MARQARA
3-07-2024, 10:08
Marqara adlı erməni kəndi.
İrəvanın 30 km cənubunda, Araz çayının sahilində yerləşir.
Burada bir zamanlar Ermənistanla Türkiyə arasındakı sərhəd keçid məntəqəsi yerləşirdi. Şıdırğı alver gedirdi buralarda Sovet dağılandan sonra. Ermənilər 1993-ə – Türkiyənin sərhədləri bağladığı tarixə qədər kef çəkdilər. Türkiyənin hesabına yaşayırdı erməni, İğdıra keçir, orda aldıqlarını gətirib İrəvan bazarında satır, elə buna görə də həyatda qalırdı. Aclıq və səfalət içində idi xalq, bu sərhədyanı ticarətə görə ölmədilər, qaldılar…
O dövrə damğa vurmuş iki nəhəng siaysət adamı – Heydər Əliyev və Süleyman Dəmirəlin apardıqları siyasət nəticəsində bir sıra önəmli tarixi addımlar atılmışdı. Bunlardan biri də Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin bağlanması idi ki, ermənilər otuz ildə ciddi iqtisadi, hərbi nailiyyət əldə edə bilmədilər. Qarabağ Zəfərinin təməlləri də o zaman atılmış, topyekun qələbə üçün hazırlıqlara o vaxt başlanmışdı…
Marqaranı bu gün ot-alaq basıb. Bir zamanlar həyatın, ticarətin coşub-daşdığı kənd xəyalətə qəsəbəyə bənzəyir. İrəvanın yaxınlığında olmasına rəğmən buranın xarabazardan fərqi yoxdur – Sovetdən qalma çürümüş yol lövhələri, ot basmış avtomobil yolları, tərk edilmiş inzibati binalar, pas atmış dəmir-dümür yığını və bir də Ağrı dağının əsrarəngiz görüntüsü...
Ancaq yaxın gələcəkdə bura Ermənistanı Dünyaya bağlayacaq məntəqələrdən birinə çevriləcək. Paşinyan iqtidarı “daşları ətəklərindən tökdükcə”, xalq necə bir çıxmaza girdiyini anlayınca hər gün yeni-yeni xəbərlər eşidəcəyik.
Sakit, mətbuatın diqqətindən iraq görülən bu işlər nəticəsində Türkiyə Marqara keçid məntəqəsinin açılmasına razılıq verib. Keçən il məntəqənin bərpası üçün ermənilər 2 milyon dollar pul xərcləyiblər. Araz üzərindəki Marqara körpüsü artıq təmir olunub və hazırdır.
Türk və erməni mətbuatı bu günlərdə Marqarada keçid məntəqəsi ərazisində önəmli bir görüş keçiriləcəyindən yazır. Türkiyəni Marqara görüşündə xüsusi nümayəndə, ölkənin ABŞ-dakı keçmiş səfiri, Milli Təhlükəsizlik Şurasının keçmiş Baş katibi Serdar Kılıç, Ermənistanı isə Milli Assambleyanın vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan təmsil edəcəklər.
İlk mərhələdə Marqara keçid məntəqəsindən ancaq 3-cü ölkələrin vətəndaşları ilə diplomatik pasportları olan iki ölkə vətəndaşları istifadə edəcəklər. Daha sonra digər sərhəd qapıları da açılacaq, iki ölkə vətəndaşlarının sərbəst gediş-gəlişinə icazə veriləcəkdir.
Təbii olaraq Azərbaycanda bu xəbərləri narahatlıqla qarşılayanlar çıxacaqdır. Bu dostlarımıza belə demək istərdim: “Bir də Azərbaycan və Türkiyənin nələr qazanacaqlarını düşünün. Artıq saatlara torpaq bütünlüyünü həll etmiş bir ölkənin saatına görə əyar veriləcək”. Başqa sözlə bizim qazancımız ermənilərdən müqayisə edilməyəcək qədər çoxdur. İndən belə böyük bir regionun lider dövləti ilə hesablaşılacaq…
fotolar: puerrtto
https://t.me/ibrahim_nebioglu
TEREF