Səməd Vurğunun toyunun olduğu ev - O, repressiyadan necə xilas olmuşdu?
6-07-2024, 10:54
Kulis.az Ülvi Bahadırın Abdulla Şaiqin Mənzil-Muzeyindən reportajını təqdim edir.
Narın-narın yağır...
İyul küçələri təlaşlı...
Azan səsi təkəmseyrək adamların nəfəsinə qarışır. Yarım saat əvvəl masmavi olan səmanı buludlar qucaqlayıb.
Dar yollar keçən əsrin əvvəllərinə aparır... Səssiz bir uğultu... Sanki 30-cu illərdi...
Sanki döyüləcək bütün qapılar bir azdan...
***
- Buyurun...
Asta addımlarla içəri giririk. Baxışlarım bir neçə saniyədə heryerləşir... Hər yerə göz gəzdirirəm.
İki qız bizə evi göstərir. Qapını açırlar. İçəri giririk. Yarı rahat-yarı narahatdılar...
***
1905-ci ildə tikilmiş bina qəzalı vəziyyətdədir.
Şaiqin yadigarı Ülkər xanım Talıbzadə Mədəniyyət Nazirliyinə müraciət eləyib. Nazirliyin dediyinə görə, bina restavrasiya olunacaq. Ümidvaram, bu binanı da digərləri kimi “restavrasiya” eləməzlər.
Küçə əvvəllər Yuxarı Dağlıq küçəsi adlanıb. Sonradan Abdulla Şaiqin adını veriblər. Muzey isə Şaiqin oğlu Kamal Talıbzadənin təşəbbüsü ilə açılıb. Dörd otaqdan ibarətdi.
I otaq
Otaqlardan ilki şairi yad etdiyimiz otaqdır.
“Mən yazıçılığımdan ziyadə müəllimliyimlə iftixar edirəm” - belə demişdi Şaiq.
Yazıçı, şair, dramaturq olsa da, müəllimlik onun üçün hər şeyin fövqündə dayanırdı. Otaqları gəzdikcə anlayırıq bunu. Hər əşyası, əlyazması ilə nələrsə öyrətməyə çalışmış bizlərə.
Tərcümə olunmuş əsərlərini görürük.
“Tık-tık xanım”.
Necə doğmadı bu ad bizə. Açığı, qəfildən rastıma çıxanda qəribə oldum. Kəndimizin ən ətirli çiçəyinin qoxusu gəldi burnuma. Və rəngbərəng kəpənəklər. Zarafatlaşa-zarafatlaşa məktəbdən evə gələn balacalar...
Həyatın ritmi çox sürətlidir. Adamın kələyini kəsir. Geriyə, sadəcə, qoxular, rənglər və gülüşlər qalır.
***
“Həpimiz bir Günəşin zərrəsiyik”...
Dünyanın xəyalı... İnsanlığın arzusu... Sülhün və mərhəmətin ayaq səsləri deyilmi?..
Bir adamın bundan böyük xatirəsi ola bilərmi? Bir adam dünyaya bundan böyük vəsiyyət eləyə bilərmi?
Heyhat! Mən susdum...
“Maqbet”, “Robinzon Kruzo”, “Şahnamə”, “İsgəndərnamə”nin ikinci hissəsi... Uşaq müəllifi kimi tanıdığımız adamın tərcümələri...
Uşaq ədəbiyyatının ağırlığını Şaiqin hər kitabında, hər tərcüməsində görmək olar. Uşaq ədəbiyyatı ilə məşğul olan adamın gərəkdir ki, baş vurmadığı çay, dəniz, okean olmasın.
Otağın divarında Şaiqin böyük portretini görürük. Qafar Seyfullayev və Tofiq Kərimzadənin əsəri... Şaiq burda xeyli gəncdir.
Arzu Əhməd Hacıyeva, Minaxanım Əsədli kimi alimlərin Şaiq haqqında əsərlərini görürük. Arzu Hacızadə muzeydə uzun müddət böyük elmi işçi işləyib.
“Şaiqanə yad et” - 70-ə yaxın azərbaycanlı ziyalının Şaiq haqqında fikirlərinin toplandığı kitab.
***
“Ədəbiyyat və incəsənət” qəzetinin bir səhifəsinə baxıram. Şaiqin dəfn mərasimi... Böyük bir ordu var sanki... Əsərləri ilə uşalığımızı isidən böyük yazıçının soyuq cənazəsi əbədi kövrək qollardadı.
Gözəldi səni xatırlayanların gülümsəməsi... Başqa nə olsun?..
Güzgüyə baxıram. Şaiqin öz güzgüsü... Görəsən, 37-də sorğuya çağırılanda bu güzgüyə baxmışdımı?.. Qulağımda idi çünki o baxışların sədası... Güzgünün çox uzağında çiliklənmişdi gedənlər və qayıtmayanlar..
Kamal müəllim həmişə deyərmiş ki, məni atamdan ayırmayın. Ona görə də atası ilə birgə olduğu bir xalça hazırlanıb. Ətrafında da Şaiqin əsələrinin illustrasiyaları var.
