Ayətullah Məhəmmədkazım Şəriətmədari - Xomeyninin aldatdıəğı mücdəhit
8-04-2025, 08:14

XX əsin ən böyük şiə din alimlərindən biri olan Seyid Məhəmmədkazım Şəriətmədari 1905-ci ildə Təbrizdə anadan olub. Öz doğma şəhərində, daha sonra isə Qum və Nəcəfdə dini təhsil alıb. Gənc yaşlarında ayətullah, daha sonra böyük ayətullah və müctəhid olub.
İkinci dünya müharibəsindən sonrakı illərdə İranın ən böyük müctəhidi Seyid Hüseyn Borucerdi sayılırdı. O, Məhəmməd Rza şahla “atəşkəs” rejimində yaşayrdı. Ayətullah siyasətə qarışmır, hətta şahın İsraillə isti münasibətlərini qınamırdı. Şah da atasının din əleyhinə sərt siyasətindən imtina etmiş, ayətullaha hörmətlə yanaşır, məhərrəm ayında əyləncələri qadağan edirdi.
Borucerdi tez-tez siyasi narazılıqlarını dilə gətirməyə çalışan şagirdi Ruhulla Xomeyniyə də siyasətə qarışmağa qadağa qoymuşdu və müəllimi həyatda olduğu müddətdə Xomeyni bu qadağaya əməl edirdi. Böyük müctəhid 1961-ci ildə vəfat etdi və bundan sonra Şəriətmədari İran şiələrinin ən nüfuzlu dini avtoritetlərindən biri oldu. Ümumən isə şiə aləmində hələ ki, ən böyük müctəhid iraqlı Seyid Möhsün Təbətəbai Hakim sayılırdı.
1963-ci ildə İranın sonrakı tarixində önəmli rol oynayacaq hadisə baş verdi. Şah “Ağ inqilab” adını alacaq islahatlar və dəyişikliklər proqramını elan etdi. Bu addım mühafizəkar kəsimin ciddi narazılığına səbəb oldu. Ruhanilər tənqidi çıxışlar səsləndirdilər. Ruhulla Xomeyni iyunun 3-də Aşura günü Qumda etdiyi çıxışında şahı Yezidlə müqayisə edir.
Buna cavab olaraq iyunun 5-ə keçən gecə Xomeyni, Tələqani və bir sıra başqa ruhanilər həbs edildi. Tərəfdarları ertəsi gün “15 xordad üsyanı” (xordad İranda tətbiq olunan hicri-şəmsi təqvimində aydır, 22 may - 21 iyun günlərini əhatə edir) adını alacaq küçə etirazları ilə cavab verdilər. Hökumət Tehran və Şirazda hərbi vəziyyət elan etdi, açılan atəş nəticəsində hökumət mənbələrinə görə 86, əleyhdarlarına görə isə 400-ə qədər insan həlak oldu.
İranda 1906-cı ildə qəbul olunan konstitusiyaya görə, müctəhid şah məhkəməsi qarşısında immunitetə malik idi. Xomeyni və Tələqani isə sıravi ayətullah idilər (Xomeyni Şəriətmədaridən yaşca böyük olduğu halda hələ də müctəhid olmaması ikincinin dini nüfuzunun daha böyük olmasını göstərir) və buna görə həbsdə qaldılar. Bu zaman Xomeyninin vəziyyəti daha ağır idi, çünki şahın ünvanına işlətdiyi təhqiramiz ifadələrə görə onu edam cəzası gözləyə bilərdi.
Xomeynini ölümdən qurtarmağa çalışan Şəriətmədari yardım üçün daha iki böyük ayətullaha – Məhəmmədrza Gülpeyqaniyə və Məhəmmədhadi Milaniyə (sonuncu Şəriətmədari kimi azərbaycanlı idi) müraciət edir. Üç böyük ayətullahın avqustun 5-də verdiyi fitva ilə Xomeyni mərceyi-təqlid kimi tanındı və nəticədə həbsdən buraxıldı, amma tənqidi çıxışlarını davam etdirdiyi üçün bir il sonra ölkədən sürgün edildi.
