Yunus Oğuzun yaradıcılığında "Boz Qurd" totemi – Turanın simvolu

7-07-2024, 12:04           
Yunus Oğuzun yaradıcılığında "Boz Qurd" totemi – Turanın simvolu
Elnarə Qaragözova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

"Ədəbi tənqid" şöbəsinin aparıcı elmi işçisi

Fil.f.d., dosent

(Yunus Oğuzun həyat və yaradıcılığı" (2022) monoqrafiyasından fraqment)

Yunus Oğuzun bütün yaradıcılığında, özəlliklə romanlarında Turanla bağlı düşüncələr öz əksini tapır, yazıçı türklüyü, milli ruhu bütün aspektləri ilə təqdim etməyə çalışır. Bu yazıda yazıçının yaradıcılığında öz əksini tapan, türklüyün çoxsaylı simvollarından biri olan bozqurd totemindən bəhs edəcəyik.

Türk xalqlarının mifologiyasında müqəddəs, xilaskar, yol göstərən, seçilmiş qəhrəmanlara kömək edən şəfqətli, cəsarətli, xeyirxah varlıq kimi təcəsüm edən boz qurd əfsanələrə görə Ərgənəkondan çıxan türklərə, islamı türklər ararsında yaymaq üçün Məhəmməd peyğəmbərin göndərdiyi üç nəfər elçiyə bələdçilik etmiş, Çingiz xana ata, Aşina əfsanəsində göytürklərə ana olmuşdur."Kitabi-Dədə Qorqud" dastanında işlənən "Qurd üzü mübarəkdir", "Qara başım qurban olsun qurdum sənə", "Avazı qaba qurd əniyi erkəyində bir köküm var" ifadələrində qurda tapınmanın izləri qorunub saxlanmışdır. Yunus Oğuzun yaradıcılığında bu obraz ümumtürk tarixinin dolaylarında bir ulduz kimi parlayıb türkün seçilmiş qəhrəmanlarının simvoluna çevrilir.

Yazıçının ona böyük şöhrət gətirən ilk romanı "Nadir şah"əsərində də gələcəyin şahı olan, Turan ideyası üçün seçilmiş Nadiri uşaqlıqda canavarlardan məhz boz qurd xilas edir: "Daş canavarın yaxınlığında düşsə də, heyvan tövrünü pozmadı.Uşağa hərəkətləri ilə bildirdi ki, hücum etmək niyyətini dəyişməyib. Uşaq bu dəfə ölümü ilə barışıb kürəyinin qayaya söykəyib gözlərini yumdu:

- İndicə məni parçalayacaq.

Ağbiləng və Qaplan isə canavarla süpürləşirdilər. Bu zaman qayanın düz başından qurd ulartısı eşidildi:

- Au-u-u-u.... Au-u-u.

Qayanın başında duran qurd sanki həmcinslərinə nəsə deyirdi. Qurd bir də uladı:

- Au-u-u-u.... Au-u-u...

Canavarlar qurdun elə bil üçüncü ulartısını gözləyirdilər. Uşağın qarşısında duran canavar geri çəkilməyə başladı."

Qeyd edək ki, yazıçının daha sonralar qələmə aldığı "Əmir Teymur-zirvəyə doğru" romanında da qurd totemi ilə - türkçülüyün rəmzi ilə qarşılaşırıq.

Yunus Oğuzun "Atabəy Eldəniz" romanında da boz qurd obrazı əsərin ideyasının açılmasında mühüm rol oynayır. Romanda Şəmsəddin Eldəniz uşaqkən qul karvanı ilə səyahəti zamanı dəfələrlə arabadan yıxılsa da min əziyyətlə, zəif bədəninin son gücünü toplayaraq özünü qul karvanına yetirir. Qul karvanına! Onun seçim şansı var idi. Karvandan geri qalıb həyatını azad biri kimi davam etdirməyə cəhd edə bilərdi. Amma onun adi insanlar tərəfindən anlaşılmayan bu seçimi çox mühüm bir anlam daşıyırdı: qul kimi satılmaq bahasına belə olsa da ulu türk ruhunun qarşısına qoyduğu missiyanı yerinə yetirməlid idi. Çünki o sadə deyil, seçilmiş, missiyası olan bir türk idi. Bu səbəbdən də gecə təkbaşına çöl-biyabanda qalan Eldənizi məhz boz qurd qoruyur: "Əlbəttə, Bağdada getməliydi. O, təkcə karvana deyil, həm də arzularına çatmalıydı ... Göy üzü işıqlananda qəti qərar verdi ki, karvanın dalınca getsin. Susuzluğa, aclığa dözəcək, amma karvana yetişəcək. Getmək qərarını verəndə, səhərə qədər onu izləyən canavar artıq gözə dəymirdi. Sanki gecə hansısa bir qüvvə o qurdu bu çöl - biyabana Eldənizi qorumaq üçün göndərmiş, səhər açılan kimi isə çəkib aparmışdı. Bağdada az qalmış karvana yetişdi. Hamı təəccüb içindəydi. Hətta bir neçə qul ürəyində onu qınadı da "Ay ağılsız, səndən imtina ediblər, itirib axtaran da yoxdu. Niyə gəldin?" Şəmsəddin isə hara və nəyə görə gəldiyini bilirdi."

Yunus Oğuzun bu günkü qələbəmizin ilk müjdəsi olan 2016-cı ilin aprel döyüşlərinə həsr edilmiş "Ovçu" romanında qurd totemi yenidən oxucu qarşısıma çıxaraq bir daha türkün missiyasını xatırladır. Bildiyimiz kimi, "ovçu" əsərin baş qəhrəmanı Muradın ləqəbi, kod adıdır. Lakin əsərdə başqa əlahiddə ovçu obrazı da var. Sözün əsl mənasında ovçu olan bu şəxs qaçmış dovşanın arxasınca getmir. Səbəb isə onun artıq boz qurdun şikarı olduğunu qəbul etməsidir: "Göy guruldadı. Çiskin yağış yağmağa başladı. Ovçu sabahına saxladığı ərzağın dalınca talvara yaxınlaşdıqda gördü ki, ayağını dirəyə bağladığı dovşan yoxdur. Dovşan kəndiri gəmirib parçalamış və çöllüyə üz tutmuşdu. Yağan yağış onun ləpirlərinin hara getdiyini aydın göstərirdi. Bu dəfə o, tüfəngini götürüb ləpirlə yeriməyə başladı. Amma çox getmədi. Dovşan ləpirinə canavar ləpiri də qarışmışdı. Bu ləpir Boz Qurdun ləpiri idi. Ovçu bir qədər düşünüb geri qayıtdı. Boz Qurdun şikarına şərik olmaq istəmədi". Əsərdəki səhnə əslində ovçu qiyafəsində təqdim edilən tarixin, zamanın türkə, onun möhtəşəmliyinə, qüdrətinə olan münasibətinin, heyranlığının simvoludur. Çünki, türk məhz boz qurd kimi irəli atıldıqda, öz haqqını tələb etdikdə Zaman-Zərvan da onun yolundan çəkilir, Əhrimənin məğlubiyyətini, Hörmüzün qələbəsini alqışlayır

Yunus Oğuzun Turan ideyasının təməl daşının simvolu olaraq əsərlərində təsvir etdiyi boz qurd totemi türkün özünə dönməsinə çağırışdır. Bu səbəbdən boz qurd yazıçınn əsərlərində məhz həlledici məqamda ortaya çıxaraq qəhrəmana kömək edir, onu qorumaqla türkün tarixi yolunun növbəti şanlı səhifəsinin yazılmasına vəsilə olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.