlərinin qadağan olunması haqqında rəsmi əmr bu nəzərdə tutulan protokolun imzalanmasından bir neçə ay əvvəl verilib.
İkincisi, necə olur ki SSRİ-dən 1921-də, yaxud 1925-də daha çox asılı olan, onunla daha yaxın olan Türkiyə basqlara tab gətirir, müqavilələrin şərtlərini yerinə yetirmir, amma kifayət qədər oturuşmuş Türkiyə Cümhuriyyəti 1931-ci ildə artıq təzyiqlərə müqavimət göstərə bilmir?
Axı, dinamika da indi əksinə idi. 1931-cu ildə Türkiyə "Cahanda sülh" şüarı ilə neytrallıq eksperimentinə başlayır və 1932-dən sonra Qərbə tədricən yaxınlaşma yolu tuturdu.
Qısası, gəldiyim qənaət budur ki, Rusiya Türkiyəyə 1931-də, sonuncunun qəti şəkildə istəmədiyi qərarları qəbul etdirə bilməzdi. Sovet Rusiyası belə bir gücə yalnız 1945-də malik olacaqdı.
İndi isə Türkiyənin Rusiyadan asılılığı 1920-1921, 1925-ci illərdəki kimi deyildi. Tələb həmişə var idi, lakin məhz indi Türkiyənin Azərbaycan nəşrlərini bağlamaq kimi asan olmayan qərarına öz motivləri olmalı idi.
Türk ocaqları
Sovet Rusiyasından gələn türk siyasi mühacirətinin belə demək olarsa mərkəzi, Türk ocaqları idi.
Vaxtilə Balkanlardan gələn qaçqınlara yardım etmək üçün formalaşmış bu təşkilat, indi də Türkiyə Cümhuriyyəti hökuməti ilə Rusiyadan köçən siyasi mühacirlər arasında bir körpü rolunu oynayırdı.
Türk ocaqları vasitəsilə bizim mühacirlərə, o cümlədən Rəsulzadəyə maddi yardım edilirdi. Ocaqların başçısı və Türkiyə Cümhuriyyətinin nüfuzlu rəsmisi olmuş Həmdullah Sübhi Tanrıövər mühacirətin ən çox təmasda olduğu yerli siyasətçi idi.
Əsarət altında yaşayan türklərin milli haqları uğrunda siyasi mübarizəsində mühüm bir vasitə olan, xeyli mühaciri ətrafına toplayan ocaqların fəaliyyətini Türkiyə hökuməti, xüsusən 1927-ci ildən sonra daxili siyasətlə çərçivələndirməyə başlayır.
Atatürk indi onların özünün Türkiyədəki etirbarlı siyasi dayaqlarından birinə çevrilməsini istəyirdi. Ocaqların xaricdə şöbələr açması, ümumən xaricdə yaşayan türklərlə siyasi əlaqələrini durdurmaq yolu tutulurdu.
Məhz 1927-ci ildən də Türkiyə Azərbaycan Milli Mərkəzinə maddi yardımını da dayandırmışdı. Həmin il Rəsulzadənin "Yeni Qafqaziya" dərgisinin də nəşri kəsilmişdi.
Siyası fəaliyyətin bu cür çərçivələnməsi aydındır ki, prioriteti mənsub olduğu xalqların istiqlalı olan mühacirləri qane edə bilməzdi.
Nəhayət, ocaqlarda Türkiyənin içindən turançılıq tərəfdarları da toplanmışdı. İstər-istəməz hökumətlə ocaqların fəalları arasında bir ideoloji ziddiyət yaranırdı.
Məhz türk ocaqlarının fəaliyyətində bu cür dönüş sovetlərdən gələn mühacirlərlə Türkiyə hökuməti arasında münasibətlərdə bir problemə çevrilir.
Rəsulzadə isə bu dövrdə tam əksinə mübarizəsini Sovet Rusiyasından gələn türk-müsəlman xalqlarının nümayəndələri ilə yanaşı, bolşeviklərdən qaçıb Avropada yerləşmiş qeyri-türk, qeyri-müsəlman mühacir qruplarla ittifaqda birləşdirmək prosesinin içinə daxil olurdu.
Rəsulzadə bir dəfə Atatürkün Sovet Rusiyası ilə əlaqələrinin istiqlalın itirilməsi ilə nəticələnməsini görmüşdü, yəni onun hədəfləri çərçivəsində Türkiyə dost-qardaş olsa da, siyasi müttəfiq olmamışdı.
İndi də faktiki 1920-ci ilin aprelində olan situasiyaya oxşar bir durum yaranmışdı. Rəsulzadəyə Rusiyaya qarşı aktiv ümumi mübarizə lazım idi.
