Atasını ölənə kimi görmədi, Xalq artisti adını alan gün anası itkin düşdü, valideyni ailə qurmağına qadağa qoydu...
3-02-2022, 00:07
Teref.az Kulis.az-a istinadla tanınmış aktrisa, Xalq artisti Həmidə Ömərova haqqında maraqlı faktları təqdim edir.
Həmidə Ömərova 25 aprel 1957-ci ildə Qazax rayonunda müəllim ailəsində anadan olub. Onun atası fransız, anası isə alman dili müəllimi olub.
Anası ilə atası bir-birlərini böyük məhəbbətlə seviblər. Ancaq iş elə gətirir ki, onların ailə həyatı yarımçıq qalır. Həmidənin bakılı qızı olan anası rayon mühitinə öyrəşmədiyindən qızını da özü ilə götürüb Bakıya gəlir. Atası isə əyalətdə qalmalı olur. O, dəfələrlə qızının və sevdiyi qadının ardınca Bakıya gəlsə də, nəticə uğursuz olur. Həmidənin anası geri qayıtmır. Ancaq ölənə qədər qızının atasına sadiq qalır, onu böyük məhəbbətlə sevir. Həmidə isə on yeddi yaşından sonra heç vaxt atası ilə görüşmür.
Aktrisa atası ilə bağlı xatirələrində deyir:
“17 yaşımdan öldüyü günəcən onu görməmişəm. 86-cı il idi. Teleqram gəldi... Kinostudiyadan maşın verdilər, yaşı qədər - 59 qərənfil alıb getdim qəbri üstünə. Heç kəndə də baş çəkmədim. Onda hələ qardaşımı, bacılarımı tanımırdım. O qədər hönkür-hönkür ağladım ki. Dedim, məni atdın, axtarmadın, yiyə durmadın. Amma institutu bitirəndən sonra içimdə onunla barışdım. Həmişə anamdan qorxmuşam. O, hökmlü qadın olub. Deyirdim kaş məni Qazağa ezamiyyətə göndərərdilər. Gizlicə atamı axtarıb tapardım. Bu hiss məndə 22-23 yaşımda çox güclü idi. Atamla söhbət eləməyi çox istəyirdim. Atalı uşaqlara həsəd aparırdım. Ona görə də şəxsi həyatımda nə baş versə də, demişəm, mən uşağımı atasız qoymayacağam. Öz uşaqlığım mənə örnək olub”.
***
Həmidə aktrisa olmaq üçün də anasına çox yalvarır, hətta günlərin birində onun qarşısında diz çökür ki, ona Moskvaya oxumağa getməyə icazə versin.
Həmidə xanım uzun illərdi namaz qılır. Ancaq günlərin birində iş elə gətirir ki, o, pivə içməli olur. Həmin əhvalatı müsahibələrinin birində belə nəql edir:
“Burulğan” filminin çəkilişləri idi. Bir dəfə yenə havanın şıltaqlığı tutub, şəhərlə əlaqəmiz kəsilib. Suyumuz da qurtarıb, ancaq yeşiklərdə pivələr qalır. Aktrisa həmkarım, mənimlə filmə çəkilən Eqle dedi, dəniz suyu içməyəcəyik ki, gəl pivə içək. Bəlkə heç motorlu qayıq gəlmədi... O içdi, mən axşamacan dözdüm. Axırda dedim, bir qurtum da mənə ver. Birinci iyrəndim, sonra yenə... elə öyrəndim... Gördüm normaldı, pis deyil. Demirəm e "piyaniskə" oldum. Amma namaz qılana qədər yayda sevimli içkim idi”...
Aktrisa gec ailə həyatı qurub. Buna səbəb onun sənəti olub. Günlərin birində İrana səfər edərkən oradakı tanış qadınlardan biri ondan yaşını soruşur. Biləndə ki, 33 yaşı var və hələ ərə getməyib, onu bərk danlayır. Bakıya qayıdan Həmidə çoxdandır onunla ailə qurmaq istəyən iş yoldaşına evlilik üçün razılıq verir. O, müsahibələrində bu haqda belə deyir:
“O, oğlanın atası rəhmətə getmişdi, anası ağır xəstə idi. Xalası ilə xalası qızı bizə elçi gəldilər. Sonra oğlana dedim ki, anana baş çəkmək istəyirəm. Getdik. İlk dəfədir evlərinə gəlmişəm, anası ilə tanış olacam. Evin tək oğludur, getdi çay gətirməyə. Qaldıq ikimiz... Və onda ana mənə bir söz dedi. "İndiki qızlar otururlar, otururlar, yaşları keçəndə kimə gəldi gedirlər". Bu sözü oğlana demədim, amma ondan uzaqlaşdım. Dedim, sən gizlədirsən, amma anan məni istəmir. Heç nə demədi. Elə onu dedi ki, anam xəstədir və xəstəliyi haqda heç nə bilmir. Bu məsələ bitdi. O oğlan indiyəcən ailə qurmayıb”.
Aktrisanın anası ailə həyatında xoşbəxt olmadığı üçün qızının ailə qurmasına qəti şəkildə mane olub. Hər dəfə Həmidəyə elçi gələn kimi anası onu pisləyir, “qızımın əlindən bir iş gəlmir, aktrisadır, səhərdən axşamacan çəkilişdə olur” sözlərini deyirmiş.
***
Sonralar Həmidə özündən bir yaş böyük oğlanla tanış olur və onlar tez bir zamanda bir-birlərini sevib ailə qururlar. Ana olmağına lap az qalmış, dəhlizdə həmin oğlanla rastlaşır, oğlan ona deyir ki, sənə sözüm var. “Bilirsən, anam rəhmətə gedəndə məni yanına çağırıb dedi ki, gedib Həmidədən üzr istəyərsən. Mən çox heyfsilənirəm ki, sənə mane oldum".
