CİNQUŞ-ƏMZİK… YUNUS OĞUZ yazır

3-02-2022, 14:49           
CİNQUŞ-ƏMZİK…
Yunus Oğuz

Felyeton

İşə təzəcə gəlmişdim ki, qapı döyüldü. "Gəlin" deyəndən sonra içəri otuz-otuz beş yaşlı, üzü təraş edilmiş (indiki gənclərin çoxu tənbəllikdən üzlərini qırxmırlar ki, bəs indi belə dəbdir) gənc daxil oldu.

-Müəllim, olar!

Müəllim olmasam da, "buyurun əyləşin" dedim. Gənc əyləşdi. Hiss etdim ki, bunun dərdi işsizlik, təqaüd dərdi deyil. Geyimi-kecimi yerində idi. Aşıqlar demişkən, bunun dərdi alayıdır.

Oturan kimi üyüdüb tökdü:

-Müəllim, mən ZAQS-dan (evlilik şəhadətnaməsi verilən qurumu nəzərdə tutur) şikayətçiyəm.

Soruşdum:

-Neyləyib sənə, toyuna icazə vermir, ya nədir?

Gənc guya utanırmış kimi cavab verdi:

-Yox, müəllim toyumu etmişəm, subaylarınıza qismət olsun, bir həftədir buz baltası kimi bir oğlum da dünyaya gəlib, problem də bundan sonra başlayıb. Mənim dərdim oğluma ad qoymaq dərdidir. Ona ad verirəm, ZAQS-da deyirlər, belə ad bizim siyahıda yoxdur.

Maraq məni bürüdü, çünki redaksiyaya adqoyma məsələsinə görə çox şikayətlər daxil olurdu.

-Adi ilə böyüsün, nə ad qoymaq istəyirsən, övladına?

-Cinquş.

Marağım təəccübə çevrildi. Fikirləşdim ki, bəlkə mən səhv eşidirəm. Dəqiqləşdirmək üçün bir də soruşdum:

-Nə, nə dedin?

Gənc qızıl-qırmızı təkrar etdi:

-Cinquş.

İstədim bir şaqqanaq çəkib güləm, özümdən asılı olmadan quş kimi qıy vurdum... Ciy... cin... qıy... quş..."

Yəqin ki, səsimdən işçilər diksindilər, amma büruzə vermədilər. Özümü toparlayıb soruşdum:

-Niyə bəs Cinquş?

-Bilirsən müəllim, uşaqların anası danışır ki, dönə-dönə üzr istəyirəm, uşaq bətndən çıxandan sonra elə qışqırıb, elə qışqırıb, elə əl-qol atıb, sanki cin dünyaya gətirib. Düz bir həftədir qısqıra-qışqıra hələ də əl-qol atır. Öz-özümə fikirləşdim ki, böyüyəndə bu gədədən nəsə çıxacaq. Çörək qazanmaq üçün cin kimi özünü oda vuracaq, közə vuracaq, quş kimi hara gəldi qonacaq. Adı ömrünə uygun olsun deyə qərara aldıq ki, elə "Cinquş" adlandırsaq yaxşı olar.

Sol əlimi alnıma vurub gözlərimi masaya dikib ürəyimdə dedim: "Ayə, gör hansı zəmanəyə gəlib çıxdın, Mirzə? Day bundan o tərəfi yoxdur". Sual verdim:

-Adın nədir, bəy?

-Yanardağ.

-Bəs xanımının?

-Neştər.

Az qaldım odlanım, ancaq başımı qaldırıb onun məsum gözlərinə baxanda başa düşdüm ki, bu gözlərdə cahillik və nadanlıq var.

Yenə səbrimi basıb dedim:

-İndi belə çıxır ki, sən də ömrünü məşələ çevirmisən, Yanardağ kimi gecə-gündüz yanırsan, xanımın da arı kimi hamını sancır. - İstədim deyəm ki, bütün arılar bal(a) vermir, ancaq sancmaqla məşğul olurlar, demədim. - Ə zalım oğlu, zalım, uşaq dünyaya gələndə qışqırar da. Qışqırmırsa, əl-qol atmırsa, deməli ölü doğulub. Bax,- müdrik görkəm aldım, - uşaq ağlayanda, qışqıranda anası neyləyir?

Fikirləşmədən cavab verdi:

-Döşündən süd verir.

-Ay sağ ol, yəni ananın döşündən süd əmir. Elə isə gədənin adını "Əmzik" niyə qoymursan? Özün demişkən cin kimidir. Bir az bicliyi, bir az gicliyi. Böyüyəndə məmur olmağın yolunu tapar. Sonra da dodaqlarını yapışdırar büdcə borusuna, əmdikcə əmər. Hə necədir "Əmzik", yoxsa "Cinquş?" Vallah bizdə bunun başqa anlamı var. Ondansa "Alarvad" qoy. O da cinin...

