Əmir Teymurla Bəyazidin məktublaşması- 2-ci hissə

6-09-2016, 09:44           
Əmir Teymurla Bəyazidin məktublaşması- 2-ci hissə
Ankara döyüşü: Teymurla Bəyazidin məktublaşması - Acı tarix

İldırım Bəyaziddən təhqir dolu məktub alan Teymur 1400-cü ildə qoşunu çəkib Osmanlıya hücuma keçərək Ərzurumu, Ərzincanı və Sivası işğal edir. Teymurun gözlənilməz hücumundan narahat olan Bəyazid təcili qoşun toplamağa başlayır. Bu arada hökmdarlar arasında yenə yazışmalar davam edir.

Admiral.az Əmir Teymurla İldırım Bəyazidin sonrakı məktublaşmalarını təqdim edir:

II MƏKTUB

Əmir Teymurun İldırım Bəyazidə ikinci məktubu:

“...Sən özünü Allah yolunda cihad edən, bizi isə haqsız yerə qan tökən bir kafir, məni isə yeniyetmə bir döyüşçümü sayırsan? Biləsən ki, mən qırx ilə yaxındır nəfsimlə cihad edirəm. Nəhayət, bu cihadla da qalalar, ölkələr fəth edərək şəhərləri azad etməklə məşğulam. O ki, qaldı qərarıma, keçən dəfəkindən daha açıq və daha dəqiqdir. Bu mücadilələr əsnasında çox insanlar bizə itaət edərək canlarını bu yolda fəda ediblər. Siz nəyə görə bizə xidmət etməkdən qaçır və sevgi göstərmirsiniz? Həm də yaşca da səndən böyüyəm. Bu günə qədər hansı tərəfə getdimsə, qısa müddətdə oranı ələ keçirdim. Sivası da qısa zamanda əldə etdim. Sən isə Malatyanı dörd ay mühasirədə saxladın, nəhayət yenə bilməyib geri döndün. Sinop qalası da onun kimi. Məktubunda təhdid yolunu seçərək qürura qapılıb, ağılsız sözlər yazmağa cəsarət etmə. Sivasda ələ keçirdiyim adamlarından vəziyyətinin nə yerdə olduğu barədə məlumatlar əldə etmişəm. Dolayısı ilə bir çox müsəlmanı rəncidə edərək mallarının xarab edilməsini uyğun görmədik. Buna görə də məktubuma xoş cavab verməyi özünə vəzifə bil. Əgər belə etmiş olsan ölkəni viran olmaqdan qurtarmış olarsan. Bir də, bizimlə anlaşıb, üzr istəyərsənsə, o zaman aramızda dostluq və sevgi yaranar. Beləcə firəng kafirinə fürsət verməmiş olursan və biz də Sivasdan çəkilib gedərik. Bizim məqsədimiz sizi zəiflədərək kafir dininə yardım etmək deyil.

Bizi və əsgərlərimizi kafir, dinsiz, yolunu azan etiqad sahibi və çirkin adətlərə meyl edən ittihamlarla mühakimə etmə. Əsgərlərimiz müsəlmandır. Bu halda nəyə görə hidayətə layiq olmasınlar? Ona qalsa Osmanlı əsgərlərinin çoxu kafirlərdən yığılmadır. Cahangirliyimiz sayəsində səltənətimiz adına xütbələr oxunub, sikkələr basılır. Müsəlmanların ulül-əmri olmağımıza şübhə yoxdur. Bizim soyumuz İlhan-ı Alişandan gəlir. Əgər səmimi salamınla yanaşı xoş niyyətli məktubun gələrsə, hər iki tərəf arasında münasibətlərdə yumşalma və sevgi yaranar. Yox əgər, qılınc qınından çıxarsa, bu zaman qələmə yer qalmaz. Vəssalam...”

Teymurun göndərdiyi ikinci məktuba İldırım Bəyazid xoş niyyətli və diplomatik bir anlayışla cavab verir. Məktubunda ağır və sərt sözlərdən qaçaraq Sivas və Anadoluda verdiyi zərəri gözünün qabağına gətirərək olayları sakit yolla həll etmək istəyirdi.

