“Şərq dahisi” olmaq xülyasına düşən Nəriman Nərimanov

8-04-2025, 08:08           
“Şərq dahisi” olmaq xülyasına düşən Nəriman Nərimanov
Azərbaycan ictimai fikrində birmənalı qəbul edilməyən bir çox şəxsiyyətlər olmuşdur. Belə şəxsiyyətlərdən biri də XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb yaratmış Nəriman Nərimanovdur. Bugünkü Azərbaycan ictimai-siyasi fikrində Nəriman Nərimanova ikili münasibət olduğunu nəzərə alaraq biz də bu tarixi şəxsiyyətə öz münasibətimizi bildirməyə, onun Azərbaycan ictimai-siyasi tarixindəki rolunu açıqlamağa çalışacağıq.
Hər şeydən öncə onu qeyd etməyi gərəkli sayırıq ki, hər hansı bir şəxsiyyətə qiymət verərkən onun yaşadığı dövrü, tarixi şəraiti, aldığı təhsili mütləq nəzərə almaq lazımdır. Əks təqdirdə yanlış mülahizələr irəli sürməklə həm tarixi təhrif etmiş olarıq, həm də tarixi şəxsiyyətlərə özlərinin layiq olduqları qiyməti verə bilmərik.
Nəriman Nərimanovun yaşadığı dövr dünya tarixinin ən təlatümlü dövrü olduğu kimi Azərbaycan tarixinin də ən mürəkkəb dövr- lərindən biri olmuşdu. Bu dövrdə tarixdə misli görünməyən dünya müharibəsi olmuş, üç böyük İmperatorluq çökmüş, əvəzində yeni İmperatorluqlar yaranmış, Yer kürəsinin yeni siyasi xəritəsi çəkilmişdi. Şərqlə Qərb arasında bir ticarət mərkəzi olan Azər-baycan artıq 80 illik bir ikiyə bölünmə ilə XX yüzilə qədəm bas- mışdı. Çar Rusiyasının Yaponiya qarşısında məğlubiyyəti onun əzəmət və qüdrətini sarsıtmış, imperiya daxilində inqilab baş ver- miş (1905-ci il inqilabı), çar qanuni bir idarə vəd edən bir “Mani -fest” imzalamağa məcbur olmuşdu. Bu “Manifest” Rusiya əsarə -tində inləyən bütün millətlərin həyatında olduğu kimi, Rusiya məhkumu Türklərin, o cümlədən də Quzey Azərbaycan Türklərinin də həyatında mühüm bir dövrün başlanğıcı olmuş, gündəlik qəzet və digər dövrü nəşrlər təsis edilmiş, bir çox maarif cəmiyyətləri, siyasi qrup və partiyalar yaradılmışdı.
Azərbaycanlı Əlimərdan bəy Topçubaşov, Kırımlı İsmayıl bəy Qaspıralı və Qazanlı Yusuf Akçuraoğlunun iştirakı və rəhbərliyi ilə yaranan “Rusiya Müsəlmanları İttifaqı Partiyası”nın Bakı, Qazan və Kırımda şöbələri yaradılmışdı. Buna müqabil olaraq daha radikal mövqe tutan Bakıda “Difai”, Qazanda “Hürriyyət” firqələri, həmçinin Rusiya Sosialist firqələri nəzdində Bakıda “Hümmət”, Qazanda “Tançı” təşkilatları yaradılmış, Kırımda inqilabçı gəncliyi təmsil edən “Vətən xadimi”, Bakıda “Təkamül”, Qazanda isə “Tan” qəzetləri inqilabçı-radikal gəncliyin ruporuna çevrilmişdi. İlk əvvəllər bü qüvvələrin hamısı çarizmin devrilməsinə çalışsalar da çarizm devrildikdən sonra Rusiyanın idarə şəklinin necə təşkil olunması haqqında bu qüvvələr arasında fikir ayrılıqları yaranmışdı. Rusiya bolşevik partiyası ilə həmfikir olan bolşevik “Hümmət”lə Rusiya Sosial-demokrat menşevik partiyasının tərəfdarı olan menşevik “Hümmət” çilər “Vahid Rusi ya”, milli müqəddəratda fəal rol oynayan “Müsavat”çılar isə öncə “Federativ Rusiya”, sonra Rusiyadan ayrı “Federativ Zaqafqaziya”, daha sonra isə “Müstəqil Azərbaycan” ideyasını irəli sürmüş, bir müddət Rusiyadan ayrı “Federativ Zaqafqaziya”, sonda isə “Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti” yaratmağa nail ol-muşdular.