Növbəti 14 il ərzində İranda narazılıq və müqavimət dayanmasa da, xeyli səngidi. 1970-ci ildə Təbətəbai Hakimin ölümündən sonra Şəriətmədari şiə aləminin ən nüfuzlu dini avtoritetinə çevrildi. Ona təqlid edənlər arasında iranlılardan əlavə İraq, Hindistan, Pakistan, Livan və başqa ölkələrdə yaşayan şiələr var idi.
Borucerdi kimi Şərətmədari də qatı mühafizəkar deyildi və müəyyən mütərəqqi görüşlərə malik idi. Hərçənd, o, ustadı qədər siyasi məsələlərə susqun deyildi. Məsələn, 1962-ci ilin oktyabrında hökumət yerli seçkilər haqqında yeni qanun qəbul edəndə Şəriətmədari “İran şahının “Ağ inqilab”ı adlı məqaləmdə göstərdiyim səbəblərdən buna etiraz etmişdi.
Şəriətmədari hesab edirdi ki, İslam nazil olduğu dövrdən keçən 13 əsrin dəyişikliklərini, elmi-texniki tərəqqini nəzərə almalı və ona uyğunlaşmalıdır. Siyasi görüşlərinə görə isə konstitusiyalı monarxiya tərəfdarı idi. Bu illərdə o, İslam tədqiqatları mərkəzinə və İslam təbliğatı mərkəzinə rəhbərlik edir. Şəriətmədarinin Livan şiələrinin mütərəqqi lideri Musa Sədr ilə də isti münasibətləri vardı.
***
1978-ci il yanvarın 7-də “Ettelaat” qəzetində “İran və qırmızı-qara müstəmləçilik” adlı məqalə dərc olundu. Saxta müəllif imzası ilə gedən məqalədə Xomeyninin gəncliyində eyş-işrət dolu həyat keçirməsi, imperialistlər və kommunistlərlə işbirliyində olması kimi fikirlər yer alırdı.
Məqalə böyük narazılığa səbəb oldu. Ölkənin dini mərkəzi olan Qumda mədrəsə tələbələri yanvarın 8-9-da aksiyalar keçirdilər. Etirazların ikinci günü tələbələr bir sıra obyektlərə hücum etdilər. Polisin açdığı atəş nəticəsində rəsmi məlumatlara görə 2, müxalifətə görə isə 70 nəfər öldürüldü, 500-dən çox adam yaralandı.
Bu hadisədən sonra etirazlar kəsildi və güman etmək olardı ki, hər şey bununla bitdi. Amma Qumda həlak olanların 40 mərasimi qeyd olunan gün Şəriətmədarinin çağırışı ilə Təbriz əhalisi aksiya keçirdi. Ayətullahın dinc etiraz tövsiyəsinə baxmayaraq, burada da polis məntəqələrinə, hakim Rəstaxiz Partiyasının ofisinə, otellərə, bank binalarına, kinoteatrlara və barlara od vuruldu. Məhz Təbrizdə ilk dəfə "Şaha ölüm" şüarının səsləndirildiyi iddia olunur. Ordunun açdığı atəş nəticəsində hakimiyyətə görə 6, müxalifətə görə yüzdən çox adam öldürüldü.
Beləliklə, “Ərbəin (qırxıncı gün) etirazları” adına alacaq taktikanın əsası məhz Şəriətmədarinin təşəbbüsü ilə Təbrizdə qoyuldu. Martın 29-da İran müxalifəti Təbriz qurbanlarının 40 mərasimini qeyd etdi. Bununla əlaqədar ölkənin irili-xırdalı 55 şəhərində etiraz aksiyaları keçirildi. Bu dəfə Yəzd şəhərində qan axıdıldı. Mayın 9-da artıq Yəzd qurbanlarının 40-cı anım günü ilə əlaqədar keçirilən aksiyalar Tehranda, Qumda və bəzi digər yerlərdə yenə iğtişaşa çevrildi. Yenə öldürülənlər oldu.
