İKİ RUS SƏRKƏRDƏSİNİN KARYERASINA SON QOYMUŞ AZƏRBAYCANLI GENERAL (1-Cİ HİSSƏ)

19-01-2024, 16:24           
İKİ RUS SƏRKƏRDƏSİNİN KARYERASINA SON QOYMUŞ AZƏRBAYCANLI GENERAL (1-Cİ HİSSƏ)
İrəvan xanı Muhəmməd Qacarın oğlu Həsən xan 1785-ci ildə Qəzvin şəhərində anadan olmuşdu. O, hərbi xidmətə Fəth Əli şah Qacarın (1771–1834) qvardiyasında başlamışdı. 1804-cü ilin mayında infanteriya generalı, etnik gürcü Pavel Sisianovun (1754–1806) komandanlığı altında böyük bir rus qoşunu İrəvan xanlığının ərazisinə soxuldu.

Xanlığın silahlı qüvvələrində yüzbaşı vəzifəsində xidmət edən Həsən xan ön sıralarda döyüşərək fərqləndi. Şahzadə Abbas Mirzə Qacarın (1789–1833) Azərbaycan ordusu mühasirəyə alınmış şəhərin köməyinə yetişdi.

1804-cü il iyulun 24-də Gərni çayın sahillərində general-leytenant Semyon Portnyaginin (1764–1827) dəstəsi azərbaycanlıların şiddətli hücumları qarşısında duruş gətirə bilməyib qaçdı. Burada rus ordusunun ən azı 300 nəfər zabit və əsgər həlak oldu. 1804-cü il avqustun 14-də Qacar ordusunun gürcü əsilli komandiri knyaz Aleksandr Baqrationi (1770–1844) Rusiya ordusunun fransız əsilli komandiri mayor İosif Montrezoru (1767–1804) və onun 124 (və ya 173) nəfərlik dəstəsini məhv edib xeyli qənimət ələ keçirdi.

Bununla da işğalçıların mərkəzlə (Tiflislə) əlaqəsi və arxa təminatı pozuldu. Ardınca gürcülərin və osetinlərin Rusiya əleyhinə üsyanı başlandı. İrəvan ətrafındakı hərbi əməliyyatlarda rusların itkiləri artırdı.

Beləliklə, P.Sisianov savaşı uduzub 1804-cü il sentyabrın 2-də geri çəkildi. Amma qəribədir ki, Rusiya tarixşünaslığı belə bir ağır məğlubiyyəti də rus silahının parlaq qələbəsi kimi təqdim edir. Görünür, rus tarixçiləri “igidlik ondur, doqquzu qaçıb qurtarmaq, biri də gözə görünməmək” deyimini elə olduğu kimi anlayıblar.

1808-ci ildə çar ordusu bu dəfə general-feldmarşal, etnik ukraynalı İvan Qudoviçin (1741–1820) rəhbərliyi altında yenidən İrəvan xanlığının ərazisinə daxil oldu. İrəvan şəhəri üzük qaşı kimi mühasirəyə alındı. Qacar ordusunun polkovniki (qulamlar rəisi) Həsən xan qardaşı Hüseynqulu xanla (1742–1831) birlikdə şəhərin üç aylıq (sentyabr–noyabr) qəhrəmancasına müdafiəsinə başçılıq etdi.

Mühasirə dövründə İ.Qudoviç Həsən xana ən azı üç məktub yazıb ondan tələb etdi ki, təslim olsun. Bildirdi ki, əks təqdirdə şəhər hücumla alınacaq və kütləvi qətliam baş verəcək. Həsən xan birinci məktuba cavab vermədi. İkinci məktuba cavabında isə İ.Qudoviçə təklif etdi ki, Qacar dövlətinin tərəfinə keçsin. O, rus general-feldmarşalının nəzərinə çatdırdı ki, Qacar padişahına xidmət etməyə razılıq versə, bunun müqabilində İrəvan, Təbriz və digər xanlıqların hakimi təyin olunacaq.

