Batin alimi yazır: Kitabi Dədə Qorqudun sirləri - 5
8-02-2022, 13:15
Kitabi Dədə Qorqudun əsas sirlərindən biri də, onun qam-şamanlıqla bağlı olmasıdır. Kitabda, Amit soyunun aslanı Qazan xan öz elini «Qom qomlamam qoma yurdum» adlandırır ki, bu da Qazan xanın yurdunun qamlama, şamanlıq vəziyyəti ilə bağlılığı deməkdir. Ən qədim mənbələrdə qamlıqla bağlı olan ölkə qədim Misir ölkəsi idi ki, mətnlərdə o Kem (KM), yəni Qam ölkəsi, oranın kahinləri də eyni zamanda xam, yəni qam, şaman adlandırılırdı. Belə çıxır ki, Dədə Qorqudun Oğuz eli - qədim Misir ölkəsidir. Kitabda Oğuz elindəki suyun «qamın axan» adlandırılması o deməkdir ki, bu su bilavasitə qam-şamanlıq və onun səbəbi olan ilkin materiya ilə bağlıdır. İlkin materiya da su kimi həyat verdiyi üçün qədim filosoflar onu dirilik suyu kimi rəmzləndirmişlər. Qamlıq vəziyyətində bu "suya daxil olan" insanın daxili, yəni bəsirət gözü açılır və o ilkin materiyanı və ondan yaradılmış Qam/Kem dünyasını görə bilir. Kitabda Oğuz qəhrəmanı deyir: «Ala gözüm açuban dünya gördüm... Ala yatan qara dağları aşdım. İlərü yatan qara dəniz gördüm, Gəmi yapıb kömləgim çıxardım, yelkən qurdum. İlərü yatan dənizi dəldim keçdim. Ötəgi qara tağın bir yanında altı başı balqar bir ər gördüm». Mətndə dənizin «dəlinib», yəni deşilib keçilməsi onu göstərir ki, burada söhbət həqiqətən də bizim bildiyimiz sudan yox, rəmzi mənada göy sularından, göy okeanından gedir. Dənizin, suyun dəlinib keçilməsi bizə həm də Tövratda İsrail (İzrail) oğullarının dənizin ortasıdan keçməsini xatırladır və orada da qeyd olunurdu ki, «su onlar üçün sağ və sol tərəfdən divar kimi idi». Deməli, bu sular rəmzi mənadadır və biz bu haqda az məlumatlıyıq.
Tövratda, Quranda və digər müqəddəs yazılarda su, dəniz, okean - ilkin materiya, yəni sufilərin Hu, İlah adlandırdığı dirilik suyu, İlahi od anlamındadır və mən kitab və məqalələrimdə onun xüsusiyyətləri haqqında geniş izah vermişəm. Başqa sözlə, Qazan xanın Qam yurdu, "qamın axan", yəni qamlıqla bağlı olan sularda - göylərdə, oranı təşkil edən dirilik suyunda, ilkin materiyada yaradılmış dünyadır.
Kitabda, Yegnək yuxuda ikən ala gözün açıb dünya və orada ağ-boz atlar çapdırar alpanlar görür. Ağ işıqlı alplarla bərabər orada Dədə Qorqudu və dayısı Əməni görür.
Əmən rəmzi qədim Misir yazılarında - göydə Atum (Adəm) adlı nəhəng canlı varlığı yaradan Amon Allahı kimi keçir. Bu mətnlərdə Əmən/Amonun adı Ammon kimi də yazılır və bu rəmz Kitabi Dədə Qorqudda Əmman dənizi kimi qeyd olunur. Əmman dənizinin dibində isə kafərlər şəhər tikmişlər ki, burada asilər, yəni ruhlar su altında «mənəm Allah» deyə qışqırışırlar. Belə çıxır ki, Qazan xanın yurdu - Əmman dənizinin dibində, yəni göy okeanında qamlıqla yaradılmış şəhərdir və orada özlərini Allah adlandıran ruhlar yaşayır. Kitabi Dədə Qorquddakı Əmən obrazı da - göydəki Qam ölkəsində ölümsüzlük qazanmış Amon Allahının obrazıdır. Qədim Misir yazılarında göydə yaradılmış dünya - Osiris/Asar (Azər) Allahının ölüm şahlığı (ruhlar dünyası) adlandırılır. Bu isə o deməkdir ki, Qazan xanın Qam yurdu elə - Osiris (Azər) Allahlarının yurdudur. Dövrümüzün məşhur alimi Devid Rola görə, Misir rəmzi də M-Əsər, yəni "Əsər/Osirisdən doğulmuş" deməkdir.
Digər tərəfdən, Yegnəkin ruhlar dünyasını, oradakı ağ işıqlı alpları, alpanları yuxu kimi görməsi, onun bu dünyanı ekstatik vəziyyətdə, yəni qam-şamanlıq vəziyyətində görməsi mənasındadır. Qeyd edək ki, mifologiyalarda «alp» [LP] rəmzi batini məntiqdə «elf» [LF] rəmzi ilə eyni mənalıdır və mələk anlamındadır. Alpan, yəni Pan-Eli rəmzi Tövratda Panuel kimi keçir və bura, Yaqub peyğəmbərin Allahla sübhə qədər "güləşdiyi" yerdir ki, bundan sonra Allah Yaqubu - İzrail adlandırır. Yaqubun Allahla tutaşması, Əmanın ilkin materiya ilə "mübarizəsi", yəni ondan - Osiris (Asar/Azər) Allahının ruhlar dünyasını yaratması deməkdir ki, İzra-il (İsra-El) rəmzi də bu mənada Azər/Asar/Osiris, yəni Azər Allahının Eli fikrini ifadə edir.
