Adəmin axtarışında - Adəm, sən kimsən?!

8-02-2022, 08:35           
Adəmin axtarışında - Adəm, sən kimsən?!
Tanrıverdi Əliyev yazır...

İnsanoğlu Allahın yaratdığı ən üstün varlıq hesab olunur.Səmavi dinlərdə Allahın insanı öz məhəbbətinin ruhundan yaranması qeyd edilir. Əbəs yerə Hürufizm cərəyanında insanın cismində “Allahın nişanələri vardır” deyilməmişdir.

Ey Abidlər gəlin mənə həqqi-iman məndədir

Hidayət olan gəlsin, on iki imam məndədir.

Bu şeirimizi də məhz hürufizm cərəyanında yazmışıq.

Haşiyə: Dini aspektdən nəzər yetirdikdə hər insan müqəddəs olaraq xəlq olunmuşdur. Çünki, insanın ruhunun zatı, Allahın ruhunun bir hissəsindəndir. Belə ki, Allah ilk insanı (Adəmi) yaratdıqda, ona öz ruhundan üfləmişdir. İnsanlar da Adəmin(ə) övladları olduğu üçün hərkəsin bədənində Allahın ruhunu vardır. Hürufilərin təliminə nəzər yetirdikdə görürük ki, onlar “mən Rəhmanam” “mən sığmazam” dedikdə özlərini Allah olaraq nəzərdə tutmurlar. Sətiraltı məna olaraq “mən Allahın nişanəsiyəm” fikrini çatdırmaq istəyirlər. Həqiqətən də insanda Allahın nişanələri vardır. Qeyd etdiyimiz kimi ruhumuz Allahin ruhundandır. Məhz həmin o ruh Allahın nişanəsidir. Bir digər nişanə də insanın əlinin içində gizlənmişdir. Belə ki, sağ və sol ovuclarımıza baxdıqda görürük ki, ərəb qrafikası ilə 81 və 18 rəqəmləri yazılmışdır. Bu rəqəmləri topladıqda Allahın 99 adını, çıxdıqda isə Məhəmməd peyğəmbər (s) və Hz. Əlinin (ə) vəfat yaşlarını müəyyən edə bilirik. Digər nişanənin biri də insanın barmaq və oynaqlarındadır. İnsanın bir əlində 5 barmaq və 14 oynaq vardır. Həmin o 5 rəqəmi Əhli-Beytə (ə), 14 rəqəmi isə 14 məsuma(ə) işarədir. İnsan özünün necə üstün varlıq olduğunu dərk etməli və özünü bu üstünlüyə (nişanələrə) layiq bilməlidir.

Tarixən ilk insanın və millətlərin yaranmasına dair minlərlə nəzəriyyə ortaya qoyulmuş, lakin əksəriyyəti təkzib edilərək tarixə qarışmışdır. Elm aləmində ilkin insanın yaranmasına dair hal-hazırda iki nəzəriyyə qüvvədədir.

1. XIX əsrdə Çarlz Darvinin əsasını qoyduğu təkamül nəzəriyyəsi.

2. 2013 – 2014 – cü illərdə ortaya qoyulmuş Y-MRCA (Genetik Adəm) nəzəriyyəsi.

Qeyd :

Biz bu yazıda Genetic Adam nəzəriyyəsini təhlil edəcəyik. Təkamül nəzəriyyəsinin doğru olub, olmamasının bu yazıya aidiyyatı yoxdur.

Monoteist dinlərdə Adəm peyğəmbərin torpaqdan yoğrulması və hava, su və alovdan yaranması qeyd edilir. Qeyd edək ki, Adəmin yaşayış illəri Yəhudi mənbələrində təqribən 6-7 min il öncə qeyd edilir.

(Tövrat – Yaradılış. 2:7–25; 3:1–24) Allah insanı (Adəmi) “torpaqdan yaratdı” və “onun burnuna həyat nəfəsi üfürdü”

Quran Səcdə surəsi 7-ci ayə

الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ ۖ وَبَدَأَ خَلْقَ الْإِنْسَانِ مِنْ طِينٍ

... insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır).

Adəmin axtarışında:

Elm aləmində Genetic Adamın yaranması ilə bağlı dəqiq məlumat yoxdur. Onun yaşayış illəri isə təqribən 300-350 min il öncə qeyd edilir. Lakin, bu yaş sistemi 2014-cü ildən günümüzə qədər dəyişir. Genetika elmində isə Həvva anlayışı mt-MRCA olaraq qeyd edilir. Y xromosomlu Genetic Adam və Genetic Havva nəzəriyyəsinin tərifi budur ki, günümüzdəki insanlığın ən son əcdadıdır. Tərifdə ən son əcdad fikrinə nəzər yetirək. Alimlərin fikrincə, Adəm peyğəmbərdən öncə də insanlar həyatda olmuşdurlar. Adəm də onlardan qalan son insandır. Bizim fikrimizcə, ola bilsin ki, Adəmdən öncəki insanlar təkamül yolu ilə xəlq olsunlar. Lakin, günümüz insanlığın babası hesan olunan Adəm peyğəmbərin təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Darvinin təkamül nəzəriyyəsi insanla meymunun eyni tip(Primat) olduğunu, və eyni soydan gəldiyini iddia edir. Qeyd etmək lazımdır ki, təkamül təlimi üçün milyon illər lazım gəlir, lakin Genetic Adam nəzəriyyəsi iddia edir ki, günümüz insanlığın ata-babası sayılan Adəm 350 min il öncə yaşamışdır. Alimlərin fikrincə, insanlıq 5 yaradılış (bəzən 7 və ya 8) dövriyyəsindən ibarət olmuşdur. Avistraltopitek, Pitekantrop, Neandertal, Kromanyon və Müasir insan(Y xromosomlu Adəm). İspaniyalı genetik alim

