Qacar dövlətinin fars İran dövlətinə çevrilməsində fars bürokratiyasının sabotajının böyük rolu olub.
8-04-2025, 08:04

Ağa Məhəmməd Şah Qacarın dağılmış Səfəvi və Afşar dövlətini toparlamasından sonra yeni yaranmış Qacar dövlətində Türk-Qızılbaş elitası yenə sarayda və orduda söz sahibi idi. Saray Türk coğrafiyasına (Azərbaycana, Qafqaza, Xorasana) daha yaxın olsun deyə paytaxt şimala doğru - Tehran adlı balaca qəsəbəyə daşındı və Türk elitasının hakim olduğu şəhər formalaşdı.
Sayca da Türklər indiki İrandakı sayları ilə müqayisədə daha çox idilər.
Həm paytaxt Tehranda, həm də əyalət mərkəzlərində siyasi və hərbi hakimiyyəti əldə saxlayan Türklərin yanında müşavir, məsləhətçi, əyan qismində (saray əyanı deyək) fars bürokratiyası yer alırdı.
1804-1828-ci illər arası davam etmiş Qacar-Rusiya savaşlarının əsas mərkəzi Qafqaz - Quzey Azərbaycan idi. Azərbaycan Qacar dövlətinin digər inzibati subyektlərindən bir baş yuxarı idi və Azərbaycan Valisi vəzifəsini adətən Qacar vəliəhdi, yəni gələcək Şah həyata keçirirdi. Həmin vaxt Azərbaycan valisi olan Şahzadə Abbas Mirzə Qacar Rusiyay qarşı 25 il davam edən müharibəni Azərbaycanın məhdud insan, maliyyə ə digər resursları hesabına aparırdı. Abbas Mirzə dəfələrlə paytaxt Tehrana - atası Fətəli Şaha yardım üçün müraciət etmişdi. Lakin hər dəfə onun müraciəti ya rədd edilir, ya da məhdud həcmdə yardım göndərilirdi. Bunun səbəbi isə o idi ki, sarayda Fətəli Şahı əhatə edən fars bürökratiyası onunla oğlu arasında proksi (baryer) yaradaraq Şahı Azərbaycana yardım etmək fikrindən daşındırırdı.
Bəs fars bürokratiyası niyə Rusiyaya qarşı savaşda Abbas Mirzəyə yardım etmək istəmirdi?
Məqsəd Türk siyasi və hərbi elitasının ölkə daxilində mövqeyini zəiflətmək, Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi sayəsində Qacar imperiyası daxilində Türklərin sayının Farslara nisbətdə azalmasına nail olmaq idi.
Bu hədəfə çatdılar.
Savaş nəticəsində Azərbaycanın şimalını Rusiya işğal etdi. Nəticədə Türk əhaliyə malik böyük bir region itirilmiş oldu və bu Türklərin dövlət daxilində sayında ciddi azalmaya səbəb oldu. Digər tərəfdən isə savaşdakı məğlubiyyət Türk hərbi və siyasi aristokratiyasının nüfuzuna ciddi zərbə vurdu, fars propagandası güclənməyə başladı və fars bürokratiyası üçün ölkədə hakimiyyəti ələ keçirməyin yollarını açdı.
Təxminən 100 il davam edən proses nəticəsində Qacarların nüfuzuna getdikcə daha çox zərbə vuruldu, və 1925-ci ildə Pəhləvi sülaləsi hakimiyyətə gəldi. Pəhləvi hakimiyyəti dövründəki assimilyasiya siyasəti nəticəsində isə ölkə daxilində Türklərin də ciddi bir qismi kimliyini itirərək farslaşdı.
Huseyn Həsənli
TEREF