İldırım Bəyazidin Teymurun ikinci məktubuna cavabı:

“...Zamanın cahan sultanı Teymur Köregen, Sivası tutmağını bizim Təbrizə yönəldiyimizə bənzədərək qəribə müqayisə aparıbsan. Halbuki biz Kefeden (Kefe – Krım tatarcası: Kefe, ukrayna dilində: Feodosiya, rusca: Feodosiya. 1784-cü ilə qədər Kefe, Kaffa. Ukraynanın Krım yarımadasının cənub-şərq sahilində olan bir liman şəhəridir-R.S.) Şirvana gedərək oraya əsgər çıxarsaydıq, kim mane ola bilərdi ki? Qıpçaqlar sizdən bezib yorulduğu üçün bizimlə bərabər olmağı üstün tuturlar. Malatya və Sinop barəsindəki iddianız isə doğru deyil. Bəzi səbəblərə görə mühasirəni dayandırmışıq. Bu nə bizim əsgərimizin sayının azlığından, nə də sizin əsgərinizin çox olmasından olmayıb. Kastamonu və Karaman hakimlərinin fürsət bilərək bəzi vilayətlərimizə hücuma keçdiklərindən Malatya və Sinopdakı mühasirəni yarımçıq saxlamağa qərar verdik... Biləsən ki, babam Ərtoğrul xan üç yüz qazisi ilə Əladdin Keyqubada qalib gələn Hülaki xanın on min tatar ordusunu məğlub etmişdi. Bundan sonra dövləti idarəetmə şərəfinə nail olaraq sultan tərəfindən xələtlə mükafatlandırılır. Allahın lütfü ilə Səlcuqludan sonra idarəetməni əldə etməsi üsyan və etiraz ilə olmayıb. Osman bəy hakimiyyətinin ilk illərindən etibarən dörd tərəfdə yaşayan kafirlərin iki yüz mindən çox əsgərləri ilə gecə-gündüz mübarizə aparıb. Bu səltənət ulduzumuz dördüncü təbəqəyə qədəm qoyub və indiyə qədər də fəth etdiyimiz qala və şəhərlərin sayı keçmiş sultanların belə xəyalından keçməyib... Bizim nəzərimizdə dünya və orada yaşayanların Allah yolunda cihad etməyin yanında saman çöpü qədər dəyəri yoxdur. Osmanlı əsgərinə Abdullahoğlu deməkdən ziyadəsi ilə zövq alırıq. Çünki bütün Sahabe-i Kiramın ataları kafir ikən, özləri müsəlman oldular. Belə müsəlman olanlar insafı olmayan müsəlmanzadələrdən çox-çox üstündür...

Sən Sivası dağıdıb İslam əhalisinin izzətini məhv etdikdən sonra nə deyilə bilər ki! Siz bu məsələyə səbəb olan günahı özünüzdən uzaqlaşdırmağa çalışırsınız. Ərəb və farsca göndərdiyiniz məktubunuzda sərtlik, kobudluq və təkəbbürdən başqa bir şey yoxdur. Ali-Osman ölkələri hiylə ilə özünə mülk etməyib. Məktublarımız ağıllı dövlət ərkanımızla edilən məsləhətləşmələrdən sonra yazılıb...”

Bu məktubların yazılmasına səbəb Teymurdan qaçıb İldırım Bəyazidə sığınan Qara Yusiflə Sultan Əhməd olub. Teymur israrla onları geri istəyir, Bəyazid isə inadkarlıq edib vermir. Yazışmalar davam edir... Sıra üçüncü məktublarındır. Ankara döyüşünə isə az qalır...

III MƏKTUB

Əmir Teymurun İldırım Bəyazidə üçüncü məktubu:

“...Sunqur Çavuş və Hacı Bəyazid ilə göndərdiyimiz xəbərlər doğrudur. Sizin kafirlərlə savaşdığınızı bilirik. Biz də bu tərəfdə kafir gürcülərlə savaşırıq. Həm siz, həm də biz bu məsələdə xoşbəxtik. Bunun hər iki tərəfə bir çox faydası var. Yazdıqlarımızda zərrə qədər şübhə ola bilməz. Aramızda andlaşma qərarı olarsa da, Misirlə aramızda olan problemi üstündən keçmək fikrində deyilik və bu istəyiniz də qəbul edilmir. Misirin mərhum keçmiş valisi elçilərimizdən İraq və Əcəm ölkəsinin hörmət etdiyi Bahəddin Savcıyı haqsız yerə öldürdü. Hələ üstəlik də uzun zamandan bəri həbsdə saxladığı Könül Daşı sərbəst buraxması üçün elçi göndərdiyim halda istəyimi yerinə yetirmədi və o günahsızı heç əndişə etmədən öldürdü. Biz Şam və Hələbə gəldiyimiz vaxt Misirdən Hacı adındakı elçiləri gəlib həbsdə olan Otlamışı azad edib Hələbə göndərəcəklərini dedilər. Fəqət onlar dediklərinin əksini etdilər... Belə olan halda sənin Misir valisi olan birinə oğlumuz deməyini uyğun görmədik. Onu Sultanul Harameyn adıyla anmanız doğru olmaz. Hətta Mücavirül Harameyn deməyə belə layiq deyildir... Bizə dost olmayanı özünüzə yaxın bilib sevdiklərinizin cərgəsinə daxil etməyin. Səltənət işləri nəzakətə bağlıdır, diqqət ediləsi tərəfləri çoxdur... Əhməd Cəlayir Bağdad yaxınlarına gəlib və biz də oraya qoşun göndərmişik. Təkrar qaçıb sizə tərəf gələrsə tutub bizə təhvil verməyinizi təvəqqe edirik. Əhd-peymanınızı təsdiq etmək üçün bir nəfər göndərin... Ərzincana keçmək üçün sərhəddə durub elçilərinizin gəlməsini gözləyirik”.

