Aşıq Sayat Nova, Türk Sayat Nova...
8-04-2025, 07:34

Vəslinə eylədi ərk, Sayat Nova,
Məcnuna, Fərhada görk, Sayat Nova,
Aşıq Sayat Nova, Türk Sayat Nova...
Qafqaz Albaniyası... və ya Arran yaxud da Ağvan...
Arran - tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlətdir.
Makedoniyalı İskəndərdən sonra meydana çıxmış, əsrlərlə xristian dövləti kimi mövcud olmuş və ərəb istilası ilə bitmişdir.
Tiflis, Alban-Arran dövlətinin ipək yolu üzərində duran baş şəhərlərindən biridir.
Arran dövləti tarixdə Türk xristianlığının rəmzlərindən sayılır.
Bu tarix rus işğal siyasətinin iç üzünü açdığı üçün araşdırılmamış və ya az araşdırılmışdır.
Rəhmətlik Fəxrəddin Miralayevin `Albaniya-Türk Xristianlığı` adlı araşdırması vardı. 90-cı illərdə ondan Aztv üçün müsahibə almışdım.
Əlbəttə, rus istilası bu tarixin öyrənilməsinə yol verməzdi. Və hələ də yol vermir. Çünkü istilanın hədəfi türklərin Qafqazdakı tarixini unutdurmaq, torpaqlarına yadelli köçlər salmaq, Qafqazda türk- müsəlman nüfuzun sayını azaltmaq, ən azı dini balans yaratmaq idi.
Rus işğalının məqsədi biri-birinə din düşmənçiliyi edən, barışmaz icmalar qurmaq, parçalayıb hökm sürmək idi.
1800- cü ilə kimi - rusun Tiflisə çökməsinə qədər Tiflisdə və bütün Qafqazda heç bir milli qırğın olmamışdı. Tiflis hər kəsin -Kürün Şərq sahili türkün, Şimal sahili sonradan bu şəhəri paytaxt elan etmiş gürcünün və digər xalqların şəhəri idi.
Qafqaz işğalının anatomiyasını hazırlayanlar xristian gürcülərin əli ilə dini qırğınlar törətməyin çətin olduğunu, xristian əhali sayının yetərli olmadığını anladıqda hayları İrandan və Anadoludan İrəvan, Tiflis, Gəncə, Naxçıvan kimi Qafqazın mühüm şəhərlərinə köçürdülər.
İkinci mərhələ - xristian türkləri erməniləşdirdiər və kilsəyə bağladılar. Müxtəlif dövlət imtiyazları ilə erməni dilini öyrənməyə sövq etdilər.
Beləliklə, rus işğalçılığı Qafqazın tarixini, demoqrafiyasını, coğrafiyasını, məişətini, ictimai həyatını öz maraqları üzərində inşa etdi. Və bu maraqlar üzərində tarix elmi yaratdı.
Özünü türk sayan Sayat Nova (1712-1795) yazır,
Biri deyər, Sayat Nova haradan,
Birisi hay deyər, biri Həmədan.
Vətənim Tiflisdir, səmti Gürcüstan,
Anam Hallavarlı, atam Hələbli.
Hallavar Qərbi Azərbaycanın qədim türk kəndidir. Hələb isə... Bəlli.. tarixi də, əhalisi də ərəblərin olduğu qədər türklərindir. Türkmənlərindir.
Sayat Novanın irsi iki dəftərdə toplanmış 209 şeirdən ibarətdir. Şairin öz əli ilə yazdığı dəftərdə şeirlərinin 114-ü türkcədir. 60-ı hay dilində 34-ü gürcücədir.
Sayat Nova qıpçaq, iber və fars dillərində də şeirlər yazmışdır.
Və Sayat Nova özünə
AŞIQ SAYAT NOVA, TÜRK SAYAT NOVA deyir.
Rus işğal siyasəti ilə erməniləşdirilən, türk düşmənçiliyi üçün faciəvi sonluq uydurulan TÜRK SAYAT NOVA-nın məzarı Tiflisin türk-müsəlman səmtində - Erməni Həvari kilsəsinin divarında yerləşir. Aşığın məzarı gerçəkdən elə bu yerdədirmi, bəlli deyil.
Türk Sayat Nova yazır,
Nazlı dilbər açılıbdır gül kimi,
Zülfü güldür, qaşı güldür, gözü gül.
Bir gülü xar sevər, bir gülü bülbül,
Xətti güldür, xalı güldür, üzü gül.
İstərəm ki, gözəl bir bəri baxsın,
Eşği qəmzəsini sinəmə taxsın.
Qoy Sayat Novanı yar eşği yaxsın,
Nazı güldür, atəşi gül, közü gül.
Beləcə... Azərbaycan tarix elminin , tarix təhsilinin və tarix maarifçiliyinin işi çoxdur...
İşğal zəncirlərini daha hızla qırıb atmalı, Rusiya ilə bağlanmış bütün tarixi araşdırma müqavilələrindən imtina etməli, nəhayət özgür olmalıdır.
Təhrif olunmuş tarix, dəyişdirilmiş kimliklər, əl qoyulmuş coğrafiya, demoqrafiya... olduğu kimi öyrənilməli və vətəndaşa öyrədilməlidir.
Beləcə, TÜRK SAYAT NOVANı - dünyaya gəlmiş getmiş o söz ustasını öz kimlik təqdimatı ilə anmaq istədik...
(Materialın hazırlanmasında Paşa Əsədovun və Mirzə Məmmədoğlunun araşdırmalarından istifadə edilmişdir)
Mehriban Vezir
TEREF