Qumda baş verən hadisələrin daha bir yaddaqalan çaları var idi. İki etirazçı Şəriətmədarinin evində sığınacaq tapmaq istərkən təhlükəsizlik əməkdaşları tərəfindən təqib edilərək həyətdə vuruldu. Halbuki İran ənənələrinə görə , müctəhidlərin evi toxunulmaz sayılırdı. Bu səbəbdən də hadisə böyük rezonans doğurdu. Adətən mülayim mövqe tutan Şəriətmədari ilk dəfə kəskin bəyanat verərək hökuməti qınadı. Hakimiyyət isə ayətullahdan üzr istədi.
***
Bu dövrdə inqilabçı düşərgədə əsas rol oynayan üç ruhani vardı: Xomeyni, Şəriətmədari və Tələqani. Sonuncu sıravi ayətullah idi, böyük ayətullah və müctəhid deyildi, amma təkcə dindarlar deyil, digər qruplarda, eləcə də solçu mücahidin-e xalq təşkilatının üzvləri arasında böyük nüfuza malik idi.
Onların arasında Şəriətmədari daha mötədil görüşləri ilə fərqlənirdi. “Azərbaycan və Şəriətmədari tərəfdarlarının hərəkatı” kitabının müəllifi Maşallah Rəzmi bunu “Şəriətmədari imam Həsənin yolunu gedirdi, sülh və asayişlə, Xomeyni isə imam Hüseynin yolunu gedirdi, cənglə, qanla” şəklində şərh edir.
İnqilabi hərəkat 1978-ci ilin yayında müəyyən səngimədən sonra avqustun sonlarında yenidən vüsət aldı. Sentyabrın 8-də Tehranın Jalə meydanında nümayişin ordu tərəfindən gülləbaran edilməsi və 88 nəfərin öldürülməsi ilə nəticələnən “qara cümə”dən sonra hadisələr dönməz şəkil aldı.
1906-cı il konstitusiyası parlamentin və hökumətin qəbul etdikləri qərar və qanunların şəriətə uyğun olub-olmamasını yoxlamaq üçün ruhanilərdən ibarət dini nəzarət Şurasının yaradılmasını nəzərdə tuturdu. Bir müddət fəaliyyət göstərən bu Şura Pəhləvi sülaləsinin banisi Rza şah tərəfindən 1930-cu illərdə ləğv edilmişdi.
İndi, 1978-ci ilin payızında müəyyən güzəştlərlə etirazları yatırtmaq istəyən şah beş ruhanidən ibarət Şuranın bərpasına razılıq verdi və quruma rəhbərliyi məhz Şəriətmədariyə təklif etdi. O, bununla müxalif ruhanilər arasında parçalanma yaratmağa ümid edirdi, ancaq Şəriətmədari təklifi qəbul etmədi.
Dekabrın 2-də məhərrəm ayının daxil olması ilə etiraz nümayişləri daha da gücləndi. Aşura günü Tehranda keçirilən dinc yürüşdə 2 milyon insanın iştirak etdiyi təxmin olunur. Vəziyyəti xilas etmək üçün son çarələrə əl atan şah liberal Milli Cəbhənin liderlərindən Şapur Bəxtiyarı 1979-cu il yanvarın 4-də baş nazir təyin etdi, özü isə ayın 16-da ölkədən çıxdı.
Yaranan vəziyyət Şəriətmədarinin siyasi görüşlərinə uyğun idi. O, konstitusiyalı monarxiya tərəfdarı olsa da, sonda demokratik respublikanın da əleyhinə deyildi. Amma fevralın 1-də ölkəyə qayıdan Xomeyni, əlbəttə, bu fikirdə deyildi. Şəriətmədari fevralın 4-də Tehrana məktub göndərərək Xomeynini vətəninə qyaıması münasibətilə təbrik etdi. Qarşıda isə bu iki müctəhidi qarşıdurma gözləyirdi.
