900 min insanın məhv edildiyi Treblinka düşərgəsi - Faşizmin hərbi cinayətləri.

7-02-2022, 12:13           
900 min insanın məhv edildiyi Treblinka düşərgəsi -
Ən yeni tarix. Maraqlı faktlar.
II dünya müharibəsində faşist Almaniyasının törətdiyi cinayətlər silsiləsində ölüm düşərgələri xüsusi yer tutub. Bu düşərgələrdə ağır işgəncə və qəddarlıqla ölürülənlərin sayı milyonlarla ölçülüb. Təkcə “Ölüm fabriki” adı ilə tarixə düşən Treblinka düşərgəsində 900 min nəfərin həyatına son qoyulub.
Treblinka düşərgəsinin yaradılması təşəbbüsü birbaşa Adolf Hitlerdən gəlib. 1942-ci ilin aprel ayında keçirilən müşavirədə yeni əsir düşərgələrinin yaradılması müzakirə olunanda Hitler xəritədə Polşa ərazisinə nəzər salaraq Varşavadan 80 kilometr aralıda yerləşən Treblinka kəndini karandaşla işarə edib və düşərgənin bu ərazidə salınmasına dair əmr verib. Əmrin icrası Henrix Himmlerə həvalə olunub.
Düşərgə 24 hektar ərazidə salınıb. Artıq 22 iyul 1942-ci ildə Treblinka ilk “sakin”lərini qarşılayıb.
Düşərgədə əvvəlcə üç qaz kamerası olub. Bir neçə aydan sonra “ölüm tələbatını” ödəmək üçün onların sayı 13-ə çatdırılıb.
Treblinka düşərgəsinin fəaliyyətə başladığı ilk vaxtlarda ölüm prosedurlarını əsirlərdən gizlədiblər. Panika və müqavimətin yaranmasından çəkinən xidməti personal qaz kameralarına su duşları quraşdırıb. İlk baxışdan bu kameralar daha çox ümumi hamamı xatırladıb. Saxlanılanları “hamam”a 50-60 nəfər qrup şəklində buraxıblar. 15-20 dəqiqədən sonra isə onların meyitləri çıxarılaraq ərazidə qazılmış xəndəklərdə basdırılıb.
Bir neçə aydan sonra Himmlerin əmri ilə nəzarətçilərin sayı səkkiz dəfə artırılanda düşərgədə daxili rejim daha da sərtləşdirilib, saxlanılanların müqavimət göstərməsi isə mümkünsüz olub.
Düşərgəyə gətirilən qadınların saçları qırxılıb və “qiymətli xammal” kimi Almaniyaya göndərilib. Qadınlara kişilərdən daha çox işgəncə verilib. Onların üzərində tibbi-bioloji sınaqlar keçirilib. Gecələr isə “seçilən qadınlar” nəzarətçilər tərəfindən cinsi zorakılığa məruz qalıblar.
1943-cü ildə Himmler Hitlerin xüsusi tapşırığı ilə Treblinkaya səfər edib. O, meyitlərin yandırılması üçün təcili olaraq sobaların quraşdırılması haqqında düşərgə rəhbərliyinə əmr verib. Yazılı əmrdə o da göstərilib ki, əvvəlki basdırılmış meyitlər də, basdırıldıqları xəndəklərdən çıxarılaraq yandırılmalıdır.
Hitler komandasını bu işə nə vadar edib?
Araşdırmaçıların qənaətinə görə, Stalinqrad döyüşlərindən sonra Hitler ilk dəfə olaraq məğlubiyyətin dadını hiss edib. Gələcəkdə tam məğlub olacağı təqdirdə milyonlala insanın meyitlərinin aşkar olunması faktı füreri ciddi narahat edib. Bu baxımdan da o, basdırılmış meyitlərin yandırılmasını ən məqbul variant kimi qəbul edərək bu qərarı verib.
Sözsüz ki, bu göstərişi icra etmək düşərgə rəhbərləri üçün əməlli-başlı problemə çevrilib. Xəndəklərin yenidən qazılması, çürümüş meyitlərin çıxarılması, sobaların gecə-gündüz işləməsi düşərgədə işləyənlər üçün heç də arzulanan və asan iş olmayıb. Bu işin görülməsi üçün düşərgədə saxlanılanlardan işçi qüvvəsi kimi istifadə olunub. Bu dəhşətli poses Treblinkada sakitliklə ötüşməyib. Əsirlər işin icrası zamanı nəzarətçilərə müqavimət göstərərək qiyam qaldırıblar, onlardan bir qismi isə düşərgədən qaçmağa müvəffəq olub.
Sovet qoşunlarının irəliləməsi ilə Hitler bir sıra başqa düşərgələr kimi Treblinka düşərgəsinin də ləğv edilməsi haqqında göstəriş verib. Göstərişə əsasən düşərgədə saxlanılanların hamısı güllələnib, bütün tikililər yandırılıb, kül olan ərazinin üzərinə torpaq tökülüb, ağaclar əkilib. Sözsüz ki, bununla bəşəri cinayəti gizlətmək mümkün olmayıb. Sonralar “yaşıllıq altında olan cəhənnəm”də ciddi araşdırmalar aparılıb və beynəlxalq hüquq müstəvisinə çıxarılıb.
Treblinka düşərgəsinin ən qəddar siması komendant Frans Ştaql olub. Onun hər bir hərəkəti, hər addımı, hər jesti əsirlərin ölümü ilə nəticələnib. İşgəncə verməyin peşəkarı sayılan Ştaql xüsusi işgəncə alətləri saxlayıb. Onun ən böyük “əyləncəsi” isə əsirlərin qulaqlarını divara mismarlamaq olub.
Almaniyanın zaman-zaman məğlubiyyətə doğru getməsi Frans Ştaqılı da ciddi narahat edib, onu qorxuya salıb. Komendant gələcək aqibətinin necə olacağını yaxşı anlayıb. Bunu bildiyindən o, hələ Treblinka düşərgəsinin ləğv olunması əmrindən 10-15 gün əvvəl Polşadan qaçıb. Komendantın yoxa çıxması Henrix Himmlerin qəzəbinə səbəb olub və Ştaqlın saxlanılması üçün göstəriş verib. Amma qəddar komendantı Almaniyada da tapmaq mümkün olmayıb.
Frans Ştaql 1967-ci ilə qədər gizlənə bilib, cəzadan yayınıb. Yalnız 1967-ci ildə o, Braziliyada həbs olunaraq Almaniyaya gətirilib. Həmin vaxt onun 59 yaşı olub. Uzun sürən istintaq və məhkəmə prosesindən sonra 1970-ci ildə məhkəmənin hökmü ilə Ştaql ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin o, bu cəzanın yalnız bir ilini çəkib. 1971-ci ildə keçmiş hərbi cani həbsxanada ölüb.
Müharibədən sonrakı illərdə 900 min nəfərin həyatına son qoyan, alman faşizmi tərəfindən antibəşəri cinayətlər törədilən Treblinka düşərgəsinin yerində xatirə kompleksi və muzey yaradılıb.
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.