Sözümü kəsdi.

-Müəllim "Alarvad" keçmir, e, o adda arvad sözü var, tay-tuşu məsxərəyə qoyar.

Baxdım ki, cahil, nadan bunun yanında toya getməlidir. Ciddi-ciddi dedim:

-Onda uşağın adını qoy ya "Fürsətçi", ya da " Güdükçü". Sən istədiyin işə yarayar.

Gözlərini üzümə dikib, nəsə soruşmaq istədi , amma cəsarət etmədi.

-Bax-dedim-deyirsən ki, istəyirəm övladım cin kim özün ora-bura vursun, mən yaşadığım həyatı yaşamasın, yüz kişidən biri olsun,eləmi?

-Müəllim, lap elə bil ürəyimi oxudun. Elə mən də bayaqdan bunu demək istəyirəm.

-Hə, lap yaxşı, -onu həvəsləndirdim, -"Güdükçü", "Fürsətçi" kimi adlar pis deyil. Böyüyəndə "adam" olmaq üçün fürsət gözləyir, lazım olan vəzifəli adamları güdər. Onların vəziyyəti yaxşı olanda "dədəm-anam sənsən" deyər, təndirin qırağında, ocaq başında özünə yer eləyər, gün ağlayar. Hər yerdə sayılır. TV-lər, saytlar, qəzetlərin dilindən düşməz, hörmətli kişilərdən biri olur. Elə ki, bu vəzifəlinin vəzifə ömrü bitir, yəni ayağına daş bağlayıb atırlar quyunun dibinə, o da həmin daşdan da böyüyünü götürüb atır quyunun içinə. Həm də deyir "Di get". Sonra da əlinə balta alıb həmin vəzifəlini gecə-gündüz arxasınca baltalayır. "İt əl çəkir, motal əl çəkmir". Yazıq can verir, o isə uf demədən yenə baltalayır. Bunu ona görə edir ki, güdsün, fürsət düşən kimi yenə bir vəzifəlini girəvələsin. Hə necədir bu adlar; "Güdükçü, ya da "Fürsətçi"?

-Müəllim, yaxşı sözlər danışırsan, bəlkə ehtiyatda başqa adlar da var.

Baxdım ki, bu lap zır nadandır. Dedim:

-Hə bir-iki ad da var. Amma onlar da qoy sonraya qalsın.

Əl çəkmədi.

-Sən o adları söylə, mən gedim arvadla hamısını "optovoy" (topdan) məsləhətləşim.

-Əşi, səndən yaxşı oğlana bu adları ərmağan etməyəcəm ki, halal xoşun olsun, götür apar. İkisini də deyim, gör hansı ağlına batır. "Dibçək", ya da "Parnik" (istixana), ancaq mənasını uzun-uzadı soruşma. Qısa deyim ki, dibcəyin kökü torpağa bağlı olmur, kökü torpağa dəymədiyindən keçmişini, ata-anasını unudur, bəzən onlardan imtina edir, ancaq məmurluğa-zada yarayır, hər yerdə ona yaşıl işıq yandırırlar. Elə istixana da onun kimi. Bunun fərqli cəhəti ondadır ki, bu uşaq nə gün, nə də soyuq-qar görsün. Onun üçün temperatur eyni olmalıdır. O da çörək qazananlar sırasına aid edilir.

Yanaqdağ gözləmədiyim halda etiraz etdi:

-Yox müəllim, sonuncu bu iki addan imtina edirəm. Ömrümü Yanardağ kimi ona sərf edim, o da sonradan məndən imtina etsin. - Başını buladı, - Yox istəmirəm. Gedim evdə məsləhətləşim.

Təşəkkür edib ayağa durdu, şəhər telefonumu da istədi, verdim.

Üç gündən sonra mənə zəng etdi:

-Salam müəllim,-sevinclə dilləndi, - uşağa sayənizdə ad tapdıq. Razı olmasalar, məhkəməyə verəcəm.

-Hə, nə yaxşı, hansı adın üstündə dayandınız?

Fəxrlə dilləndi:

-Cinqus-əmzik, qoy məmur olsun... Hə, di sağ ol!

Düd... düd... düd...

Özüm-özümə bircə kəlmə deyə bildim:

-Dəlinə şükür, ilahi!

02.02.2022

P.S. Felyetonu oxuyan dostlarımdan biri zəng edib dedi ki, hələ bu yaxşıdı. Tanışlardan birinin üç oğlu var. Adlarını Kitay, Dubay, Subay qoyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.