Osiris/Asar/Azər Allahının yarandığı yerin Panuel adlanması, göydəki elin Pan eli – Alpan olması deməkdir. Deməli, Alpanlar [L-PN] yurdu olan Qam ölkəsi - ruhlar dünyasıdır və buradakı alplar da ölüm mələkləri mənasında olan əzraillərdir.
Batini məntiqdə əzrail (ZRL) rəmzi ilə İzrail (ZRL) rəmzi eyni mənalıdır. Kitabi Dədə Qorqudda Əzraili görən Dəli Domrulun «gözləri görməz, əli tutmaz olub, canı cuşa gəlir və ağzı buz kimi olur». Bu o deməkdir ki, Dəli Domrul əzraili ekstatik durumda, yəni ekstaz, qamlıq vəziyyətində görmüşdür.
Kitabi Dədə Qorqudda - «Qamu yerdə Əhədsən, Allahü Səmədsən» ifadəsi işlənir ki, bu da Allahın - qamlıq olan yerdə, yəni Qam ölkəsi olan ruhlar dünyasında Əhəd-Xuda adı ilə var olması deməkdir. İslamda Qam-Eli, yəni Osirisin ruhlar dünyası - "Əleyküm" (El-Qam) kimi qeyd olunur və salamlaşmaya aid edilərək "Salam Əleyküm" kimi işlənir. Bu rəmzi anlamaq üçün Buxarinin hədisinə müraciət edək. Buxari, Adəmin boyu ilə əlaqədar hədisdə peyğəmbərə istinadən yazır: «Allah Adəmi yaradanda boyu altmış dirsək idi, sonra O dedi: «Get, mələkləri salamla və qulaq as ki, onlar səni necə salamlayacaqlar və bundan sonra bu salamlaşma sənin və sənin törəmələrinin salamlaşması olacaq». Adəm dedi: «Əs-səlam əleyküm», onlar cavab verdilər: «Əs-səlamu əleyküm və rəhmətullah», və onun dediyinə Rəhmətullah sözünü əlavə etdilər. Cənnətə girən hər kəs, öz vücudu ilə Adəmi xatırladacaq, o ki qaldı insanlara, Adəmin dövründən onlar kiçilməkdə davam edirlər». Salam (SLM) rəmzi İslam (SLM) rəmzi kimi - issi-aləm (İsa aləmi), yəni "ruhlar aləmi", "aləm ruhu" və s. mənalarını verdiyi üçün, bu hədisdən belə çıxır ki, Adəmin cənnəti elə Qam ruhlar dünyasıdır. Deməli, «Salam əleyküm» ifadəsi sufi batinilərdə "Ruhlar aləmi - Qam elidir" fikrini ifadə edir ki, bu da Əmən/Amon Allahın göydə yaratdığı ruhlar dünyasının qam-şamanlıqla yaradılmış aləm olması deməkdir. Bu rəmzlərin tam açması, müəllifi olduğum Batini-Quran kitabında geniş verilmişdir.
Kitabi Dədə Qorqudda Qazan xan Amit soyunun aslanı adlandırılır. Batini mənada Amit (MT) rəmzi qədim mənbələrdəki Mut/Mada/Atum/Adəm (MT/MD=TM/DM) rəmzləri ilə eyni mənalıdır. Qədim Misir yazılarında Amit rəmzi Mut kimi keçir və bu obraz Amon Allahının arvadı mənasında göstərilərək "analar anası" adlandırılır və çalağan quşu, ilahə dişi şir kimi də qeyd olunur. Bu isə o deməkdir ki, bu obraz hər şeyə həyat vermiş ilkin materiyanın, dirilik suyunun və ondan yaranmış ruh və ruhlar dünyası ilə bağlıdır. Qədim fəlsəfələrdə qadın məhz ruhun və ruhlar dünyasının rəmzidir. Mətnlərin Mut və onun əri Amon Allahı Napatlı adlanırlar ki, bu da Amon Allahının və Mutun Napat eli ilə bağlılığı deməkdir. Napat rəmzi mənbələrdə Nifat kimi də yazılır ki, Strabonun "Coğrafiyası"sına görə Nifat və Zaqr dağları - Azəri müqəddəsləri olan kadus, amard və s. tayfalarının yaşadığı dağdır. Zaqr və ya Zaqros dağları Devid Rolun yazdığına görə, ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir və burada Dilmun cənnəti yaradılmışdır. Burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır. Buradakı ölməzlər ölkəsinin sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər. Bu ərazi isə qədim Midiya ölkəsinin ərazisidir ki, bu gün də burada pirlər, yəni fironlar nəslinin törəmələri olan Azəri şad-seyid bəgləri, şıxlar və s. müqəddəslərin varisləri yaşayır.
Bütün bunlar o deməkdir ki, Amit soyunun aslanı Qazan xanın Qam yurdu - pir/firon Əmənin/Amonun Midiya göylərində yaratdığı Asar/Osiris (Azər) Allahlarının ölüm şahlığıdır. Bütün dinlərdə cənnət deyəndə Amon Allahının Azərbaycan göylərində yaratdığı bu Qam ruhlar dünyası nəzərdə tutulmalıdır.
Firudin Gilar Bəg