Şaiqin özünün çəkdiyi rəsmə baxıram. Rəsmdə də onun mənəvi dünyasını görürəm.
Otaq II
Yusif Ziya Talıbzadə - həm axund, həm döyüşçü... Şaiqin qardaşı həm də...
Minbaşı olan Talıbzadə Azərbaycana köməyə gələn türklərin Arasinda olub. Ənvər paşanın ən sadiq adamlarından... Naxçıvanda bir müddət işləyən Yusif Ziya Nərimanova məktub yazır. Şərqi Türküstana getmək istəyir. Razılıqdan sonra Basmaçılar hərəkatına qoşulur. Amudərya çayı sahilində həlak olur. Üzərindən qanlı Quran tapılır.
Şahzadə xanım – Şaiqin həyat yoldaşı O, Dərbənd azərbaycanlılarından idi. Denikinin əksinqilabı fəaliyyətlərindən sonra Dərbənddən köç edən ailələrdən olub Şahzadə xanımın ailəsi... Elə onlarda da bu binanı məskən ediblər. Birinci mərtəbə yaşayıblar. Elə bu binada seviblər bir-birlərini.
Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Şahzadə xanımın bacısı idi. Onlar da bu evdə tanış olublar. Şaiq də Vurğunla bacanaq olub, beləcə.
Elə Səməd Vurğunun toyu da bax bu evdə çalınıb.
***
Masa diqqətimi çəkir. Kimləri görməyib ki – Çəmənzəminli, Cavid, Vurğun...
III otaq
Şaiq 1901-ci ildə Tiflisdən gəlir Bakıya... Müəllimlik imtahanı verir.
Nərimanov Bakı komissarı Aqanoviçə məktub yazır ki, Şaiq imtahanda iştirak eləyə bilsin. Nəhayət, müəllimlik sertifikat alır. Dil və ədəbiyyat müəllimi... Di gəl ki, onun işlədiyi dövrlərdə Azərbaycan dilində dərsliklər yox idi. O da dərsliklər nəşr etdirir.
Cəfər Cabbarlı Şaiqin tələbəsi olub. Səhhət, Sabir, S.S.Axundov da dostları... Abbas Səhhət və Sabirlə çox yaxın olub. Şaiq tez-tez Şamaxıya gedirmiş, onlar da bura gəlirmiş...
***
Hüseyn Cavid, İsmayıl Hikmət və Şaiq. Üç türkçü. Bu şəklin İsmayıl Hikmətin ixtisar olunduğu versiyası da var. Abdulla Şaiqin türk ideyalarla yaşayan Hikmətlə görüşməsi məqbul hesab olunmurdu. Hadi də Şaiqin ən yaxın dostlarından olub. Hadi tez-tez itirmiş. Şaiq də onu tapıb bu evə gətirirmiş.
***
Şaiqin ən böyük fəaliyyətlərindən biri də Şaiq nümunə məktəbini yaratmağıdır. Bu adı elə şagirdlər özləri veriblər. İlk türkdilli sinifləri olan məktəb idi. Həmin məktəbin şagirləri döş nişanları taxırdılar.
***
Şaiq repressiya illərində təqiblərə məruz qalsa da, repressiya qurbanı olmayıb. Onu tələbəsi Mirzə İbrahimov xilas edib. İbrahimov Şaiqi teatra ədəbi hissə müdiri göndərir. Onun kitabına ön söz yazaraq Şaiqi sovet şairi kimi təqdim eləyir. Şaiqi repressiyadan xilas eləyənlərdən biri də onun şagirdi olur. Bəli, təsadüfən... görür ki, müəllimini dindirməyə gətiriblər...
IV otaq
Ruhulla Axunov da Şaiqin tələbələrindən olub. Şaiqi xilas eləyənlər biri də Axundov idi. O, Şaiqi Şuşa kollecinə müəllim göndərir. Beləliklə, onu mərkəzdən qaçırır.
“Arazdan-Turana”. Şaiqin Sovet dövründə çap olunmayan türkçü şeirlərindən ibarət kitab. Repressiya dövrünə aid qəzet vərəqləri... Özü qədər sadə yazı masası... “Xatirələrim”in əlyazması da burdadı.
Kuzə diqqətimi çəkir. Borçalıdan Şaiqıə çaxır göndərirmişlər bu kuzədə. Tanınmış rəssamlardan Nəcəfqulu da bu evin qonağı olarmış. O bu kuzəni bəzəyib. Şaiq də kuzənin üzərində “Kuzəmə” şeirini yazıb.
***
Muzeydəki bütün əşyaları Kamal Talıbzadə şəxsən öz toplayıb.
Muzey 1991-ci ildə, ekspozisiya isə 2001-ci ildə açılıb.
***
Binadan çıxıram. Yağış hələ də çisələyir. Buludlar hələ də qucaqlayıb səmanı... İyul küçələri təlaşlı... Dar yollar... Uğultu...
Bir gün bütün qapılar döyüləcək...
Ülvi Bahadır