Həsən xan Qacar general-feldmarşal İ.Qudoviçin növbəti hədə-qorxularına isə belə bir cavab yazdı: “Məktubunuzu aldım. Orada bildirirsiniz ki, qoşunlarımızı məğlub edib Arazın o tayına qovmusunuz. Sonra isə təklif edirsiniz ki, İrəvan qalasını sizə təslim edim. Məlumunuz olsun ki, bu qalanı qoruduğumuz andan ordumuzun köməyindən gözümüzü çəkmişik. Onun burada olmasının, yaxud olmamasının bizim üçün heç bir fərqi yoxdur. Deməli, onu heç gözləmirik, qoy istədiyi yerə getsin. Allahın mərhəməti sayəsində heç bir köməyə ehtiyacımız yoxdur.

Həmçinin yazırsınız ki, toplarınızın mərmiləri qalanın bir neçə bürcünü uçurub və oradakı topları aşırıb. Biz hətta qaladan kənarda, açıq sahədə belə sizinlə vuruşmağa hazırıq. Qala daxilində müdafiə olunmaq və sizə qarşı vuruşmaq isə ümumiyyətlə çətin deyil. Burada hər kəs müqavimət göstərərək Axalkalakın mühasirəsi zamanı başınıza gələnlərin təkrarlanmasının şahidi ola bilər. Əmin edirsiniz ki, qalanı hücumla alacaqsınız.

Hər bir halda məlumunuz olsun ki, bu qalanın qarnizonu özünü fəda etmək əzmindədir və Allahın qismətinin intizarındadır. Ərz edirsiniz ki, padişahınızdan İrəvan qalasını fəth etmək tapşırığını almısınız. Bilin ki, biz də padişahımızdan onu müdafiə etmək tapşırığını almışıq”.

İrəvan ətrafındakı son döyüşdə ruslar çox ağır bir məğlubiyyətə uğradılar və cəng meydanında yüzlərlə cansız cəsəd (rus mənbələrinə görə, 800 ölü və ağır yaralı) qoyub qaçdılar. Rus tarixçiləri azərbaycanlıların bu qələbəsini onunla izah edirdilər ki, guya həmin gün İrəvanın müdafiəsinə fransız zabitləri rəhbərlik edirmişlər. Ona görə də Qacar ordusu şiddətli və eyni zamanda düzgün müqavimət göstərərək çar ordusunu belə bir acınacaqlı vəziyyətə salmışdı. Halbuki onlar yaxşı bilirdilər ki, hərbi əməliyyatlara rəhbərliyi istedadlı general Həsən xan Qacar həyata keçirirdi.

Rusların uğursuzluqları bununla bitmədi. Çar zabitləri panikaya düşdüklərinə görə marşrutu düzgün seçə bilmədilər. Nəticədə işğalçılar yüksək dağlıq əraziyə (çox güman ki, Murovdağ aşırımına) gedib çıxdılar. Orada qar uçqunları və donvurmalar səbəbindən minlərlə (rus mənbələrinə görə, 1000 nəfər) rus hərbçisi həlak oldu. Ümumilikdə isə, çar ordusu bu savaşda rus mənbələrinə əsasən, 2.000 nəfər, qızılbaş mənbələrinə görə isə, təxminən 5.000–6.000 adam itirdi. General-feldmarşal İ.Qudoviçin özü də ağır yaralanaraq bir gözündən və sağlamlığından məhrum olub hərbi xidməti tərk etdi.

1813-cü ildə Həsən xan Qacar ruslar üzərində daha bir qələbə qazandı. Lakin onun bu zəfəri müharibənin taleyinə ciddi təsir göstərmədi. Həmin il bağlanmış Gülüstan sülh müqaviləsinə görə, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Şimali Azərbaycanın qalan ərazisi Rusiya imperiyasına birləşdirildi.

1820–1821-ci illərdə baş vermiş Osmanlı–Qacar münaqişəsi zamanı İrəvan xanlığına basqınlar etmiş kürd feodallarının süvari dəstələrini dəfələrlə ağır məğlubiyyətə uğratdığına görə Həsən xana Sər Arslan (arslanların başçısı) titulu verildi. O, Əmir Teymura (1336–1405) mənsub olmuş çox qiymətli qılıncla təltif olundu və general rütbəsinə layiq görüldü.

Ardı var…
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
millikimlik.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.