Türkiyəynin prioritetləri isə fərqli idi. Rəsulzadəni də bu prioritetlərə uyğun hərəkət etməyə, başqa sözlə konkret məqamda mübarizəsini zəiflətməyə razı salmaq mümkünsüz olardı.
Nəticədə bu ziddiyyət ona gətirib çıxardır ki, Azərbaycan mühacirlərinə məxsus sənədlər türk hökuməti tərəfindən müsadirə olunur, axtarışlar aparılır.
Aydındır ki, Şəfi bəy Rüstəmbəyov Rəsulzadəni "dövlətin içində dövlət qurmaqda, ev sahibinin qonaqpərvərliyini anlamamaqda, xəbərdarlıqları nəzərə almamaqda" günahlndırarkən onun "ipə-sapa yatmamasını" irad tuturdu.
Türkiyədəki daxili vəizyyət
ŞƏKLİN MƏNBƏYİ,HULTON ARCHIVE/ GETTY
1930-1931-ci illər Türkiyədəki daxili siyasət nöqteyi nəzərindən çox gərgin olmuşdu. Atatürk hökuməti ilə Türk ocaqları arasındakı xarici siyasətə baxışdakı fərqlilik daxili proseslərdə qismən ayrılığa nədən olmuşdu.
Atatürk ölkədə çoxpartiyalı sistemin yaradılması üçün yeni bir cəhd edir. Əsasən qərbyönümlülərdən ibarət "Sərbəst firqə" adında yeni partiya yaradılır ki, ölkədəki bələdiyyə seçkilərində içtirak etsin.
Hakimiyyətin gözləntisinin əksinə olaraq, Aydın kimi bir çox yerlərdə Türk ocaqları Atatürkün CXP-sinə deyil, liberal Sərbəst fırqəyə dəstək verir.
Üstəgəl, Türk ocaqlarının sabiq rəhbərlərindən Mehmet Emin Yurdakul, həmçinin bu ocaqlarla həmişə sıx əlaqəsi olmuş Əhməd Ağoğlu da yeni partiyanın aparıcı fiqurları olurlar.
Sərbəst firqə camaat arasında az bir zamanda böyük nüfuz qazanır. Bunlar Cümhuriyyət Xalq Partiyasını narahat edirdi.
Demokratiya eksperimenti ölkədə ciddi, tezliklə iqtidar ola biləcək güclü bir müxalifətin formalaşmasına aparırdı. Nəticədə 1930-da Sərbəst firqənin, 1931-də isə Türk ocaqlarının müstəqil fəaliyyəti dayandırıldı.
Həm daxili və xarici siyasi situasiyaya, həm də iqtisadi problemlərə cavab olaraq Türkiyə hökuməti birpartiyalı sistemi möhkəmləndirmək yolu tutdu və aktiv şəkildə alternativ fikri susdurmağa başladı.
Cahanda sülh neytrallıq idisə, yurdda sülh daxili stabillik adı ilə birpartiyalı sistemin möhkəmləndirilməsi idi.
Rəsulzadəyə də 1920-də "ingilisçi Müsavatın" rəhbəri deyənlər, 1931-ci ildə onun bütün nəşrlərinə klassik "əcnəbi politikası əlində alət" damğası vurub bağladılar.
Türk Ocaqlarının başqanı Tanrövər də siyasi sürgünə, Rumıniyaya səfir göndərildi. Türkiyədən çıxan Rəsulzadə əvvəl Sovet Rusiyası ilə mübarizənin mərkəzlərindən birinə çevrilmiş Polşaya getsə də, Tanrıövərlə təmaslarını davam etdirirdi.
Polşanın nasistlər və ruslar tərəfindən işğalından sonra da məhz Rumıniyaya Tanrıövərin yanına gedib, bir müddət orada fəaliyyət göstərəcəkdi.
SSRİ isə müharibə qurtaran kimi, 1945-ci ildə nota verərərək Türkiyə ilə 1925-ci il müqaviləsindən çıxdığını bildirir və Türkiyənin üzünü birmənalı şəkildə Qərbə çevirməkdən başqa çarəsi qalmır.
Rəsulzadə də CXP millət vəkili olmuş Tanrıövərin köməkliyi ilə 1947-ci ildə Türkiyə vətəndaşlığı alır.
Tanrıövərin sədrliyi ilə Türk ocaqları da 1949-da fəaliyyətini bərpa edir. Növbəti il isə Tanrıövər artıq Demokrat partiyası siyahısından millət vəkili seçilir.
Altay Göyüşov
Tarixçi alim, Bakı
BBC, 9 Mart 2017