1906-cı illərə qədər “Konstitusiyalı monarxiya”, sonra “Demokratik Respublika”, 1917-ci il fevral inqilabından sonra “Sovet hakimiyyəti” formasında “Proletariat diktaturası” tərəfdarı olan Nəriman Nərimanov məhz yuxarıda adı çəkilən bolşevik “Hümmət”çilərin başçısı olmuşdur. 1917-ci il oktyabr çevrilişindən sonra Nərimanov bütün dünyanın yalnız sinfi mübarizə yolu ilə azadlığa çıxacağına inanmış və bu yolda çalışmışdır. Ümumiyyətlə, Nəriman Nərimanovun həyat və fəaliyyətini 4 dövrə bölmək olar: 1) Uşaqlıq və gənclik dövrü; 2) Maarifçilik dövrü; 3) İnqilabi-siyasi fəaliyyət dövrü; 4) Formal hakimiyyət dövrü.
Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 1870-ci ildə Tiflisdə anadan olmuşdur. İlk təhsilini 1879-1885-ci illərdə Tiflis ruhani məktəbində, 1886-cı ildə Qori Müəllimlər Seminariyasının hazırlıq kursunda, 1887-1890-cı illərdə Qori Müəllimlər Semina- riyasında alan Nəriman Nərimanov bir müddət müəllimlik etmiş, jurnalistliklə məşğul olmuşdur.
1894-cü ildə “Nadanlıq”, 1895-ci ildə “Şamdan bəy”, 1899-cu ildə “Nadir Şah”, 1908-ci ildə “Bahadır və Sona” kimi ədəbi əsərlər yazmış, Azərbaycan Türkcəsi və rus dillərini öyrənənlər üçün dərsliklər tərtib etmiş, N.V. Qoqolun “Müfəttiş” komediyasını Azərbaycan Türkcəsinə tərcümə etmiş, Bakıda ilk xalq qiraətxana-kitabxanası təşkil etmişdi ki, bu dövrü Nəriman Nərimanovun maarifçilik dövrü adlandırmaq olar. Nəriman Nərimanov bu dövrdə bədii əsərləri ilə yanaşı dövrün bir sıra qəzet və jurnallarında gerilik, cəhalət və fanatizmi kəskin tənqid etmiş, xalqın maariflənməsində əlindən gələni əsirgəməmişdir. Kaş bu işini sona qədər davam etdirə, xalqın qəlbində bir milli ziyalı kimi əbədi yaşayardı (A.M.)
Nəriman Nərimanovun həyat və fəaliyyətinin üçüncü dövrü onun siyasi-inqilabi fəaliyyət dövrüdür (1905-1920). 1905-ci ildə sosial-demokrat “Hümmət” təşkilatına üzv olan Nərimanov Rusiya sosial-demokrat fəhlə partiyasının (RSDFP) proqramını Türk dilinə tərcümə etmiş, öz dövrünün bir sıra qəzet və jurnallarında üsyankar inqilabi məqalələrlə çıxış edərək çar istibdadını kəskin tənqid etmiş, xalqın azadlığı yolunda ardıcıl mübarizə aparmışdır.

