M.FÜZULİNİN ATA YURDU və KÖÇ

11-12-2024, 08:14           
M.FÜZULİNİN  ATA  YURDU və  KÖÇ
“Füzuli milli kimliyini aydın dərk etmiş, dini və etnik mənsubluğu heç vaxt qarışdırmamış, etnik mənşə və soykökünün fərqində olmuş və öz milli mənsubiyyətiylə fəxr etmiş tək-tək klassik şairlərimizdəndir”.(Z.Bayramlı)
F.Köçərlinin təbiri ilə desək, “Füzuli kimi məşhur və mötəbər şairin tərcümeyi-halına dair məlumat heyfa ki, çox azdır”.
Təəssüf ki, “hər sözü bir pəhləvan olan” şairimizin ata yurdu barədə də tarixi qaynaqlar yoxdur, ancaq rəvayətlərə istinad olunur. Birinci rəvayət akademik H.Araslının qeydə aldığı Ərəş variantıdır. Akademik bu barədə yazır: “Bəzi rəvayətlərdə Füzulinin atası Süleymanın Ərəş mahalından Kərbəlaya köçdüyü və şairin oğlu Fəzlinin sonralar Ərəşə qayıdıb öz qohum qardaşlarının yanında yaşadığı göstərilir. Fəzlinin Ərəş mahalında şöhrətləndiyini, onun əsərlərinin Ərəş dairəsində yaşayan əhali, xüsusən çələbilər içərisində şöhrət qazandığı məlumdur”.
İkinci rəvayətə görə, dahi şairimizin atası İraqa Ağcabədi rayonundakı Boyat kəndindən köçüb getmişdir. Mərhum alim Ş.Cəmşidovun yerli sakinlərdən topladığı rəvayətin tam mətnində oxuyuruq: “Ata-babalarımızdan eşitdiyimizə görə Süleyman kişi bizim Boyat kəndindən imiş…Süleyman kişinin burada Kərpicli təpədə evi varmış. O vaxt burada Hindistandan gəlmiş bir hindli mühəndis Boyat kəndinin yanından keçən və Qarqar çayının bir qolu olan Qarasudan bir arx ayıraraq Boyatın cənub-şərqindəki düzə su çıxarmışdı. Camaat o arxın qabağında əkin əkib bağ salmışdır. Sonra arxın üstündə bir kənd əmələ gəlir ki, onu həmin hindli mühəndisin adı ilə “Hindarx” adlandırırlar. O hindli mühəndis Süleyman kişinin qızı ilə evlənir. Az keçmir ki, ölkədə qarışıqlıq qopur. Süleyman kişi ilə qonşuları arasında böyük vuruşma olur. Ortaya qanlılıq düşür. Buna görə də Süleyman kişi öz yeznəsi hindli mühəndisin bələdçiliyi ilə köçüb ölkədən çıxmış və Kərbəlaya getmişdir. Biz tərəflərdən, Qarabağdan – Ağdamdan Kərbəlayə vaxtilə köçüb gedən çox adamlar olmuşdur. Nikolay vaxtı Kərbəlaya ziyarətə gedən adamlar oradakı yerliləri – qohumları ilə görüşüb, qonaq qalarmışlar… Babalarımızın dediyinə görə, sonralar Süleyman kişi və oğlu Məhəmməd Boyata öz qohumlarını görmək üçün gələrmişlər. Onların qohumları Boyat kəndi ilə bitişik olan Beyləqanlı – Aşıqvəlilər tirəsindənmiş. Süleyman kişinin yurd yeri adlanan “Kərpicli təpə” də buradadır”. (Əlavə edək ki, Boyat kəndinə bitişik Aşıqvəlilər kəndi və Süleymanlı təpəsi indi də qalmaqdadır.)
Bunlar rəvayət olsa da, necə deyərlər, od olmasa, tüstü çıxmaz. Filologiya elmlər doktoru S.Paşayevin dediyi kimi, hər bir rəvayət real həyat həqiqətlərinin təhkiyə formasında bədii ifadəsidir. Rəvayətlər tarixi şəxsiyyətlərlə bağlı olduğu üçün öz reallığını qoruyur. Böyük S.Vurğun da əfsanə və rəvayətlərdə “həqiqət şəfəqləri görürdü”.
Hər iki rəvayətdə birmənalı olaraq Füzulinin atasının adının Süleyman olduğuna və Azərbaycandan köçdüyünə işarə edir. Sözügedən faktlar Füzulinin həyatını uşaqlığından başlayaraq qələmə alan bütün müəlliflərdə təhrif edilmədən verilmişdir. Atasının adı barədə şair özü də “Mətləül-etiqad” əsərində xəbər vermişdir. Belə ki, həmin əsərin müqəddiməsi “Süleyman oğlu Füzuli ləqəbli Məhəmməd” sətirləri ilə başlayır. Beləliklə, dahi Füzulinin atasının adının Süleyman olmasına və ailəsinin Azərbaycandan köç etməsinə şübhə yeri yoxdur. Böyük şairin əsərlərində yeri gəldikcə özünü “qərib” adlandırıb, ömrü boyu vətən həsrəti, doğma yurd nisgilindən şikayətlənməsi də bu ehtimalı gücləndirir.