İldırım Bəyazidin Teymurun üçüncü məktubuna cavabı:

“...Misir hakimi ilə aranızda yaranan münasibətlərə görə, bizim niyyətimizi doğru anlamayıbsınız. Biz Misiri hər zaman fəth etməyə qadirik. Əhməd Cəlayir yenidın Osmanlı torpaqlarına gələrsə, Qara Yusif ilə birlikdə ikisini də sizə təslim etməyimi istəyirsiniz. Bilirsən ki, Hülakü Darüs Səlamı alıb İranın çoxunu əlinə keçirdiyi vaxt xəlifənin əmisi və oğlanları Misirə - Qahirə valisi Baybarsa pənah aparıb onun himayəsinə sığınırlar. Hülakünün Bağdad valisi olan Karaboğa Noyan Baybarsla müharibə etdi. Xəlifənin əmisini misirli əsgər bilib şəhid etdilər. Qaçanlar indiyə qədər Qahirədə qaldı və Hülakü xan onları geri istəmədi və heç təqib də etmədi. İnanmıram ki, bu dostunuz fələyin zərbəsini alan bu iki nəfəri himayə etməklə xətrinizə dəyəcək bir əməl edib. Çünki Hülakü belə xırda şeylərdən vaz keçmişdi. Arzu edirik ki, Sivas və çevrəsindən əlinizi çəkəsiniz. Əgər bunu edərsinizsə, bu, gözəl münasibətinizin bir işarəsi olacaqdır. Ancaq hər halda Allahın təqdirindən qaçılmaz və bizim kimsədən qorxumuz yoxdur...”

Bu da sonuncu məktub. Əmir Teymurla İldırım Bəyazid arasında yazışma sona çatdı. Hər iki cahangir iddialarından geri çəkilmir. Teymur ona xəyanət edənləri istəyir, Bəyazid də inad edib vermir. Və beləliklə, dörd məktub yazıldıqdan sonra bir nəticəyə gələ bilməyən Əmir və Sultan çıxış yolunu eyni kökə sahib olan insanların bir-birilərini qanına qəltan etməsində görürlər. Bu da son... Artıq Ankara döyüşü başlamaq üzrədir. Qoşunlar Ankaranın Çubux ovasına doğru hərəkət edirlər...

IV MƏKTUB

Əmir Teymurun İldırım Bəyazidə dördüncü məktubu:

