Cəllad: “Pulemyotçu Tonka”nın dəhşət dolu hekayəti
3-07-2024, 16:18
Orden və medallarla təltif olunan sanitar qızın müharibədəki qan donduran cinayətləri
1945-ci il aprelin 6-9-da sovet ordusu Köniqsberq hücum əməliyyatını keçirdi. Bu döyüşü İkinci dünya müharibəsi zamanı Qırmızı ordunun bəlkə də ən uğurlu əməliyyatı saymaq olar. Güclü müdafiə istehkamları olan şəhər üç gün ərzində alındı və bu zaman sovet meyarlarına görə itkilər də az oldu: təxminən 9200 ölü və 34 min yaralı.
Yaralılardan biri də Viktor Ginzburq adlı serjant idi. O, müharibənin sonunu hərbi hospitalda qarşıladı və burada Antonina Makarova adlı 25 yaşlı mehriban sanitarla tanış oldu. Onlar bir-birlərini sevdilər və tezliklə evləndilər.
Savaşdan sonra cütlük Belarusun Lepel şəhərində yaşadı, iki qızları oldu. Valideynlər də, qızlar da yerli sənaye kombinatında işləyirdilər. Viktor sex rəisi idi, Antonina tikiş sexində istehsal olunan məhsullarının keyfiyyətinə nəzarət edirdi. Hər ikisi qabaqcıl işçi sayılırdılar, şəkilləri Şərəf lövhəsindən düşmürdü.
Üstəlik, veteran kimi hörmət-izzət sahibi idilər, imtiyazları vardı, tez-tez müxtəlif tədbirlərə, o cümlədən, o zaman SSRİ-də dəbdə olan ifadədə deyildiyi kimi, “böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması” üçün məktəblilərlə görüşə dəvət olunurdular. Hər ikisi “SSRİ silahlı qüvvələrinin 50 illiyi”, “Qələbənin 20 illiyi” və “Qələbənin 30 illiyi” yubiley medalları ilə təltif edildilər. Ginzburq ailəsi əsrin 1/3 hissəsini beləcə xoşbəxt yaşadı.
1978-ci ilin sentyabrında isə Antonina Ginzburq həbs edildi. Bunun səbəbini bilməyən Viktor əvvəlcə yerli səviyyədə şikayətlər etməyə başladı. Daha sonra müharibə veteranlarına xüsusi şəfqətlə yanaşan sovet lideri Leonid Brejnevə yazacağını bildirdi. O düşünürdü ki, arvadı, ola bilsin, xırda-para yeyintiyə görə həbs olunub, bunu da müharibə veteranına güzəşt etmək olar.
Nəhayət, Ginzburq hətta BMT-yə və beynəlxalq yəhudi təşkilatlarına (özü yəhudi idi) şikayət edəcəyi ilə hədələyəndə, Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) müstəntiqləri onu dəvət etdilər və məsələni anlatdılar: onun arvadı müharibə illərində almanlarla əməkdaşlıq etməkdə və yüzlərlə sovet vətəndaşını qətlə yetirməkdə şübhəli bilinir. Deyilənlərə inanmayan ərə arvadının etirafedici ifadələrini göstərdilər.
***
Antonina 1920-ci ildə Smolensk quberniyasının Malaya Volkovka kəndində anadan olub. Əslində soyadı Parfyonova olub. Amma məktəbə gedəndə müəllim jurnala yazmaq üçün soyadını soruşanda nədənsə cavab vermir və qonşusu olan şagird dillənir: Makarova (Makar atasının adı idi, qonşu da bunun əsasında səhv etmişdi). Valideynləri də nədənsə bu səhvi dəyişmədilər və yeddi uşaqlı Parfyonovların böyük övladlarının soyadı Makarova qaldı.
Tonka hələ uşaq ikən ailə Moskvaya köçür. Onun təhsili haqqında fərqli informasiyalar var. Bəzilərində tibb texnikumuna daxil olduğu və müharibə üzündən bitirmədiyi yazılır. Başqalarında isə cəmi yeddi illik təhsilə malik olduğu deyilir. Zatən məqaləmiz üçün bunun çox da önəmi yoxdur.
Antonina 1941-ci ildə sovet-alman müharibəsi başlayanda könüllü cəbhəyə yollanır, əvvəlcə bufetçi, sonra sanitar işləyir. Onun hərbi hissəsi oktyabrın birinci yarısında Vyazma müdafiə əməliyyatında iştirak edir. Bu əməliyyat sovet qoşunlarının ağır məğlubiyyəti ilə nəticələnir. 400 minə yaxın hərbçi həlak oldu, 600 mindən çoxu əsir düşdü. Sonuncular arasında bir neçə gün meşədə gizlənən Tonka da vardı.