***
İnqilabın qələbəsindən sonrakı elə ilk günlərdə Şəriətmədari ilə Xomeyni arasında müəyyən fikir ayrılıqları üzə çıxdı. 1979-cu ilin fevralında Xomeyni tərəfdarları İslam Respublikası Partiyasını (Ḥezb-e Jomhuri-e Eslami) partiyasını yaratdılar. Martda isə Şəriətmədari tərəfdarları Müsəlman Xalq Respublikası Partiyasını (Ḥezb-e Jomhuri-e Kalq-e Mosalman-e və ya sadəcə “Xəlq-e müsəlman”) təsis etdilər.
İranın yeni quruluşunun İslam Respublikası adlandırılması üçün martın 30-31-də keçirilən referendumda Şəriətmədari də tərəfdarlarını “hə” deməyə çağırdı. Amma yeni hakimiyyətin öz əleyhdarları ilə sərt davranışları, işgəncələr, qısa sürən məhkəmələrdən sonra çıxarılan çoxsaylı edam hökmləri Şəriətmədarinin daha çox narazılığına səbəb olur.

Bu dövrdə Xomeyni İran İslam Respublikasının siyasi liderinə çevrilir. Şəriətmədarini siyasi görüşlərinə görə isə ruhanilər mahiyyətcə mənəviyyatsız olan siyasətlə bilavasitə məşğul olmamalı, kollektiv bir qurumda birləşərək siyasətçilərə tövsiyələr verməli, qanunların və hökumətin fəaliyyətinin şəriətə uyğunluğuna nəzarət etməli idilər. Ayətullah söz, mətbuat, toplaşma azadlığına tərəfdar çıxırdı.
Siyasi görüşlərdən əlavə, proseslərə yəqin ki, şəxsi münasibətlər də təsir edirdi. Şəriətmədari üçün Xomeyni ən yaxşı halda özünə bərabər fiqur idi. Hətta tamamilə mümkündür ki, o, 63 yaşında, həm də sadəcə edamdan qurtarmaq üçün mərceyi-təqlid kimi tanıdıqları Xomeynini dini avtoritet kimi yüksək qiymətləndirmirdi. Xomeyni isə, təbii ki, hakimiyyəti heç kəslə bölüşmək fikrində deyildi.
Digər tərəfdən, Şəriətmədarinin mənəvi lideri olduğu (rəsmən üzv deyildi) “Xəlq-e müsəlman” partiyası üzvlərinin çoxu etnik azərbaycanlılar idilər. Onlar azərbaycanlıların milli hüquqlarını dilə gətirir, İran hakimiyyətinin desentralizasiyasını, yerlərə daha çox hakimiyyət verilməsini, 1950-ci ildə Qərbi və Şərqi olmaqla iki vilayətə bölünən İran Azərbaycanının yenidən vahid vilayətdə birləşməsini tələb edirdilər.
Müctəhidin bu fikirləri nə qədər haqlı saydığını söyləmək çətindir. Amma tərəfdarlarını itirməmək üçün bölüşməyə və dilə gətirməyə məcbur idi. Buna görə də çıxışlarında, xarici mətbuata müsahibələrində İranın federallaşması, xalqların muxtariyyəti ideyasını səsləndirir. Bu da Xomeyninin xoşuna gələ bilməzdi.
Noyabrın 4-də radikal əhvallı tələbələr Tehrandakı ABŞ səfirliyinə hücum edərək tutdular və əməkdaşları girov götürdülər. Hadisə İran siyasi qüvvələri arasında parçalanma yaratdı. Baş nazir Mehdi Bazərgan və bütün hökumət istefaya getdi. Şəriətmədari də baş verənləri pislədi.
***
İki müctəhid arasında münasibətləri tamamilə korlayan məsələ yeni konstitusiya, daha konkret desək, sənəddə nəzərdə tutulan “vilayəti fəqih” anlayışı oldu. Əslində bu müddəaya görə, bütün suverenlik bir nəfərə – fəqihə məxsus idi. Şəriətmədari isə hesab edirdi ki, suverenlik İran xalqına aid olmalıdır. Müctəhid bu postun İslama uyğun olmadığını da iddia edirdi.