Nərimanov 1908-ci ildə Odessadakı Novorosiysk İmperator Universitetinin tibb fakultəsini bitirib həkim diplomu almış, Bakıya gələrək şəhər xəstəxanasında işləməyə başlamış (Kaş bu işini davam etdirib xalqın sağlamlığı keşiyində duraydı-A.M.), siyasi fəaliyyətlə məşğul olduğu üçün 1909-cu ilin sentyabrında Həştərxana sürgün edilmişdi. 1913-cü ilə qədər Həştərxanda qalan Nərimanov yenidən Bakıya qayıdaraq fəhlələr arasında təbliğat aparmış, 1917-ci ildə bolşevik “Hümmət” təşkilatının sədri, Bakı şəhəri üzrə RSDFP-nın üzvü, “Hümmət” qəzetinin redaktoru, 1918-ci ilin yazında Bakı Sovetində Şəhər təsərrüfatı üzrə xalq komissarı olmuş, ağır xəstəliklə əlaqədar olaraq 1918-ci ilin iyun ayında Həştərxan şəhərinə müalicəyə getmiş, sağaldıqdan sonra Həştərxanda bir sıra partiya orqanlarında çalışmış, 1919-cu ildə Moskvaya çağırılaraq Xalq Komissarlığının Xarici İşlər bölmə-sində Yaxın Şərq məsələləri üzrə Xalq Komissiyasının müavini vəzifəsinə təyin edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Bakı XI Qırmızı ordu tərəfindən işğal edildikdən sonra qiyabi olaraq Azərbaycan İnqilab Komitəsinin sədri təyin edilərək Bakıya göndərilən Nəriman Nərimanov 16 may 1920-ci ildə Bakıya gələrək gözləmədiyi bir durumla qarşılaşmalı olmuşdu. Əslində bu təyinat Nəriman Nərimanovun siyasi intiharının başlanğıcı olmuş, onun öncə qazandığı xalq sevgisini tarixə gömmüş oldu.
Mərkəz tərəfindən Nəriman Nərimanov Azərbaycan höku- mət başçısı təyin olunsa da Azərbaycan iqtisadiyyatına hakim, “hökumət içində hökumət” olan və doğrudan-doğruya birbaşa Rusiyaya tabe olan “Neftkom”un başında rus məmuru Serebrovski, Azərneft rəisinin müavini rus Barinov, Bakı fəhlə şurasının rəisi rus Kırılov, katibi rus Palaşkov, Azərbaycan elektrik stansiyasının müdiri rus Sizov, İctimai təsərrüfat müdiri rus Paroşin, Ərzaq vergisi müvəkkili Bukreyev, Bakı qəzası hərbi komissarı Anefski, Xüsusi Qafqaz ordusu komandanı rus Yeqorov, Hərbi rəhbər Sıçkov, Səfərbərlik şöbə müdiri Seyçikov, Ümumi dəniz müdiri rus Larionov, Daxili komissar müavini rus Siveridov, İnzibati dairə müdiri rus Biryukov, Oktyabr komissiyası rəisi rus Çaykin, Sığorta şöbəsi rəisi İtkin, Oktyabr tamaşalar komissiyası rəisi Edilson, Azərbaycan Xalq Maarifinin şöbə müdiri rus Barçov, Siyasi Maarif müdiri müavini Tartakov, Şəhər Səhiyyə müdiri Eyştat və s. idi ki, belə bir vəziyyətdə Nəriman Nərima- nov təkbaşına heç nə edə bilməzdi və zatən edə də bilmədi. Artıq Nəriman Nərimanov hələ Azərbaycana gəlməmiş “Türkiyəyə kömək” pərdəsi altında Azərbaycana daxil olan XI Qırmzı ordu qüvvələri 1 mayda Bakını,bir ay müddətində də bütün Quzey Azərbaycanı istilaya məruz qoymuş, ölkəni yağmalamış, ölkədəki Türk komandanlarını ruslarla əvəz etmiş, nə qədər Osmanlı Türk zabiti varsa hamısını ya həbs etmiş, ya da ölkədən çıxarmış, milli ziyalıları, şəhər və qəsəbələrdə olan mötəbər adamların kökünü birdəfəlik kəsmək üçün sorğusuz-sualsız qurşuna düzmüş, hər tərəfdə fəaliyyətə başlayan ÇK-lar gecə-gündüz qanlı işlərini davam etdirmişdilər. Bütün bunların başında Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı XI Qırmızı ordunun siyasi şöbəsinin rəisi V.A. Pankratov dururdu. Pankratovun əmrinin fövqündə bir əmr yox idi. ÇK məmurunun özbaşınalığı o dərəcəyə çatmışdı ki, Azərbaycan komissarlarının rəisi olan Nəriman Nərimanovun özünü belə həbsə almışdı.