“...İndiyə kimi sülh olması üçün çalışdım və nəhayət Sivasa gəlməyim an məsələsidir. Kafirə fürsət verməmək üçün İslam diyarlarını dağıtmaqdan çəkinib Şama tərəf gedərək Misir əmirindən intiqamımızı aldıq. Sizin xəstə olduğunuz söylənilərkən, biz bunu fürsət bilib ciddiyə almadıq. Ancaq siz fürsət tapan kimi bizə bağlı olan Ərzincana gəlib valimizi incitdiniz. Adamımız sizin peşman olub sülhü təmin etmək istəyində olduğunuzu bizə yazmışdı. Biz də inandıq və sülh olacağı ümidi ilə bir neçə dəfə məktub göndərdik. Ancaq siz isə ortaya kəskin mövqe qoydunuz. O qədər ki, bizim və əsgərlərimiz haqqında kafir və kafirdən daha betər kafirlərdir dediyiniz sözlər hər yanda danışılmağa başladı. Elçiləriniz Sunqur və Əhməd uzun müddətdir yanımızdadırlar. Müsəlman olmağımızı və inancımızı bilirlər. Hədəfimiz Kefe və Kırım tərəf olduğu halda, Şirvandan geri dönüb yenidən Ərzincandan o tərəfə keçmək zərurəti yarandı. Səmərqənddə olan oğlum Muinəddin Məhəmməd Sultan Bahadır da əsgərləri ilə gəlib mənə qoşulacaqdır. Böyüklərimizdən eşitmişik ki, müsəlman başladığı işi bitirən insandır. Biz bu vaxta qədər başladığımız heç bir işi yarımçıq buraxmadıq. Heç bir işi də özbaşımıza görmədik. Hər işimizi silsile-i aliyyə böyüklərinin rəhbərliyi və məsləhəti ilə etdik. Dövlətimizin sərhədi Çindən Anadoluya kimi uzanır. Rum diyarı İslam ölkəsidir. Oraya səfər etmək istəmirik. Oraya edəcəyimiz səfər nəticəsində şəhərlərin viran qalmasından və müsəlmanların ölməsindən ancaq din düşmənləri məmnun qalar. Daha öncə zatialinizə ərz etdiyim tələblər yerinə yetirilərsə, o zaman biz Şərqdəki cihadımıza davam edərkən, siz də Avropadakı fəthlərinizə davam edərsiniz. Qara Yusiflə Əhməd Cəlayirin nə qədər yaramaz və yol kəsən olduqlarını anlamadınızmı? Onları bizə verin. İstəyimiz Ərzincana varmadan və əsgərimiz şəhərlərinizə girmədən öncə Sivas, Malatya, Elbistan, Ərzincan və Kemah diyarlarını bizim döyüş sahəmiz olduğundan oraların bizə verilməsini sağlam bir əhdnamə ilə bildirin. Sülhə qarşı deyiləm və razıyam. Əgər oğlanlarından birini bu tərəfə peşimanlığını söyləmək və yaralı qəlbimizi düşmənçilik şübhələrindən qurtarmaq üçün göndərsəydin, bu fitnə atəşini söndürməyə yetər və çəkdiyimiz sıxıntıların tozunu silməyə əl verərdi. Göndərəcəyin şahzadəyə övladımızdan artıq münasibət göstəriləcəkdi. Beləliklə də dostluq və birlik razılaşmaları yaranar, ayrılıq birləşməyə dönər və ürəklərdəki inciklik aradan qalxar və hər şey yolunda olardı. Bu sülhün bir nüsxəsi Məkke-i Mükərrəmədə babül-Haramda mühafizə olunsun ki, kimin bu sülhə tabe olub olmadığı ortaya çıxsın. Əgər Ərzincandan daha irəli gedib sizin ölkənizə girərsək özünüzü bilib boyun əyməlisiniz. Etdiklərinizə peşiman olub adamlarınızdan birini göndərib sülh və dostluq yaratmalısınız. Olmadığı təqdirdə dəmir qılınclarınız muma dönəcəkdir”.

İldırım Bəyazidin Teymurun dördüncü məktubuna cavabı:

“...Teymur Köregen həzrətləri, maraq doğuran məktubunuz mən Sivasa gəldikdən sonra gəldi. Bu arada mən də anlaşma hazırlığına başlamışdım ki, Karamanlılar tərəfindən qəfldən sülhün əleyhinə olan başqa bir məktub ordu qərargahımıza gəldi və anlaşmanın gecikməsinə səbəb oldu. Dövlət ərkanından ağıllı insanlar bu durumu belə dəyərləndirdilər: İkinci məktub qarışıq dönəmdə yazılaraq elçi ilə göndərildi. Bu Karamanoğulları həmişə ocağımızın düşməni olublar. Bunlar elçimizi öldürüb fitnə atəşi alovlanana qədər məktubu saxladılar. Sülh yaranacağını görüb bəzi rəzilləri üstümüzə göndərərək bizləri şübhəyə saldılar. Bu rəzillərin əlinə keçən məktubumuzun gecikməsinə səbəb biz olmadığımız sizə məlumdur. Bu yurda gələn qonağın üstünə qılınc çəkilməz və bucağa sığınan dua əhlinə dəyilməz. Əgər sözlərim şiddətli davaya səbəb olacaqsa, o zaman şiddət dolu sözləri ilk dəfə sizin məktubunuzda gördük. Yox, əgər bizdən yaltaqlanmaq gözləyirsənsə, biləsən ki, xanədanımız Cənabı Haqdan başqasına yalvarmadı. Qələbə və məğlubiyyət övliyaların həyatıdır.

Baxıram ki, söz çox uzanır. Dava üçün bəhanə axtaranın bəhanəsinin önünə keçmək mümkün deyil. Sülh və cəngin cəzası və mükafatı buna səbəb olan tərəfə aiddir. Hər iki tərəfdən hər kim fitnə çıxarırsa, vəbalı onun boynundadır. Allahu Təala onun cəzasını versin”.

Qeyd edək ki, 1402-ci ildə Osmanlı Sultanı İldırım Bəyazidlə Teymurləng arasında baş vermiş Ankara döyüşü orta əsrlər tarixinin ən qanlı savaşlarından biri kimi tarixə damğa vurub. Türk dünyasına qara ləkə kimi düşən döyüş osmanlıların məğlubiyyəti ilə başa çatıb.

(Admiral.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.