1979-cu ilin payızında, konstitusiyanın qəbulu üçün referendumun keçirilməsinə az qaldıqca Şəriətmədari ilə rejim arasında münasibətlər korlanır. Müctəhid və tərəfdarları artıq əksinqilabçı (zidd-e enqelab) kimi təqdim olunur, rəsmi mətbuatda əleyhinə sərt yazılar gedir. Bu zaman saxtakarlıqdan istifadə olunurdu.
Həmin dövrdə SSRİ-nin Tehrandakı səfiri olan Vladimir Vinoqradov “Bizim Yaxın Şərq” adlı kitabında yazır: “Şəriətmədarinin guya sovet səfirinə yazdığı məktubun “surəti” yayılır. Yəni mənə. “Məktub”dan belə görünür ki, sovet qoşunları İran Azərbaycanına girməlidirlər. 50 minlik qoşun! Şəriətmədari sərhədin nə vaxt və harada keçiləcəyini dəqiqləşdirilmək istəyir”.
İranın dini mərkəzi sayılan və müctəhidlərin çoxunun, o cümlədən Şəriətmədari və Xomeyninin yaşadığı Qum şəhərində dini təhsil alan tələbələr də iki yerə bölünmüşdülər. Burada iki müctəhidin tərəfdarları arasında getdikcə şiddətlənən toqquşmalar baş verir. Rejim Şəriətmədari tərəfdarı olan din xadimlərini hədə-qorxu, şirnikləndirmə yolu ilə özünə tərəf çəkməyə çalışır və əksər hallarda buna nail olur.
Dekabrın 2 və 3-ə təyin olunan referenduma az qaldıqca gərginlik daha da artır. Şəriətmədari tərəfdarlarını referendumu boykot etməyə çağırır. Milli Cəbhə, Mücahidin-e Xəlq, İran xalqının fədainləri, Peykər, eləcə də İran Kürdüstanını təmsil edən siyasi partiyalar da boykota tərəf çıxırlar.
Dekabrın 1-də Aşura günü çıxış edən Xomeyni isə səs verməyənlərin amerikalılara kömək edəcəklərini və inqilab şəhidlərinin ruhunu incidəklərini söylədi. Maraqlıdır ki, İslam Respublikası Partiyasından başqa referendumda “hə” deməyə səsləyən digər partiya kommunist Tudə partiyası idi. Halbuki bütün digər solçu partiyalar boykot tərəfdarı idilər.
Keçmiş baş nazir, Fransanın Beşinci respublikasının konstitusiyası tipində sənəd qəbul olunmasının tərəfdarı Mehdi Bazərganın rəhbərlik etdiyi, bir çox məsələlərdə tənqidçi mövqe tutan İran Azadlıq Hərəkatı da “hə”deməyə çağırır, çünki bunun alternativinin xaos və anarxiya olacağını söyləyir.
Rəsmi nəticələrə görə referendumda 15,75 milyon seçici iştirak etdi (mart referendumunda 20,28 milyon idi) və onların 99,5 faizi konstitusiyaya “hə” dedi. Şəriətmədari referendumun keçirilmə qaydalarını pisləyərək nəticələri qəbul etmədi (referendum günü radio Şəriətmədarinin guya konstitusiyaya “hə” deməyə səsləyən fətvasını yaymışdı).
İslam inqilab məhkəməsinin hakimi, yüzlərlə insanı tərəddüdsüz ölümə göndərən Sadeq Xalxali (o da azərbaycanlı idi) Şəriətmədari və “Xəlq-e müsəlman” əleyhinə məqalə yazdı, partiyanı tağutlara, əksinqilabçılara, SAVAK agentlərinə qucaq açmaqda ittiham etdi.
