RAMAZAN AYI ƏMİNAMANLIQ, SÜLH VƏ BARIŞ AYIDIRMI? - İSLAM TARİXİNƏ AİD YANLIŞ BİLGİLƏR – 6
9-04-2025, 15:54

Orta statistik müsəlmanın düşüncəsi:
“Ramazan ayı müqəddəs aydır. Bu ayda dava-münaqişə, savaşlar olmur, Yer kürəsi əminamanlıqda olur.”
“Ramazan ayı haram aydır. Həmin ayda qan tökmək olmaz.”
“Ramazan ayında şeytan zəncirlənir ki, insanlar savab işlər görsün və fitnə-fəsad törənməsin.”
Əslərdən bəri müsəlman ümmətinə təlqin olunub ki, ilahi rəhmət ayı olan Ramazan ayı insanlara yalnız əminamanlıq bəxş edir. Həmçinin, bu ay haram ay olduğu üçün qan tökmək, münaqişə yaratmaq, zülm etmək olmaz. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu təsəvvürlər və təlqinlər yanlışdır. İlk onu qeyd edək ki, İslamın ana kitabı Qurani-Kərimin Tövbə surəsi, 36-cı ayəsinə əsasən, İslamda haram ayların sayı dörddür və Quran təfsirlərində (İbn Kəsir, Əl-Qurtubi, eləcə də, Təfsir əl-Cəlaləyn, Təfsir ət-Təbəri, Fəxrəddin Razi) həmin dörd ay Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm ayları kimi qeyd olunur. Göründüyü kimi, bu dörd ayın sırasında Ramazan ayının adı keçmir. Ramazan ayını diqqət mərkəzinə gətirən isə yalnız bir dəfə - miladi tarixlə 610-cu ildə həmin ayda baş vermiş Qədr gecəsidir. Həmin gecə Quranın nazil olması və insanlığa bəxş edilməsi Ramazan ayının da müsəlmanlar tərəfindən rəhmət və əminamanlıq ayı kimi tanınmasına zəmin yaradıb.
Ramazan ayı boyunca yer üzündə əminamanlığın bərqərar olmasına, qan tökülüb-tökülməməsinə gəlincə, bu düşüncə əsasən Qurani-Kərimin Qədr surəsi, 4-cü ayəsində mələklərin və Ruhun Qədr gecəsində hər bir işdən ötrü yerə enməsi fikrinin yanlış interpretasiyası ilə əlaqədardır. Eyni zamanda, miladi 630-cu ildə Məkkənin müsəlmanlar tərəfindən fəthi hadisəsi Ramazan ayına təsadüf etmişdir ki, bu da sonrakı dövr müsəlmanlarında Ramazan ayının mahiyyət etibarilə qələbə, barış, sülh ayı olması barədə təsəvvürlərə yol açmışdır.
İslam dünyasının tarixində və eləcə də dünya tarixində Ramazan ayı boyunca bir çox fitnə-fəsad, savaş və müharibə, sui-qəsd və qan tökülməsi ilə əlaqədar hadisələr baş verib. Onlardan bir neçəsini xatırlatmaq kifayət edir ki, ənənəvi məzhəblərin təlqin etdiyi yanlış təsəvvürlərə aydınlıq gəlsin:
İslam tarixində:
- Miladi tarixlə 624-cü ilin mart-aprel ayında (hicri 2-ci il, Ramazan ayının 17-də) Bədr döyüşü baş verib. Bu döyüş Məkkə müşriklərinin məğlubiyyəti və müsəlmanların qələbəsi ilə nəticələnsə də, nəticə etibarilə qan töküldüyü məlumdur.
- Dördüncü xəlifə və müsəlmanların imamı Əli bin Əbu Talib miladi 661-ci il yanvar ayının 26-da (hicri 40-cı il Ramazan ayının 19-da) sübh tezdən Kufə şəhərində xəvariclərin hücumuna və xain sui-qəsdə məruz qalaraq başından ağır yaralanmış, iki gün sonra isə Ramazan ayının 21-də şəhadət məqamına yetişmişdir.
- Miladi 837-ci il avqustun 23-24-də (hicri 222-ci ilin Ramazan ayının 17-18-də) müsəlman Hürrəmilərin güney Azərbaycandakı Bəzz şəhəri ərəb ordusunun ardı-arası kəsilməyən hücumlarından sonra süqut etmişdir. Həmin gün Bəzz qala-şəhərinin qapıları önündə və şəhərin küçələrində mənbələrin məlumatlarına görə 70 mindən artıq insan öldürülmüşdür.