Bu qədər çox əsirə nəzarət etmək çətin idi və Antonina da fürsət tapanda Nikolay Fedçuk adlı əsgərlə birlikdə əsirlikdən qaçdı. Onlar üç aya qədər meşədə dolaşıb, mühasirədən çıxmağa çalışdılar. Bu müddət ərzində Antonina və Nikolay arasında yaxınlıq yarandı. Nəhayət, 1942-ci ilin yanvarında Fedçukun Bryansk vilayətindəki doğma kəndinə gəlib çıxdılar. Bu zaman əsgər Tonkaya dedi ki, onu evdə arvad-uşaq gözləyir və buna görə də ayrılmalıdırlar.
Bununla belə, Tonka kənddəki qadınlardan birində mərhəmət duyğusu oyadıb, sığınacaq ala bildi. Amma az keçmədi ki, kəndin kişilərini tovlamaq ittihamı ilə qovuldu. Kəndləri, qəsəbələri dolana-dolana Lokot respublikası deyilən qurumun ərazisinə yetişdi.
Lokot respublikası Rusiya-Ukrayna sərhədi yaxınlığında, əsasən Bryansk, eləcə də Oryol və Kursk vilayətlərinin ərazisində 1941-ci ilin noyabrında yaradılmış kvazimuxtar qurum idi. Mərkəzi Lokot kəndi olan bu qurumun ilk rəhbəri (burqomistr) rus kollaborant Konstantin Voskoboynik idi. O, 1942-ci ilin yanvarında partizanlarla atışmada öldükdə yerinə Bronislav Kaminski keçdi.
Antonina burada da bir müddət bir qadının evində qalır. Kirayə haqqını ödəmək və dolanmaq üçün əvvəlcə fahişəliklə məşğul olur. Daha sonra isə almanlara və kollaborantlara qoşulmağı qərara alır. O, Lokot respublikasının polisində işə düzəlir. Bunun müqabilində pulsuz yemək, qalmağa otaq və 30 alman markası maaş alacaqdı. 1942-ci ilin iyulundan isə Lokot həbsxanasında işləyir.
Bryansk meşələri partizan məskəni idi. Almanlarla yanaşı Lokotda məskunlaşan macar hərbçiləri və Lokot milisləri tez-tez partizanlara qarşı reyd keçirirdi. Bu zaman öldürülənlərlə yanaşı, əsri alınanlar da olurdu. Üstəlik, partizanlara kömək edən mülki şəxslər aşkar edilirdi. Onların hamısının cəzası isə bir idi: ölüm.
Əsirlərin güllələnməsi çox da nəcib iş sayılmırdı. Almanlar bunu yerli milislərin üzərinə atdılar. Yerlilər isə bundan şad olmadılar, çünki hər halda partizanlar da, onlara kömək edənlər də yerlilərdi və müəyyən münasibətlər, bəlkə də qohumluq vardı. Nəticədə cəllad vəzifəsi gəlmə Antoninaya təklif olunur və o da çox düşünmədən qəbul edir. Öz etirafına görə, ilk dəfə 1942-ci il yayın əvvəllərində 4 nəfəri pulemyotla güllələyir: “Birinci güllələnmədən sonra özümü çox pis hiss ediridm. Sonra isə alışdım, ya da alışmadım, sadəcə barışdım. Deyirdilər, mən də edirdim”.
Hər edam zamanı müxtəlif sayda adam güllələnirdi. Bəzən 30 nəfərə qədər, bəzən də 3-4 nəfər. Hər dəfə Antonina pulemyotunun arxasında diz çökür və tətiyi basırdı. Qarşısında gənc və orta yaşlı kişilərlə yanaşı qocalar, qadınlar, yeniyetmələr olurdu. Amma bu onu dayandırmırdı. Bəzən gün ərzində 2-3 edam həyata keçirirdi. “Mən güllələdiklərimi tanımırdım. Onlar məni tanımırdılar. Ona görə də xəcalət çəkmirdim”, - ifadəsində belə deyirdi.
Tezliklə hamı onu “pulemyotçu Tonka” kimi tanıyır. Məşum şöhrəti meşədəki partizanlara da çatır. Cəllad kimi fəaliyyət göstərdiyi dövr ərzində Tonkanın 1500-ə qədər adam güllələdiyi təxmin edilir. Bu da onu tarixdə ən çox adam öldürən qadın edir.
Sonralar məhkəmə zamanı bəzi şahidlər onun dustaqların döyülməsində, işgəncə verilməsində iştirak etdiyini deyirlər. Amma edamlarda iştirakını etiraf edən Antonina bu ittihamları qəbul etmir.
Cəlladlıqdan əlavə Tonka yüngül həyat tərzi keçirir. O, yerlilərlə, gəlmələrlə, almanlarla dalbadal intim münasibətdə olur. Bəzən pul müqabilində, bəzən də yeyib-içəndən sonra. Bu isə, qəribə səslənsə də, onun həyatını xilas edir və 30 ildən çox azadlıqda qalmasına səbəb olur.