Dekabrın 5-də İran Azərbaycanının müxtəlif yerlərindən onminlərlə adam Təbrizə gələrək böyük bir mitinq keçirdilər. İştirakçılar konstitusiyada ali rəhbərin səlahiyyətlərindən bəhs edən 110-cu maddəni nəzərdə tutaraq “Əsl-i 110 ziddi bəşərdi, İslah olmasa əgər, batildi, hədərdi” şüarını səsləndirirlər. Həmin gün axşam müctəhidin Qumdakı evinə basqın oldu, mühafizəçilərindən biri öldürüldü. Güman olunur ki, bu hücum ertəsi günə təyin olunan növbəti aksiyanın ləğvi barədə tələb rədd edildikdən sonra baş verdi.
Dekabrın 6-da nümayiş təkcə etiraz aksiyası olmadı. Əhali dövlət binalarını ələ keçirməyə başladılar. Teleradio qülləsininidə ələ keçirən təbrizlilər öz tələblərini səsləndirməyə başladılar. Bu tələblər sübut edirdi ki, konstitusiya məsələsi yalnız katalizatordur, etirazların kökündə azərbaycanlıların milli haqları uğrunda mübarizə durur. Təsadüfi deyil ki, çox tezliklə “Öz cümhurumuz olsun bərqərar, rəhbərimiz, mərceyimiz Şəriətmədar” şüarı səslənməyə başladı.

Artıq üsyana çevrilən hərəkat Azərbaycanın başqa şəhərlərinə də yayıdl. “Xəlq-e müsəlman” Ərdəbil, Urmiya üzərində nəzarəti ələ keçirdi. Hətta Təbrizdə məskunlaşan hərbi hissələr əhalinin tərəfinə keçdilər. Bununla belə, şəhər tam nəzarətdə deyildi. Maşallah Rəzmi deyir ki, Təbrizin müxtəlif ərazilərinə nəzarət edən 36 komitədən 28-i Şəriətmədari tərəfdarı idi. Yalnız 1 komitə sırf Xomeyni tərəfdarlarından ibarət idi.
Dekabrın 6-da Xomeyni Qumda Şəriətmədarinin evinə getdi. Rəsmi mətbuat bunu barışıq səfəri kimi təqdim etdi. Əslində isə Xomeyni teleradio qülləsini və digər hökumət binalarının boşaldılmasını istədi, əks halda Təbrizin bombardmana məruz qalacağını bildirdi.
Referendumun boykotu məsələsində Şəriətmədari ilə həmfikir olan solçu “Mücahidin-e xəlq” təşkilatı Təbriz üsyanında hökumətin tərəfini tuturdu. Maşallah Rəzmi bunu onunla izah edir ki, mücahidlər Şəriətmədari zərərsizləşəndən sonra milyonlarla tərəfdarının onların tərəfinə keçəcəklərini düşünürdülər, amma “hesabları qələt çıxdı”. Təbriz universitetinin binası mücahidlərin nəzarətində idi və rejim bundan istifadə edərək oraya helikopterlərlə “İnqilab keşikçiləri” qüvvələrini çıxarmağa başladı.
Mart ayında İran Kürdüstanında baş verən üsyanın yatırılması zamanı minlərlə insanın həlak olmasını xatırlayan və eyni şeylərin Təbrizdə də yaşanmasını istəməyən Şəriətmədari dekabrın 9-da hökumət binalarını boşaltmağa çağırdı. Tərəfdarları bunu onunla Xomeyni arasındakı konsensusun nəticəsi kimi qarşıladılar və əməl etdilər. Ümumiyyətlə, üsyanın ciddi problemlərindən biri Şəriətmədarinin Qumda yaşaması və tərəfdarlarının yanına gələ bilməməsi idi.
Çox tezliklə isə məlum oldu ki, heç bir barışıqdan söhbət gedə bilməz. Hökumət qüvvələri “Xəlq-e müsəlman”ın ofislərinə və tərəfdarlarına hücum etdilət, həbslər apardılar. Belə olduqda azərbaycanlılar yenidən hərəkətə keçdilər. Dekabrın 13-də şəhərdə 700 minlik nümayiş baş verdi. Teleradio qülləsi yenidən tutuldu.