İlk əvvəllər Azərbaycanın zahirən Komissarlar Heyəti və İcra Komitəsi tərəfindən idarə olunması göstərilsə də əslində ölkə Mərkəzin daha çox dəstəklədiyi şəxslər tərəfindən idarə olun-muşdu. Azərbaycanın xarici, iqtisadi, hərbi sahələri, dəmir yolu, neft müəssisələri tamamilə Rusiyanın ixtiyarına keçmişdi. Azərbaycanın təkcə iqtisadi, siyasi və hərbi sahələri deyil, xalq maarifi, səhiyyə və inzibati dairələri də başqa millətlərdən olanlar tərəfindən idarə olunmuşdu. Azərbaycanda Türk milli mədəniyyəti əleyhinə görülən təşəb-büslər o qədər geniş vüsət almışdı ki, Nəriman Nərimanov hökumət başçısı olmasına baxmayaraq bütün bunlara qarşı məqalə yazaraq qəzetlərdə çap etdirmək məcburiyyətində qalmışdı.O,Bakıda rusca nəşr edilən “Bakinski raboçi” və türkcə nəşr edilən “Kommunist” qəzetlərində nəşr etdirdiyi bir məqalədə göstərmişdi ki: “Azərbaycan fəhlə və kəndlisi bəzi səbəblərdən siyasi haqqından, bütün mülkiyyətindən, iqtisadi faydasından keçə bilər. Fəqət öz dilindən kimsəyə fədakarlıq yapmaz” (İqtibas M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” əsərindən götürülmüşdür-A.M. Bax: M.Ə.Rəsulzadə, göstərilən əsəri, Bakı 1990, səh.85).
Bakının birbaşa Rusiyaya ilhaqı bəzi siyasi mülahizələrlə mümkün olmadığını görən istilaçı bolşevik Rusiyası Bakını rus- laşdırmağa başlamış və bu məqsədlə İstanbulda mühacir olan ağ qvar-diyaçı ruslardan 10 min Bakıya köçürülmüş, rus istila ordu -suna seçki hüququ verilmiş, əsas hissəsi ruslardan ibarət hər yüz əsgərə və fəhləyə bir, əsas hissəsi Azərbaycan Türklərindən ibarət olan hər min kəndliyə də bir nümayəndə seçmək şərtilə Bakı So -vetini ruslaşdırmaq və beləliklə də Bakı Soveti Azərbaycan daxi- lində bir muxtariyyət statusu qazanmış, Bakı Sovetinin büdcəsi birbaşa Moskvada təsdiq olunmağa başlanmış, bununla da Bakı Azərbaycan hökumətinin nəzarətindən təcrid edilmişdi.
Bolşeviklər Azərbaycanı istila etdikləri ilk vaxtlarda Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunda böyük xidmətləri olmuş general Mehmandarov və Şıxlınskini həbs etmiş, 6 generalı, 6 pol- kovniki, 3 kapitanı, 7 leytenantı, xeyli miqdarda Azərbaycan Türklərindən ibarət idarə məmurlarını, valiləri, bələdiyyə sədrlərini, polis müdirlərini güllələmiş, Xalq Cümhuriyyətinin mötəbər şəxslərini ölkədən didərgin salmış, milli lider M.Ə. Rəsulzadəni həbs etmişdilər.