***
Ailə qurandan sonra həyat yoldaşı ona sənət qadağası qoyur. Hər dəfə aktrisanın çəkildiyi filmləri görəndə kanalı dəyişir. Daha sonra Həmidəni məcbur edir ki, aktrisalıq karyerasına son qoysun.
Həyat yoldaşını böyük məhəbbətlə sevən aktrisa onun bu təklifi ilə razılaşır, kino həyatını tərk edir. Hətta aparıcısı olduğu dövrün məşhur verilişi olan “Retro”dan da uzaqlaşır. Ancaq bir ildən sonra yenidən kino sənətinə geri qayıdır.
Aktrisanın anası ömrünün sonlarına yaxın 6 il amneziya (yaddaşsızlıq) xəstəliyindən əziyyət çəkib. Anası çox vaxt xəstə olduğu dövrlərdə Həmidəni öz anası bilir, ona “ana” deyə müraciət edirmiş. Həmidə xanım anasını xatırlayarkən belə deyir:
“Anam mənəvi cəhətdən çox güclü qadın olub. Amma niyəsə mənim onun gənc, gözəl, güclü vaxtlarını yox, son illərini, zəif vaxtlarını xatırlayıb yanıram. O vaxtlarını ki, o mənim balam idi... Evdə hara gedirdim, uşaq kimi dalımca gəzirdi. "Qaragilə" anamın sevimli mahnısı idi. O mahnını onun kimi oxuyan görməmişəm. Anamın çox gözəl səsi var idi. Konservatoriyaya girmişdi, qardaşları oxumağa icazə verməmişdilər”.
***
Günlərin birində isə aktrisa bağda dincələrkən onunla birgə yaşayan anası qızına və özünə aid sənədləri və qızının qızıl əşyalarını özü ilə götürüb evdən çıxır və itkin düşür. Həmin gün aktrisaya Xalq artisti adı verilir, o isə əlində anasının şəkli dəli kimi hər yerdə onu axtarır. Anası tapılarsa, namaz qılacağını əhd edir. Ancaq sonradan şəhərdəki mənzilinə gəlib ağlaya-ağlaya namaz qılır. Sonra yenə küçələrə çıxıb anasını axtarmağa başlayır. O, anasını psixiatriya xəstəxanalarının birində tapır. Anası döyülmüş, üz-gözü cırılmış və soyulmuş halda xəstəxana paltarında bir kənarda oturub “Qaragilə” mahnısını oxuyurmuş. Həmin hadisədən sonra Həmidə ərizə yazıb universitetdəki kafedra müdirliyi vəzifəsindən çıxır. Anasına özü baxmağa başlayır. Aktrisanın anası dünyasını dəyişəndə Həmidə namaz üstə olub.
Aktrisanın sözlərinə görə, anasının xəstələnməsində təqsirkar olan şəxs mərhum psixiatr Ağabəy Sultanov olub. Aktrisanın iddialarına görə, Ağabəy Sultanovun müalicəsindən sonra anası huşunu tamamilə itirir, hər kəsi unudur.
***
Şəxsi həyatı ilə bağlı bir çox şayiələrlə üzləşən aktrisanı ən çox təəccübləndirən isə Polad Bülbüloğlu ilə evli olması ilə bağlı məsələdir. Aktrisa isə bu fikirlərin söz-söhbətdən və şayiədən başqa bir şey olmadığını vurğulayıb.
Valideynləri ayrılanda Həmidənin 15 yaşı olub. Atasının başqa ailəsi və ögey bacı-qardaşları da olub. Aktrisanın ögey anası və bacı-qardaşları ilə münasibəti çox yaxşı olub. Atası on yeddi yaşına qədər qızına məktublar yazsa da, aktrisanın anası o məktubların heç birini qızına oxumağa verməyib.
***
Aktrisaya müsahibələrinin birində belə bir sual ünvanlanır “yəni heç kim sənə demədi ki, “Qorxma, mən səninləyəm?”
Aktrisa isə cavabında belə deyir:
– Yox, o kinoda olur. Bəlkə də bizim kino 1993-cü ildə böhrana uğramasaydı, mən heç ailə qurmazdım. Buna mənim vaxtım yox idi. Bir gün Bakıda çəkilirdim, bir gün Şəkidə, bir gün İranda. Qəribədir ki, mən sevib ailə qurdum. Bakıya qayıdandan bir müddət sonra yoldaşımla tanış oldum. Onun öz aləmi vardı. O, yeganə kişi idi ki, mən bir qadın kimi onu qətiyyən maraqlandırmırdım. Mən də qarşıma məqsəd qoydum ki, onu özümə cəlb edəcəm. Çox quru adam idi. Sonra yavaş-yavaş ünsiyyətimiz yarandı. Qəribə adam idi, açığı, mən onu heç vaxt başa düşmədim. Onun sevgi etirafı da qəribə oldu. Həmin gün möhkəm yağış yağırdı. Mən də hər dəfə naharda çıxıb evə gedirdim. Çıxdım bayıra, gördüm dayanıb yağışın altında… Düz 45 dəqiqə saxladı məni, ordan-burdan danışdı, nahara da gecikdim. Sağollaşıb qayıtmaq istəyirdim ki… bircə kəlmə dedi: “İstəyirəm səni”. Çönüb baxdım. Gördüm yağışdan elə islanıb ki… Mən ona inandım. Nəticəsi o oldu ki, bu gün o məhəbbətin bəhrəsi olan yaraşıqlı bir oğlumuz var”.