Fernando L. Mendez “American Journal of Human Genetics” səhifəsində yazdığı məlumata görə Neandertal və Y xromosomlu Adəmin arasında genetik oxşarlıq vardır. O qeyd edir ki “Burada biz İspaniyanın El Sidron şəhərindən olan bir neandertal fərddən ~120 kb ekzoma ilə tutulmuş Y-xromosom DNT-ni təhlil edirik. Biz onun ortoloji şimpanzedən və müasir insan ardıcıllığından fərqliliyini araşdırırıq və Neandertal nəslini müasir insan Y xromosomlarına, o cümlədən yüksək dərəcədə fərqli bazal haploqrup olan A00-a əlavə qrup kimi yerləşdirən model üçün güclü dəstək tapırıq.Hesab edirik ki, Neandertal və müasir insan Y xromosomlarının ən son ortaq əcdadı (TMRCA) üçün vaxt ~588 min il əvvəldir (kya) (95% güvən intervalı [CI]: 447-806 kya).*

Haşiyə:

Müxaliflər monoteizmə(habelə İslama) zidd olaraq iddia edirlər ki, “əgər dünyada iki insam vardısa, o zaman 4 qan qrupu necə olur?!”

Bu iddianın cavabı budur ki, ola bilsin ki, Adəm peyğəmbərin qan qrupu II qrup Həvvanın qrupu isə III qrupdur. Çünki, bu iki qan qrupunun rezusu(A0 (və yaAA) və B0) bütün qan qruplarını yarada bilir.

İslam alimlərindən olan Əhmədağa Əhmədov da qeyd edir ki, Adəm əleyhissəlamdan öncə insanlar yaşamışdır. O Bəqərə surəsi 30-cu ayəni istinad edərək qeyd edir ki, “ (Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: ‘Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam’, - dedikdə (mələklər): ‘Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?’- söylədilər. (Allah onlara: ) Mən bildiyim şeyi siz bilmirsiniz!’ – buyurdu”. Göründüyü kimi uca Allah xəlifə yaradacağını dediyi zaman mələklər Yaradanın iradəsinə etiraz edir. Onlar insanın qan tökəcəyini söyləyirlər. Deməli, mələklərin öncədən insanlıq ilə tanış idilər ki, etiraz edirdilər. Əlavə məlumat olaraq qeyd edək ki, tədqiqatçı Asim Kərimov deyir ki, ““Bəqərə” surəsinin 30-cu ayəsində “xəlifə” sözü keçir. Xəlifə sonra gələn deməkdir. Sonra gələn varsa, deməli bunun sələfi də olmalıdır. Yəni Adəm davam edəndir. Xələf sözü göstərir ki, Hz. Adəmdən öncə insan, yaşayış olub.” Hədislərə nəzər yetirək :

İmam Sadiq (ə) buyurmuşdur: “Bəlkə də sizlər Allah-taalanın sizdən öncə bəşərin yaratmadığını güman edirsiz. Lakin xeyir, belə deyildir. Bəlkə min-min insanlar yaratmışdır ki, siz onların axırıncı nəslisiniz.” (Kitabut-tövhid, c/1, səh/277.)

İmam Baqir (ə) buyurmuşdur: “Allah-taala yer üzünü yaratdığı gündən önun üzərində yeddi aləm yaratdı (və sonra məhv etdi) və o aləmlərdən heç biri bəşərin atası Adəmin nəslindən olmamışlar. Allah onları yaratmış sonra da onların ardınca digər nəsilləri xəlq etmişdir və onların hərəsi üçün aləm ardınca bir aləm yaratmışdır. Nəhayət Hz. Adəmi (ə) xəlq etmiş və ondan da onun nəslini yaratmışdır...” (Xisal, c/2, səh/652, hədis/54, Biharül-ənvar, c/63, səh/82-83).

Mənbələr :

Qurani-Kərim Bəqərə surəsi 30-cu ayə

Qurani – Kərim Səcdə surəsi 7-ci ayə

Tanrıverdi Əliyev “Poeziya Ulduzları” Bakı-2020

(Kitabut-tövhid, c/1, səh/277.)

Xisal, c/2, səh/652, hədis/54, Biharül-ənvar, c/63, səh/82-83.

Tövrat – Yaradılış babı. (2:7–25; 3:1–24)

İnternet resursları:

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4833433/

https://apa.az/az/apa-tv/xeber/yasil-orta/-37677

Genetic Adam “National Geographyics” https://youtu.be/3XWaRZf1A-Y












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.