Hakimiyyət Təbriz üsyanını yatırmaq üçün digər azərbaycanlılardan, məsələn, ayətullah Əbdülkərim Musəvi Ərdəbilidən yaralanmağa çalışır, amma faydası olmur. Mehdi Bazərganın Təbrizə gəlməsi də nəticə vermir. “Xəlq-e müsəlman” və hökumət qüvvələri arasında atışma yanvarın əvvəllərinə qədər davam edir. Sonda hakimiyyət qüvvələri qalib gəldilər. “Xəlq-e müsəlman” qadağan olundu, partiyanın 10 rəhbəri edam edildi.
***
Təbriz üsyanının yatırılmasından sonra Şəriətmədari siyasi çıxışlarını, şərhlərini dayandırdı. Ondan müsahibə götürmək istəyən jurnalistlər əliboş qayıdırdılar. Buna baxmayaraq, klerikal hakimiyyət nüfuzlu din xadimini təhlükə kimi görməkdə davam edir və zərərsizləşdirməyə çalışırdı.
1982-ci ilin aprelində İran hüquq-mühafizə orqanları ali rəhbərin öldürülməsi planlaşdırılan qəsdin üstünü açdığını elan etdi. Qəsdin başında uzun illər Xomeyniyə yaxın olan keçmiş xarici işlər naziri Sadeq Qotbzadənin durduğu iddia olunurdu. Bu hadisədən həm də Şəriətmədariyə qarşı istifadə etmək qərara alındı. İşgəncələrdən sonra televiziyaya çıxarılan Qotbzadə sui-qəsddən xəbəri olanlar arasında Şəriətmədarinin də adını çəkdi. Həbs olunanlar arasında ayətullahın kürəkəni Əhməd Abbasi də vardı.
Şəriətmədari saxlanıldı və təhqiramiz rəftara məruz qaldı. Hərbi inqilab məhkəməsinin sədri Məhəmməd Reyşəhri öz xatirələrində 77 yaşlı müctəhidi şillələdiyini etiraf edir. Ayətullah həm bu təhqiramiz rəftar, həm də həbs olunan kürəkənini edamdan xilas etmək üçün televiziyaya çıxaraq sui-qəsddə iştirakını etiraf etdi və iyirmi il əvvəl ölümdən qurtardığı Xomeynidən üzr istədi.
Əvəzində Şəriətmədari həbs olunmadı, amma hakimiyyət o vaxta qədər görünməmiş bir addım ataraq onun böyük ayətullah, müctəhid, mərceyi təqlid kimi titullarını əlindən aldı. O, ev dustaqlığına məhkum edildi. Quma gələrək onu müdafiə etməyə hazır olduqlarını bildirən azərbaycanlılara evlərinə qayıtmalarını söylədi.
Seyid Məhəmmədkazım Şəriətmədari 1986-cı il aprelin 3-də Tehran xəstəxanasında vəfat etdi. Tərəfdarlarının fikrincə, hakimiyyət ürək çatışmazlığından əziyyət çəkən ayətullaha tibbi yardım göstərilməsini xeyli gecikdirmiş, yalnız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsinə icazə vermişdi.

Şəriətmədari son günlərində
Hakimiyyət ruhanilərə cənazə namazında və dəfnində iştirak etməyə qadağa qoydu. Ayətullahın bir zamanlar yaxşı münasibətlərdə olduğu Livan şiələrinin lideri, Liviyada Qəddafi ilə görüşəndən sonra yoxa çıxan (ehtimal ki, öldürülən) Musa Sədrin qardaşı Rza Sədr qadağaya baxmayaraq dəfndə iştirak etmək istərkən həbs edildi və dəfndən sonra buraxıldı. Böyük din aliminə qarşı belə münasibət o zaman Xomeyninin varisi sayılan, sonra isə dissidentə çevrilən ayətullah Hüseynəli Möntəzirinin də etirazına səbəb oldu.
yadigar_sadiqli
TEREF