1943-cü il yayın sonların Lokot respublikasının ərazisi sovet qoşunları tərəfindən azad edildi. Amma bundan bir qədər əvvəl sifilisə yoluxduğu aşkarlanan Antonina almanların arxa cəbhəsindəki hospitala göndərilmişdi. Sağalandan sonra isə bir alman hərbçi aşpazını tovlayır və qərbə doğru geri çəkilərkən özünü də aparmağa razı salır. Həmin aşpaz Polşa ərazisində ölür, Tonkanın Üçüncü reyx qarşısında xidmətlərindən xəbəri olmayan digər almanlar isə onu Köniqsberqdəki həbs düşərgəsinə göndərirlər.
Sovet qoşunları düşərgəni və əsirləri azad edəndə Antonina özünü döyüş zamanı əsir düşmüş sanitar kimi qələmə verir və səyyar hospitalda işləməyə başlayır. Burada da o, yaralı Viktor Ginzburqla tanış olur və evlənir. Müharibədən sonra Belarusiyanın Lepel şəhərində məskunlaşırlar.
***
Əlbəttə, sovet təhlükəsiz orqanları “pulemyotçu Tonka”nın axtarışına dərhal başladılar. Amma onun hətta soyadı məlum deyildi. Bir adı bilinirdi, bir də təxmini yaşı. Üstəlik, müharibənin sonunda izi it-bat olmuşdu. Sağ olub-olmadığı da məlum deyildi. Belə olan halda yalnız təsadüf onu tapmağa kömək edərdi.
Belə təsadüflər isə ara-sıra olurdu. Bəzən ad-soyadı dəqiq bilinməyən, ya da ki, sonradan dəyişdirən cani təsadüfən kiminsə tərəfindən tanınırdı. Məsələn, “Aleks Lyutı” (Qəddar Aleks) ləqəbli kollaborant cinayətkar Aleksandr Yuxnovskini Moskva metropoliteninin eskalatorunda üzbəüz gələn biri tanımışdı.
Pulemyotçu Tonkanın işində 30 il heç bir irəliləyiş baş vermədi. Ən xırda informasiya belə əldə etmək olmadı, heç bir ipucu tapmaq olmurdu. Sonra isə yenə əlahəzrət təsadüf kömək etdi, həm də iki təsadüf.
1976-cı ildə Bryansk şəhərində bir kişi qəflətən digərinin üzərinə atılıb vurmağa başladı. O, alman işğalı zamanı Lokot həbsxanasının rəisi işləmiş Nikolay İvanini tanımışdı. Döyülən şəxs həbs olundu və məhz o, Tonkanın soyadını müstəntiqlərə xəbər verdi: Makarova.
Bundan sonra KQB yaşı uyğun gələn Antonina Makarovaları axtarmağa başladı, 250 nəfər vardı, amma heç biri Tonkaya uyğun gəmirdi. Problem onda idi ki, doğularkən bu ad-soyadla qeydiyyata alınanlar axtarılırdı, Tonka isə doğularkən soyadı Parfyonova idi. Ona görə də tapılmadı. Müstəntiqlər yenə dalana dirəndiklərini düşünürdülər ki, ikinci təsadüf köməyə gəldi.
SSRİ-də xarici ölkəyə getmək üçün çıxış vizası tələb olunurdu. Onu əldə etmək üçün isə çoxsaylı bürokratik maneələri adlamaq lazım gəlirdi. O cümlədən bütün yaxın və o qədər də yaxın olmayan qohumlar haqda məlumat verilirdi.
Elə həmin 1976-cı ildə SSRİ Müdafiə nazirliyi strukturunda çalışan bir kişi çıxış vizası almaq üçün doldurduğu anketdə 6 bacı-qardaşının olduğunu yazırdı. Onların beşinin soyadı Parfyonova, birinin, ən böyüyünün isə Makarova idi. Adı da Antonina. Lepeldə yaşayırdı.
KQB yeni tapılan Antonina Makarovanı araşdırmağa başladı. Yaşı, şahidlərin xatırladığı bəzi əlamətləri uyğun gəlirdi. Amma indi soyadı Ginzburq olan bu Antonina hörmətli veteran, nümunəvi işçi idi. Əri də həmçinin. Amma yenə də yoxlamaq lazım idi.
Araşdırma iki ilə qədər çəkdi. İlk şübhəli məqam o oldu ki, hörmətli veteran döyüş yolunu, komandirlərinin ad-soyadını xatırlamırdı. KQB-nin tapşırığı ilə müxtəlif adamlar müxtəlif bəhanələrlə ondan bu barədə soruşanda yaddaşının zəifliyinə istinad edirdi. Halbuki həyatın başqa sahələri ilə bağlı belə yaddaş zəifliyi müşahidə olunmurdu.