Amma Süleyman kişinin konkret olaraq ölkənin hansı bölgəsindən (Ağcabədidəki Bayat kəndindən, yoxsa Ərəşdəki (Şamaxıdakı) Bayat kəndindən) köçüb getməsi hələ də tam dəqiq müəyyənləşdirilməmişdir. Bizcə, bunu dərd eləməyə də dəyməz. Ya o Bayatdan, ya da bu Bayatdan, nə fərq edər ki. Sonda hər iki yaşayış məntəqəsi Azərbaycan deyilmi?!
Rəvayətlərdə, o cümlədən tədqiqatçıların qeydlərində yekdilliklə Süleyman kişinin İraqa köç etdiyi göstərilir. Prof. Ş.Cəmşidov “M.Füzulinin ata yurdu haqqında rəvayət” başlıqlı məqaləsində şairin atasının Azərbaycandan İraqa köçməsinin səbəbinə aydınlıq da gətirir. Dolayısı ilə o, ümuminin “Füzulinin atası Süleyman kişi Azərbaycandakı feodal çəkişmələri səbəbindən ailəsi ilə birlikdə İraqa köçmək məcuriyyətində qalmışdır” fikrini təsdiq edir.
Bizcə, Süleyman kişinin başqa yerə yox, məhz İraqa (Kərbəlaya) getməsi təsadüf sayılmamalıdır. Əvvələn, ikinci rəvayətdə də deyildiyi kimi “Biz tərəflərdən, Qarabağdan – Ağdamdan Kərbəlaya vaxtilə köçüb gedən çox adamlar olmuşdur” və “Nikolay vaxtı Kərbəlaya ziyarətə gedən adamlar oradakı yerliləri – qohumları ilə görüşüb, qonaq qalarmışlar” cümlələri bu bölgənin adamları (o cümlədən digər azərbaycanlılar) üçün Kərbəlanın yad yer olmadığını, ora müntəzəm gediş-gəliş olduğunu göstərir. Həm də XI əsrdə İraqın səlcuqlar, daha sonralar isə monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Onların arasında bayat əşirətindən olanlar da az deyildi. Tədqiqatçı və şair, “Kərkük” qəzetinin baş redaktoru Ş.Kuzəçi yazır ki, “Bayat əşirətinin İraqa etdiyi köç dalğalarının Monqol istilası və Səlcuqlu dönəmlərində gerçəkləşdiyi fərqli qaynaqlarda yer almaqdadır”. Bu durum sonralar da davam etmişdir. Xalq yazıcısı, AYB-nin sədri Anar “Əsrim, əslim, nəslim” kitabının “Məmmədxanlılar” fəslində yazır ki, “Bayat boyu–Dədə Qorqudun, Füzulinin boyudur. Bayat adlı kəndlər Qarabağda, Quzey və Güney Azərbaycanın başqa yerlərində də var. Ümumiyyətlə, bayatlar Cənubi Qafqazdan Doğu Anadoluya, İraqa qədər böyük bir sahədə məskunlaşıblar”.
Şah İsmayılın 1508-ci ildə Bağdada daxil olması ilə burada artıq azərbaycanlıların nüfuzu xeyli artmışdı. Xətainin məşhur beytindən də bunu görmək mümkündür: “Getdikcə tükənir ərəbin kuhi-məskəni, Bağdad içrə hər neçə kim türkman qonar”.
Şairin mənsub olduğu ailə XV əsrin axırlarında Azərbaycandan İraqa köçmüş minlərlə ailələrdən biri olub. Beləliklə, yuxarıda göstərilənıləri nəzərə alaraq, zənn edirik ki, Süleyman kişi İraqa – öz həmyerlilərinin və öz boyundan, əşirətindən olanların yanına getməyi daha münasib bilmişdir. Və bu, təbii haldır.
1959-cu ildə İraq səfərindən sonra “İraq sözü nədənsə həmişə “fəraq” sözünü mənim yadıma salır” cümləsiylə başlayan “Uzaq ellərin yaxın töhfələri” adlı essesində Xalq şairi R.Rza yazmışdı: “Mən inandım ki, Füzulinin yaşayıb yaratdığı yerlərdə onun azəricə əsərlərini oxuyan, onun poeziyasına qiymət və qüvvət verən minlər, yüz minlər varmış, Fizuli dili dilindən, dərdi dərdindən, sevinci, arzusu, həsrəti onunla bir olan doğma xalqın əhatəsində yaşamışdır. O xalqın ki, neçə əsrlər boyu Kərkük, Ərbil, Mosul dolaylarında yaşayır, dili, adət və ənənələri ilə hakim ərəb xalqına heç bir bənzəyişi yoxdur, deyilənə görə, sayı yarım milyona yaxın olan bir xalqdır”.
Deməli, İraqda Azərbaycan türklərinin məskunlaşması və "Azərbaycan-türk mühitinin" mövcud olması M.Füzulinin Azərbaycan dilində Şərq poetikası ənənələrinə uyğun janr nümunələri qələmə almasına və doğma ana dilində yazıb-yaratmasına da şərait yaratmışdır. Çünki özünün də dediyi kimi, “türkcə şeir onun əslinin səliqəsinə uyğun” idi.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
TEREF













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.