- Miladi 1236-cı ilin mayında (hicri 633-cü ilin Ramazan ayında) İspaniyada müsəlmanların idarə etdiyi Kordova əmirliyi Kastiliya kralı III Ferdinandın hücumu nəticəsində süqut etmişdir. Döyüş zamanı çoxlu sayda müsəlman öldürülmüşdür.
- Miladi 1258-ci ilin sentyabrında (hicri 656-cı ilin Ramazan ayında) Hülakü xan Bağdadı mühasirəyə almış, baş verən qanlı döyüşün sonunda Bağdad ələ keçirilmiş və Abbasi xilafəti məhv olmuşdur. Bağdad şəhərinin talan edilməsi, saray əyanlarının öldürülməsi ilə müşayiət olunan bu hadisə İslam tarixi üzrə mənbələrdə böyük bir fəlakət kimi xatırlanır.
- Miladi 1517-ci il aprelin 15-də (hicri 922-ci il Ramazan ayının 22-də) Osmanlı sultanı I Səlim işğal etdiyi Məmlük dövlətinin sonuncu hökmdarı Tomanbayı hər kəsin gözü önündə edam etdirmişdir. Bu hadisə ilə Misir Məmlük dövləti süqut etmiş və Osmanlı imperiyasının tərkibinə keçmişdir.
- Miladi 1947-ci ildə Hindistanın bölünməsi zamanı müsəlman və indus icmaları arasında baş verən qırğınlardan bəziləri Ramazan ayında baş vermişdir.
- Miladi 1973-cü il oktyabrın 6-da Misir və Suriya orduları İsrail üzərinə hücuma keçmişdir. Yom Kippur və ya Ramazan müharibəsi kimi tanınan bu qanlı döyüşlər Ramazan ayına (hicri 1393-cü il Ramazan ayının 9-u) təsadüf edirdi. Həmçinin müxtəlif illərdə İsrail və Fələstin arasında Qəzza bölgəsi uğrunda qarşıdurmalar və qanlı insidentlər Ramazan ayında baş verib.
- 2002-ci ildə də Hindistanın qərbində müsəlmanların çoxluqda yaşadığı Qucarat ştatında da Ramazan ayında müsəlman icmasına qarşı kütləvi zorakılıqlar qeydə alınmışdı.
- 2025-ci ilin martında Suriyanın Laziqiyyə əyalətində Suriya yeni hökümətini təmsil edən qüvvələrlə onlara müxalif mövqedə olan silahlı müsəlman nüsayrilər arasında şiddətli münaqişə alovlanmışdır, çoxlu qan tökülməsi ilə müşayiət olunan bu hadisədə üsyançılara qarşı sərt cəza tədbirləri ilə yanaşı, mülki əhalidən ələvi müsəlmanların da qətliamı həyata keçirilmişdir. Bu günə qədər rəsmi məlumatlara görə toqquşmalarda 1000-dən artıq adam həlak olmuşdur.
Qeyd olunanlardan bu nəticəyə gəlmək mümkündür ki, tarix boyu Ramazan ayı ərzində həm uğurlu fəaliyyət və olaylar, həm də fəlakətli nəticələrə səbəb olan hadisələr baş verib. Bu ayın müstəsna olaraq əminamanlıq, sülh və barış ayı kimi qəbul edilməsi yanlış düşüncədir və ənənəvi İslam məzhəblərinin din xadimləri tərəfindən düzgün dəyərləndirilmir. Ramazan ayı əslində daha çox zülmə qarşı mübarizə ayıdır və bu ayda Yer kürəsi, İslam dünyası heç də fitnə və təfriqələrdən, münaqişə və sui-qəsdlərdən sığortalanmayıb. Sadəcə olaraq müsəlmanlara bütün il ərzində olmalı olduğu kimi, ilahi kitab nazil olmuş bu ayda da nəfslərinə qarşı cihad etmək, haqq yeməmək, zülm etməmək və haqq yolunda mübarizə aparmaq tövsiyə olunur. Əməlisaleh, təqvalı və Allahın buyurduqlarına daim əməl etməyə çalışan hər bir müsəlman üçün Ramazan xüsusi status daşımamalıdır və ilin bütün ayları boyunca eyni dərəcədə saleh əməllər etmək lazımdır. Buraya ibadət də, nəfsini qorumaq (oruc) da, digər məsələlər də daxildir. Müsəlman özünü VII əsrin yanaşma və təfəkküründə saxlamamalı, hər dövrə uyğun, pafos və emosionallıqdan uzaq, rasional düşüncədən çıxış edərək öz yolunu müəyyən etməlidir.
Ceyhun Bayramli
TEREF