Antonina Ginzburq bu suallara cavab versəydi, arxivləri araşdırıb doğru deyib-demədiyini öyrənmək və işi bağlamaq olardı. İndi isə davam etmək gərəkirdi.
Tonkanı xatırlayan Lokot qadınlarından biri Lepelə gətirildi və Ginzburq küçədə gedərkən ona göstərildi. Qadın onun “pulemyotçu Tonka” olduğunu təsdiqlədi. Bir müddət sonra isə daha iki qadın gətirildi. Onlardan biri sosial təminat idarəsinin qarşısında oturdu, digəri isə içəridə idarənin işçisi rolunu oynayırdı. Ginzburq da pensiyası ilə bağlı hansısa bəhanə ilə buraya dəvət olunmuşdu. Hər iki şahid gördükləri qadının “pulemyotçu Tonka” olduğunu təsdiqlədi.
***
Antonina Makarova-Ginzburq 1978-ci ilin sentyabrında həbs edildi. Həbsi həyata keçirənlərin sözlərinə görə Tonka dərhal hər şeyi anladı və heç qorxu, təlaş nümayiş etdirmədi. Onu Bryansk şəhərinə apardılar. Mümkün intiharının qarşısını almaq üçün təcridxanadakı kamerasına KQB əməkdaşı olan qadın yerləşdirdilər.
Tonkanın isə intihar ağlından belə keçmirdi. O, etdikləri haqda çox yumşaq fikirdə idi. Təxminən “mən etməsəydim, başqası onsuz da güllələyəcəkdi” məntiqi ilə düşünürdü. Ya da ki, “cəllad qatil deyil” yanaşması ilə. O, istintaq hərəkətləri zamanı Lokota aparılarkən yerli sakinlərin onu söyməsinə, vurmağa cəhd etməsinə (milis imkan vermirdi) heyrətlənirdi.
Kamera yoldaşı Antoninanı söhbətə çəkməyi bacarırdı. Deyirdi ki, müharibədə sonrakı ilk 10 ildə səksəkə ilə yaşayıb. Sonra isə arxayınlaşıb. Hesab edirdi ki, üç-beş il cəza alıb yenidən azadlığa çıxacaq və həyatına davam edəcək.
Bir yandan iki il ərzində xeyli-dəlil-sübut toplanılmışdı, digər yandan da Antonina müstəntiqləri incitmədi və hər şeyi danışdı. Məlum oldu ki, yaddaşı heç də zəif deyilmiş. Nəticədə istintaq tezliklə yekunlaşdı və iş oktyabrın sonlarında məhkəməyə göndərildi. Noyabrın 10-da isə məhkəmə başladı.
Pulemyotçu Tonka Bryansk vilayət məhkəməsinin zalında da güclü mühafizə olunurdu. Şahidlər bəzi faktları səsləndirəndə, müttəhim bəzi etiraflar edəndə zaldakılar onu linç etmək istəyirdilər. Makarovanın 1500-ə qədər insanı güllələməsi təxmin edilsə də, məhkəmə onu adları dəqiq müəyyənləşdirilən 168 nəfərin qətlində günahkar bildi. Noyabrın 20-də hakim İvan Bobrakov cəzanı elan etdi: güllələnmə.
Antonina Makarovanın əməli olduqca qorxunc olsa da, qərar müəyyən qədər gözlənilməz oldu: Stalindən sonra SSRİ-də heç bir qadın edam edilməmişdi. Yuxarı məhkəmə instansiyalarının və ali siyasi qurumların cəzanı dəyişəcəyi ehtimalı vardı, amma elə olmadı. Antonina Makarova-Ginzburqun bütün müraciətləri rədd edildi və o, 1979-cu il avqustun 11-də güllələndi.
***
Pulemyotçu Tonkanın ən dəhşətli qurbanı isə ölənlər yox, həyatda qalan Viktor Ginzburq olduğunu desəm, yəqin, həqiqətdən uzaq olmaram. O, Lepeldən təxminən 70 km şimalda yerləşən Polotskda anadan olmuşdu. Yəhudi olduqlarına görə ailəsi, bütün qohum-əqrəbası nasistlər tərəfindən güllələnmişdi. Alman işğalı zamanı bu qədər ağır bədəl ödəyən bir adam işğalçıların ən qanlı əlaltısı olmuş qadınla 30 ildən artıq bir yastığa baş qoymuşdu. Məhkəmə iclaslarında iştirak edib arvadının etdikləri barədə eşidərkən hansı duyğular yaşadığını təsəvvür etmək, yəqin ki, mümkün deyil.
Yadigar Sadıqlı
Pressklub