Tarixi faktlar göstərir ki, bolşevik Rusiyası ilk öncə vətənimiz Türkiyənin Şərq vilayətlərini, Azərbaycanın Naxçıvan, Zəngəzur, Qarabağ və hətta Gəncə kimi mühüm və əhəmiyyətli bölgələrinin ermənilərə verilməsinə söz vermişdi. Bu sözünə əməl etmək üçün bolşevik Rusiyası 1 oktyabr 1920-ci ildə Azərbaycan Sovet Respublikasını dırnaq arası “öz arzusu” ilə Qarabağ, Zəngəzur və Naxçıvanı Ermənistana verməyə məcbur etmiş və Azərbaycan Sovet hökuməti 1 dekabr 1920-ci ildə bunu rəsmən elan etmişsə də Atatürkün diplomatik müdaxiləsi və Türk ordusunun generalı Qarabəkir Paşanın səyi nəticəsində Türkiyənin Şərq vilayətləri olan Bəyazid, Qars, Ərzurum, Ərdahan və həmçinin Azərbaycanın Naxçıvan bölgəsi ermənilərdən azad edilmişdi. Lakin bolşevik Rusiyasının və XI Qırmızı ordunun təzyiqi ilə Azərbaycan Zəngəzuru, Gəncə və Qazağın dağlıq qisimlərini ermənilərin lehinə itirmiş, üstəlik ermənilər Azərbaycanın tam göbəyində “Muxtar Dağlıq Qarabağ Vilayəti”nə malik olmuşdular. Bütün bunlar azmış kimi Azərbaycan Xalq Cümhuriy-yəti ilə Gürcüstan milli hökuməti arasında mövcud olan anlaşmaya görə arbitraja həvalə olunacaq Borçalı ərazisi tərəddüdsüz olaraq bolşevik Rusiyası tərəfindən Gürcüstana verilimiş, Azərbaycanın tərkibində olan və rəsmən təsdiq edilən Zaqatala qəzası üçün arbitraja müraciət edilməsi qəbul edilmişdi.
Nəriman Nərimanovun Azərbaycanda olduğu müddətdə bütün istəklərinin tam yerinə yetirilməyəcəyini anlayan Stalin, Orconokidze, Kirov, Mikoyan, Moskvadan Bakıya göndərilən partiya və təsərrüfat rəhbərləri, xüsusən Bakıdakı erməni rəhbər işçiləri onu Azərbaycandan uzaqlaşdırmaq məqsədilə “Lenin və partiya qarşısındakı xidmətləri nəzərə alınaraq” 1922-ci ildə Moskvaya dəvət olunmasına və onu Mərkəzi İcra Komitəsinin sədrlərindən biri təyin olunmasına nail olmuşdular.
Azərbaycan Xalq Komissarları Sovetinin sədri, Zaqafqaziya İttifaq Sovetinin sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsi sədrlərindən biri kimi yüksək vəzifələrdə çalışan, Kommunizmin “parlaq liderləri”nə ürəkdən inanan Nərimanov zaman keçdikcə səhv etdiyini anlamış, son yazılarında göstərmişdi ki: “Həqiqətən indiki anda Azərbaycanda məhz Azərbaycanı təmsil edən partiya varmı? Mən təsdiq edirəm: bu partiya yoxdur və o vaxta qədər olmayacaq ki, mirzoyanlar özlərinin Azərbaycanı simasızlaşdırmaq kimi murdar siyasətlərindən əl çəkməyiblər... Bakı təşkilatına rəhbərlik edən ermənilər və rus şovinistləri cinayətkar siyasət yürüdürlər... Dağlıq Qarabağ Mirzoyanın güclü təzyiqi nəticə -sində Muxtar Vilayət elan edildi. Mənim vaxtımda buna nail ola bilmirdilər... Azərbaycanda daşnaq siyasəti var gücü ilə işləyir. Mən zərrə qədər də şübhə etmirəm ki, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Serqo Orconokidze və Stalinin simasında bizə-Türklərə inanmır və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırırlar” (Seçmələr bizimdir-A.M. Bax: Azərbaycan EA-nın “Xəbərləri” (tarix, fəlsəfə, hüquq,), Bakı 1989, № 4, səh.75, 76).
Bütün bu çıxış və məqalələrə biganə qalmayan daşnaq Mikoyan Nərimanovu millətçilikdə günahlandırmış, bu işi Bakıda Orconokidze və Kirovun himayəsi altında olan Bakı partiya təşki- latının rəhbərləri Mirzoyan və Sarkis davam etdirmişdilər.
Ömrünün son illərində mərkəzin Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinə qarşı açıq şəkildə çıxdığı üçün Stalin, Kirov, Orconokidze, Mikoyan və digər daşnaqlar tərəfindən 1925-ci ildə Moskvada müəmmalı şəkildə öldürülən və adının çəkilməsi 1950-ci illərin ortalarına qədər yasaq edilən Nəriman Nərimanov Kremlin divarında dəfn edilmişdir. “Şərq dahisi” olmaq xülyasına düşən Nəriman Nərimanovu biz birmənalı olaraq böyük oyunların uğursuz qurbanı hesab edirik.
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.